Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

Ərəblinskini Tağıyev öldürtdürüb? (Tarixi müəmma, araşdırma)


Azerbaijan -- The millionaire Hadji Zeynalabdin Tagiyev (1838-1924)

Azerbaijan -- The millionaire Hadji Zeynalabdin Tagiyev (1838-1924)

-
Füzuli Sabiroğlu



1919-cu ilin mart ayının 4-ü saat axşam saat 6-7 radələrində Çadrovıy küçəsi (indiki Mirzağa Əliyev küçəsi), 121 N-li evdə atılan güllənin səsi bütün Bakını silkələdi. Adı Azərbaycan mədəniyyəti tarixinə ilk peşəkar aktyor məktəbinin yaradıcısı, Şərqdə ilk operanın rejissoru, dünya klassiklərinin bir sıra əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirmiş böyük yenilikçi, 60-a qədər tamaşanın quruluşçu rejissoru, 70-ə yaxın unudulmaz obrazın ifaçısı kimi düşmüş Hüseyn Ərəblinski qətlə yetirilmişdi. Çox qısa - 38 illik ömür yolu ziddiyyət və müəmmalarla dolu olan bu böyük sənətkarın elə qəfil ölümü də bütün həyatı kimi müəmmalı oldu və bu günə qədər də müəmma olaraq qalır.

Ərəblinskinin qətlinin səbəbi və baş vermə şəraiti haqqında bu gün hamıya məlum olan və ən çox yayılmış versiya belədir:

1919-cu il mart ayının 4-də axşam saat 6-da Hüseyn Ərəblinskinin dayısıoğlu Əbdülxalıq, onu evlərinə nahara çağırır. Dayısı Hacı Əbdülkərimlə aralarında mülk üstündə konflikt olduğuna görə Hüseyn getmək istəmirmiş. Çox söhbətdən sonra Əbdülxalıq onu yola gətirir. Hüseyn həyat yoldaşı Asyanı da götürüb onlara gedir (Bəzi versiyalarda Ərəblinskinin tək getdiyi söylənilir). Stolun başında oturub çörək yeməyə başlayırlar. Nə səbəbdənsə aralarında mübahisə yaranır və Əbdülxalıq tapançasını çıxarıb Hüseyni boğazından vurur. Özü isə qaçır. Əbdülxalıqın Hüseyni qətlə yetirməsinin əsas səbəbi kimi, onun aktyorluq etməsi, bığını qırxdıraraq qadın rolları oynaması göstərilir. Elə onun müasirlərinin xatirələrində də azacıq fərqlə əsasən bu versiya təsdiqlənir. Ancaq çox maraqlıdır ki, həmin dövrün mətbuatında gedən bir sıra materiallar və bu hadisəylə bağlı əlimizə gəlib çatan azsaylı sənədləri bir yerə toplayıb cəm halında baxanda tamam fərqli bir mənzərə yaranır. Qətlin motivləri ilə bağlı neçə-neçə suallar və şübhələr meydana çıxır.

Hüseyn Ərəblinski

Hüseyn Ərəblinski

Bakı Polismeysterliyinin 4-cü sahəsinin pristavının martın 5-də yəni hadisənin səhəri günü Şəhər Polismeysterliyinə təqdim etdiyi raportda deyilir:

“Məlumat verirəm ki, mart ayının 4-də axşam saat 7 radələrində Çadrovı küçəsi 121 N-li evdə səhnə təxəllüsü Ərəblinski olan, artist Hüseynbala Xələfov revolverdən açılan atəşlə Əbdülxalıq Hacı Əbdülkərim oğlu tərəfindən öldürülüb. Qatil həbs edilib. Bakı şəhəri 2-ci sahənin müstəntiqinə məlumat verilib”. (Azərbaycan Dövlət Arxivi, f.2767, op.2 q.116, vər.529) Ancaq bu raportdan bir gün sonra, yəni martın 6-da rəsmi mətbuatın Ərəblinskinin öldürülməsi ilə bağlı yaydığı informasiya tamam fərqli idi.

“Çərşənbə günü saat 6-da müsəlman səhnəsinin tragiki, aktyor Hüseyn Ərəblinski, öz evində revolverdən açılan atəşlə öldürülüb. Qətlin törədilmə şəraiti və səbəbi hələlik aydınlaşdırılmayıb. Güman edilir ki, o, şəxsi haqq-hesab zəminində öz kürəkəni tərəfindən öldürülüb. Qatil, qətli törətdikdən sonra qaçıb gizlənib. Onun axtarışı üçün operativ tədbirlər görülür”.
“Azərbaycan” qəzeti N 49 6 mart 1919-cu il


Bu, iki dildə nəşr olunan rəsmi dövlət qəzetində gedən informasiyadır. Ancaq sonrakı günlərdə də çıxan qəzetlərə diqqət yetirsək, istintaqın uzanmasının, qatilin kimliyi və qətlin səbəbləri barədə heç bir rəsmi məlumatın verilməməsinin əhali arasında, xüsusən də ziyalılar arasında ciddi narazılığa səbəb olduğunu görərik.
“Gələcək” qəzetinin 1919-cu il 14 mart tarixli 12-ci nömrəsində Həvəsli imzası ilə çıxış edən Əziz Şərif yazırdı:

