Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:00

«Həyatın dibi»ndən gələn səslər


Foto: Arxiv
Foto: Arxiv
-
«Ocaq qalayıb, istisinə qızınırıq. Səkkiz nəfərə cəmi bir divanımız var. Növbə ilə yatırıq» - deyir Sergey İvanov.

Bakıda gedən yenidənqurma işləri çoxlarını yaşayıb-öyrəşdiyi yerlərindən etdi. Bəzilərinə də yurd-yuva tapdırdı – uçuq-sökük, xarabalıq yerlər olsa da, onlara hələlik qalacaqları sığınacaq qazandırdı. Hər yeni tikinti öncəsi belə yerlərin olması təbii qarşılanır, deyəsən: Evlər sökülüb, daş qalaqlarının altında evsiz-eşiksizlər gecələyir. Onlar 9 nəfərdirlər...

«Xarabalıqda qalıram. İndi oranı da sökürlər. Məcburam, neyləyim? Mən yalan danışmıram, açıq deyirəm. Sənədlərim də var, ancaq heç bir yerdə işə götürmürlər» - deyir Sergey.

O, 7 il kilsədə sürücü işləyib. Nə az-nə çox, düz 4 il 40 tonluq ağır yük maşını sürüb. İndi hara üz tutur – «get, sabah gəl» - deyirlər. İşsizlik ucbatından ailə münasibətləri də pozulan Sergey indi 8-9 nəfərlə birgə küçə həyatı yaşayır:

«İş üçün hara müraciət edirəm, «get, sabah gəl» - deyirlər. Bu sabahlar gəlməyincə, küçədə yaşamaqdan başqa çarəm qalmayıb».

YA DƏLİXANAYA, YA DA POLİS BÖLMƏSİNƏ

Tək evsiz Sergey deyil. Səbinənin də ev-eşiyi yoxdur. Evsiz qalmaqdan çox, küçədə də rahat buraxılmadığından gileylənir. Bir beynəlxalq tədbir olunca, onları polis maşınına yığaraq ya dəlixanaya, ya da polis bölməsinə aparırlar:

««Eurovision» müsabiqəsi keçirilən vaxt da bizi şəhərdən uzaqlaşdırdılar. Nəyi gizlədirdilər xaricilərdən? Bizdən utanırlar».

Sergey öz vəziyyətindən çıxış yolunu belə görür:

«Başlıcası insan olmaq deyilmi? İş versinlər bizə. Bax, oturmuşam soyuqda. Mənə indi bu yox, işləmək lazımdır. Pul qazana bilsəm, arvadımla qızım da məni qəbul edər. İşsizliyə görə küçələrdəyəm».

Hamı həftəsonuna, yeni ilə hazırlaşır. Onların da yeni ildə arzuları var - özünü təsdiqləmək, insanlara, öncə də yaxınlarına gərək olduğunu sübut etmək!..

Görəsən, yeni ili necə keçirəcəklər?

«Elə bu xarabalıqda. Həmişəki kimi, küçələrdə», - deyirlər. Onlar üçün zaman önəmini itirib...
XS
SM
MD
LG