Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Azərbaycan 2013-ə həm «inamla», həm də «başıaşağı» gedir?


Əli Hüseynli
Əli Hüseynli
-
«Ümidlə, inamla!», «Başıaşağı, Qarabağsız…».

AzadlıqRadiosunun «2013-cü ilə hansı ovqatda, hansı ümidlərlə adlayırsınız?» sualına siyasətçilərin cavabları belədir. Amma fərqli cavablar da var.

YAP: «ƏVVƏLKİ İLLƏR NECƏ...»

Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin «2013-cü ilə hansı ovqatla gedirsiniz?» sualına cavabı:

«Olmadı da. O mənim cavab verəcəyim sual deyil... Əvvəlki illər necə olub, bu da elə...».

Əli Hüseynli cavab verməsə də, Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev bu haqda çox həvəslə danışır. O, Füzuli rayonuna səfəri zamanı 2012-ci ilin yekunlarına da toxunub:

«Bu ilin yekunları göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir. Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icrası nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcək».

Prezident deyib ki, gələcək illərdə də Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında:

«Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək».

Zahid Oruc
Zahid Oruc
SINAQ İLİ

İqtidaryönümlü Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc 2013-cü ilin prezident seçkiləri ili olacağını və bunun məsuliyyətini hamının daşıyacağını deyir:

«Nəzərə alsaq ki, 2013-cü il həm də seçkilər dövrüdür, demək, ötən dövrün hesabatı olacaq. Parlament də özünü bundan kənarda tutmasın. Bizim də Allah və yürütdüyümüz siyasi kurs qarşısında hesabatlılığımız var. Zənn edirəm ki, şəffaf idarəçilik, vətəndaş qarşısında hesabatlılıq, məmur əliəyriliyinə son qoyulması, deputat fəaliyyətini aktivləşdirmək və sair kimi işləri 2013-cü ildə etməliyik. Bütün hallarda islahatlar təkcə vətəndaşların maraqlarına xidmət etmir, həm də parlamentin xeyrinədir. Bu gün yaradacağımız situasiyadan sabah hər birimizin taleyi asılıdır».

«2013-CÜ İLƏ BAŞIAŞAĞI, QARABAĞSIZ GEDİRİK»

Amma Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bu ümidi və inamı paylaşmır. Onun dediyinə görə, Azərbaycan 2013-cü ilə başıaşağı,
Fazil Mustafa
Fazil Mustafa
Qarabağsız gedir:

«Adi illərdən biri olacaq. Bu ilə başıaşağı gedirik, Qarabağ problemini çözmədən, ölkəni demokratik reysə qoymadan gedirik. Ümid edək ki, Allahın verdiyi dövlət qurmaq fürsətini ağılla dəyərləndirə biləcəyik. Bu dövləti normal, demokratik, dünyanın hörmət edəcəyi bir vəziyyətə gətirəcəyik. Hələlik buna tam nail ola bilməmişik. Bu da üzüntü yaradır. 2013-cü ilə ümidlə gedirəm. Amma müəyyən problemlərə görə narahatlıqlarım da var».

«YENİ DALĞA – AZADLIQ DALĞASI GƏLİR»

«Mən hesab edirəm ki, 2013-cü il Azərbaycan tarixinə köklü demokratik dəyişikliklərin baş verdiyi il kimi daxil olacaq... Bəziləri deyə bilər ki, bu sözü əvvəllər də eşitmişik. Mən hesab edirəm ki, bu il bunu deməyə daha çox əsasımız var».

İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyası başqanı İsa Qəmbər dəyişikliklərə inanır. Onun fikrincə:

«Dünya dəyişir, yeni dalğa – Azadlıq dalğası gəlir! 2013-cü il prezident seçkiləri kontekstində bu dəyişikliklərin baş verməsi realdır. O biri yandan da düşünürəm ki, 2012-ci ildə Əliyev rejiminin ifşası, demək olar ki, başa çatmaq üzrədir. Cəmiyyət üçün də, dünya üçün də bu hakimiyyətin oğru, korrupsioner, cinayətkar rejim qurması tam aydındır. Cəmiyyətdə bir əminlik yaranıb: bu hakimiyyətlə Azərbaycanın heç bir problemi həll oluna bilməz. Bu da növbəti ildə cəmiyyətin fəallaşmasına, dəyişiklər uğrunda mübarizəyə zəmin yaradacaq».

Yeni ilin oyuncaqları, bəzəkli şam ağacları, uşaqların sevincli səsləri qədər olmasa da, Azərbaycanın siyasi palitrası qarşıdakı 2013-cü ilə köklənib. Bütün hallarda azı 2 sual da önəmini qoruyur: Yeni il hansı siyasi olaylarla yadda qalacaq? Siyasi liderlərin söylədikləri adi vətəndaşın düşündükləri ilə ə dərəcədə səsləşir?
XS
SM
MD
LG