“Azərbaycan qaydasızlığından, qarışıqlığından mənfəətbərdar olub, zalım qatil, türklər içində əvvəlinci şəxslərdən birini məhv etdi. Fəqət lazım gəlir ki, Azərbaycan hökuməti bütün qüvvəsi ilə qatili axtarıb tapıb, ona cəza etsin. Ta o biri canilərə ibrət olsun. Zalim həriflər görsünlər ki, nahaq yerdən, türk məişətinə və tərəqqisinə xidmət edən şəxslərə qəsd edənlər bütün millətin düşməni hesab olunur”.

Həmin günlərdə dövlət idarələrinə və qəzet redaksiyalarına göndərilən belə müraciətlər onlarla idi.
Bakı deposu müsəlman fəhlə və xidmətçilərinin nümayəndələri nümayişə çıxıb Ərəblinskinin qatilinə ölüm cəzası tələb edirdilər. Tiflis şəhərindəki dram dərnəyi artistləri onların səsinə səs verirdilər.
Onların “Azərbaycan” qəzetinin 17 mart tarixli 138-ci sayında dərc olunmuş müraciətində deyilirdi:

“Biz müsəlman fəhlələri, bir əsgər kimi səhnəmizdə hürriyyət və istiqlaliyyət yolunda cannisar edən Hüseyn Ərəbli kimi ziyalı böyük bir səhnə xadimindən məhrum olduq. İştə buna binaən aramızda mərhum kimi nadir bir vücudun qatillərini ağır bir surətdə cəzalanmalarını gənc Azərbaycan hökumətindən rica etməklə bərabər tələb edirik”.

Həmin dövrdə hökumətə daha yaxın olan böyük bəstəkar Üzeyir Hacıbəyovun Mizrab təxəllüsüylə “Övraqi-nəfisə” qəzetində yazdığı məqalədə də eyni fikirlər yer alırdı.
“... bu məzlumun, bu zərərsiz insanın, bu kimsəsiz və arxasız cavanın qətl facianəsi əsrarını örtən pərdəni qaldırmaq və bu sirri faş etmək hər kəsin mənəvi borcu olduğu kimi, ən əvvəlcə cavan dövlətimiz Azərbaycan hökümətinin müqəddəs vəzifəsidir”.

Yuxarıda göstərdiyimiz sənəddən və martın 6-da Bakı şəhər Polismeysterliyinin qatil və qətlinin səbəbləri haqqında Bakı General-qubernatoruna göndərdiyi rəsmi sənəddən də (Azərbaycan Dövlət Arxivi, f.1046, op.4 q.63, vər.8) göründüyü kimi qatilin kimliyi məlum olsa da bu barədə uzun müddət əhaliyə və mətbuata məlumat verilməyib. «Azərbaycan» qəzetinin 17 mart tarixli 138-ci sayında gedən bir informasiya bunun səbəblərinə qismən də olsa aydınlıq gətirir.

Ərəblinskinin dəfni

Ərəblinskinin dəfni

“ƏRƏBLİNSKİNİN QƏTLİ ƏTRAFINDA
Mərhum Hüseyn Ərəblinskinin hərəmi Asiya xanım Ərəblinski Bakı qubernatoruna bir ərizə verərək məlum etmişdir ki, Ərəblinskinin qətlinə birinci səbəb və müqəssir olan İslam Zeynalov nədən isə həbsdən azad edilmişdir.

Məzkur qatil arvadı Asiyanı dəxi öldürmək ilə təhdid edir. Onun qohumlarından olan İsmayıl dəxi arvadı təhdid edir və hər gün onun arvadı evinə gələrək onu müqəssir etməməyi tələb edir.
Bunu məlum edərək Asiya xanım qubernatordan rica edir ki, yuxarıda göstərilən şəxsləri tövqifə alsın, çünki o, köməksiz arvad olduğu üçün onların qorxusundan evdən kənara çıxa bilmir, hərgah bu iş etinasız qalarsa, haman şəxslərin arvadı öldürəcəklərinə şübhə yoxdur”.

Belə məlum olur ki, Əbdülxalıq qətldə şübhəli bilinən yeganə şəxs olmayıb. Burada şübhəli görünən bir neçə məqam diqqəti cəlb edir. Əgər Əbdülxalıqın Ərəblinskini öldürmək fikri vardısa, qurbanını niyə öz evinə dəvət edirdi? Və yaxud da, Əbdülxalıqla Hüseyn arasında necə bir mübahisə yarana bilərdi ki, o, süfrə arxasında öz bibisi oğlunu öldürsün?

