Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Əli Mərdan bəy Topçubaşı Sankt-Peterburqda xatırlanıb


Əli Mərdan bəy Topçubaşı (1862–1934)
Əli Mərdan bəy Topçubaşı (1862–1934)
-
Sankt-Peterburqda «Məşhur universitetlər» fondunun növbəti kitabı çapdan çıxıb.
Yeni nəşr «Rusiyanın yaxın xaricində Peterburq Universitetinin mədəni irsi» adlanır («Naslediye Peterburqskoy Universitetskoy kulturı v russkom zarubejye»).

Tarix elmləri doktoru Aydın Balayevin AzadlıqRadiosuna bildirdiyinə görə, kitabda bolşeviklərin hakimiyyətə gəlişindən sonra Peterburq Universitetini vətəni tərk etməyə məcbur qalan müsəlman məzunlarına ayrıca fəsil ayrılıb.

Bu fəslin müəllifi A.N.Tahircanovadır.

A. Tahircanova son illər Peterburq universitetinin müsəlman məzunlarının həyat və yaradıcılığını araşdırır.

Müəllif həmin fəsildə Seyid Cəfər Seyidmat, Heydər Bammat, Əlixan Qandəmirov, Musa Bigeyev, Əhməd-Zəki Validi və Rusiya müsəlmanlarının milli oyanışında önəmli rol oynayan başqa görkəmli şəxslər haqqında dəyərli məlumatlar verir.

Kitabda ХХ əsrin əvvəllərində Rusiyadakı müsəlman hərəkatının liderlərindən sayılan, görkəmli siyasi xadim, diplomat və hüquqşünas, Paris Sülh Konfransının nümayəndə heyətinin rəhbəri Ə.M.Topçubaşovun (Topçubaşı – Əli Mərdan bəy soyadını belə yazırdı—S.İ.) fəaliyyətindən də söz açılır.

Ə.M.Topçubaşının 1920-ci il mühacirətindən sonra itirilmiş müstəqilliyinin bərpası uğrunda mübarizəsi, dəfələrlə Azərbaycanın Qızıl Ordu tərəfindən qeyri-qanuni işğalı məsələsini qaldırdığı vurğulanır.

Diqqətə çatdırılır ki, Əli Mərdan bəy Qafqaz respublikalarının milli müstəqilliyinin bərpasının təməli kimi onların koordinasiya olunmuş birgə fəaliyyətini vacib hesab edirdi.

​Kitabda Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən qurultayı da xatırladılır. Müəllifin fikrincə, bu toplantı Azərbaycanda dominant mövqe tutub və Azərbaycan türklərinin 1918-ci ilin mayında qurduqları milli dövlətin əsasını qoyub.

Aydın Balayevin dediyinə görə, kitabda Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin məsləhətçilərindən biri, «Azərbaycan» qəzetinin redaktoru, Cümhuriyyətin süqutundan sonra orada yaşamağa məcbur qalmış Ceyhun bəy Hacıbəyli barədə maraqlı faktlar da yer alıb.

Kitab yüksək poliqrafik icrada nəşr olunub.

KİTABDAN SEÇMƏLƏR:

A. Tahircanova 1920-ci ilin fevralında Lion vağzalında Ə.M.Topçubaşının milli hökumətin Fransa, İtaliya, İsveçrə, Belçika, Almaniya və İngiltərə universitetlərinə oxumağa göndərdiyi 79 azərbaycanlı gənci necə sevinclə qarşıladığını yazır və təəssüflə bildirir: «Cəmi iki ay sonra onların hamısı, elə Topçubaşov kimi, mühacirətə getməli olub…».

***

Başqırd dövlətçiliyinin təməlini qoyan Əhməd-Zəki Validinin Ə.M.Topçubaşıyla 1923-cü il Paris görüşü barədə xatirələrindən: «Əli Mərdan bəy dedi: «Mən artıq qocalmışam və qorxuram ki, bir də vətənimi görə bilməyəcəm. Rusiya müsəlmanlarının işlərini M.Ə.Rəsulzadəyə və sənə həvalə etməyə məcburam». Bundan sonra onun gözləri yaşla dolur».

***

1934-cü ildə Berlində çıxan «Yaşa Türküstan» jurnalında Ə.M.Topçubaşının dəfni barədə dərc olunan məlumat: «… noyabrın 8-də Əli Mərdan bəyin dəfninə xeyli adam yığılmışdı… Milliyyətcə gürcü, erməni, şimali qafqazlı, kalmık, ukraynalı və s. olan natiqlərin ona verdiyi qiymət göstərir ki, biz Əli Mərdan bəyin qismində necə böyük bir xadimi itirmişik…».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG