Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

Sağlam gənclik dedikdə… [Video]


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli və gənc fəal Bəxtiyar Hacıyev Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun «sağlam gənclik» haqda dediyi fikirləri müzakirə edirlər

-


Asif Əsgərli:

«Burda bütün təbəqələrdən olan gənclərin Azərbaycan dövlətini müdafiə etməsindən söhbət gedir. Dövlətin adını beynəlxalq aləmdə tanıtmaq, dövlətin nüfuzunu yüksəltmək üçün gənclik dövlətin müsbət tərəflərini çatdırmağı məqsədəuyğun hesab etməlidir. Cənab Əli Həsənovun fikrincə, hər hansı məsələdə çatışmazlıq varsa, bunu dövlətin adı ilə yox, birbaşa həmin sahəyə məsul olan şəxslərin adını çəkməklə demək olar. Amma dövlətlə bağlı olan məsələlərdə gənclik, təbii ki, yekdil fikir nümayiş etdirməlidir. Öz dövlətinin imicini qorumalıdır. Xüsusilə beynəlxalq aləmdə rəqabətə davamlı olmalıdır, anti-Azərbaycan mövqeyinə qarşı öz fikirlərini çatdırmalıdır. Bu məqsədlə Əli Həsənov bir qrup gəncə xitabən bu fikirləri səsləndirdi. Bundan da bir çox gənclər təşkilatları, dövlətçiliyi müdafiə edən təşkilatlar bunları özləri üçün fəaliyyət sahəsi kimi qəbul etdilər...».

Bəxtiyar Hacıyev:

«Əli Həsənovun yerinə olsaydım, gənclərlə bağlı seçdiyim ifadələrdə çox həssas olardım. Gənclər bütün ölkələrdə diqqətlə seçilməmiş ifadələrə kəskin reaksiya verə bilərlər. Sözün əsl mənasında radikallaşa bilərlər. «Kimisə tərbiyələndirmək» ifadəsi düzgün seçilmiş ifadə deyil. Dövlətçilik və sağlam gənclik deyəndə, nə nəzərdə tutulur – bu, əhəmiyyətlidir. Heç kimə sirr deyil ki, universitetlərdə, orta məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində, doktoranturada, təhsilin və elmin bütün səviyyələrində rüşvət faktları kifayət qədər geniş yayılıb. Azərbaycanın adı Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatlarında ən aşağı sıralarda göstərilirsə və hansısa bir gənc buna etiraz edirsə, dövlətçiliyə qarşı çıxan odurmu, yoxsa Azərbaycan dolmasını xaricdə təbliğ etməyən? Yəni bunlardan hansı əhəmiyyətlidir və hansı dövlətçiliklə bağlı məsələdir – bu, müzakirə olunmalıdır. Azərbaycan gəncinin elə bir xüsusi kateqoriyası var ki, onları inandırıblar ki, ölkənin problemlərindən xaricdə və daxildə danışmamalıyıq. Onların üstünü örtməliyik ki, xaricdən gələn insanlar görsünlər ki, bizim heç bir problemimiz yoxdur. Amma dövlətçiliyi düşünən insan düşünməlidir ki, neft gəlirləri azalandan sonra Azərbaycan iqtisadiyyatı necə olacaq. İldən-ilə təhsil balları aşağı düşən ölkədə 10-15 il sonra Azərbaycan gəncliyinin təhsili necə olacaq? Azərbaycan dövlətinin gələcəyini düşünənlər kimlərdir - problemlər haqqında danışandır, yoxsa rəhbərlikdən verilən tapşırıqları yerinə yetirən, sonra da gedib beynəlxalq tədbirlərdə istirahət edən, gəzən, Azərbaycan dolmasını təbliğ edənlər?..».

Şərhləri göstər

XS
SM
MD
LG