Aktyor Hüseyn Quliyev öz xatirələrində Əbdülxalıqın bundan əvvəl bir dəfə Hüseyn Ərəblinskini öldürməyə cəhd elədiyini yazır: “Bir gün mən onlardaydım. Hüseyn aynadakı deşiyi göstərib dedi: “Görürsən, güllə yeridir. Dayım oğlunun pəncərədən atdığı güllənin yeridir. Xoşbəxtlikdən mənə dəymədi!..”
Mən dedim: “Nə üçün hökumətə şikayət etmədin?”
“Onda bu vaxtadək yaşamazdım!”, - dedi...”


Yenə sual yaranır. Əgər Əbdülxalıq ona bir dəfə güllə atmışdısa, Hüseyn onun dəvətini necə qəbul edə bilərdi? Bütün bu suallar “dövrünün yeganə müsəlman dahisi” adlandırılan Ərəblinskinin qətlinin sirləri üzərinə çəkilmiş qara pərdəni bir az da qalınlaşdırır. Hüseyn Ərəblinskinin başqa bir müasirinin, Əlabbas Avarskinin xatirələrində bir neçə məqam diqqəti cəlb eləyir. Avarskinin bu məsələ ilə bağlı yazdıqlarına bütövlüklə nəzər salanda tam olmasa da, bəzi qaranlıq məqamlar aydınlaşır.

“Hüseyn Ərəblinskinin qətli ilə əlaqədar cəm etdiyim materiallar:
1. Hüseyn Ərəblinski Azərbaycanda birinci şəxs idi ki, hər bir işini buraxıb professional aktyorluq edirdi. Hətta bığlarını da qırxdırmışdı. Bu da onun əqrəbasına xoş gəlmirdi. Xüsusən onun dayısı «bığlı Salam»a.
O vaxt camaat arasında bığını qırxdıran haqqında deyirdilər ki, o, atasından olmamışdır. Salam bacısının «namusuna» ləkə vuran Hüseynə qatı bir düşmən kəsilmişdi.
2. Ərəblinskinin böyük dayısı Bakının məşhur taciri Hacı Ağakərim Zeynalov Hüseynin atasının malını özünə verməyib saxlayırdı. Dəfələrlə mənim yanımda Hüseynin anası öz oğlu ilə bu barədə söz salanda Hüseyn əsəbləşib deyirdi:
-Ana, sən atanın goru qoy öz dərdimizi çəkək. Əgər mənə ana olub, mənimlə bir yerdə yaşamaq istəyirsənsə, o malın adını mənim yanımda çəkmə. Mənə allahsız müsəlman, xalqı aldadıb dövlət qazanan Hacı kimisinin pulu lazım deyil.

Hacı Ağakərim öləndən sonra dövləti qalır tək bir oğlu Əbdülxalıqa. Hüseyndən bixəbər anası Salamın fitvası ilə Əbdülxalıqdan malını istəyir.
Salam isə bu tərəfdən Əbdülxalıqa deyir ki, nəbadə mal verəsən. Məndən xəbərsiz heç bir iş görmə. Nə lazım isə mən sənə öyrədərəm.
3. Hüseyn 1918-ci ildə Həştərxana gedib orada sovetlərdə teatr tamaşası verdiyi üçün Bakıya gələndən sonra müsavat hökumətinin daxili nəzarəti onu şübhə altına alır və Həştərxanda tamaşa verməsindən çox narazı qalır.
“Bığ Salam”ın neçə illərdən bəri hazırladığı plan baş tutmağa başlayır. Özlüyündə boylə qərara gəlir ki, qardaşı Hacı Ağakərimin mal və dövlətinə sahib olsun. Bunun üçün qardaşı oğlu Əbdülxalıq aralıqdan götürülməlidir. Əgər Əbdülxalıq aradan götürülərsə, onun malına sahib olanda Hüseyn də atasının malını istəyəcək. Buna görə də Hüseyn aralıqdan göturülməlidir.

Bunun üçün Salam Əbdülxalıqa deyir:
- Hüseynin anası oğlunun təşviqi ilə səndən ata malı istəyir. O, sənin dövlətini də faiz ilə əlindən tamam alacaq. Yaxşısı budur ki, onu öldür və hökumətdən də qorxma, çünki Həştərxanda teatr oynadığı üçün hökumət Hüseyndən narazıdır. Mən səni qurtarmağa hazıram. Qoymaram qardaşımın çırağı sönsün.

Əbdülxalıq Hüseyni öz evinə dəvət edib deyir ki, atam öləndən sonra mən sizinlə mehriban bir surətdə yaşamaq istədiyim üçün nahara mənə qonaqsınız. Hüseyn ona inanıb öz həyat yoldaşı, aktrisalığa hazırladığı rus qadını (Ərəblinskinin həyat yoldaşı Asya Şişkina nəzərdə tutulur- müəllif) ilə bərabər ora gəlir. Əbdülxalıq görür ki, iş bir qədər çətinə düşüb. Çünki yapacağı cinayətin şahidi olacaq. O, özünü itirməyib Hüseynin anasını soruşur və deyir:
- Bəs bibim niyə gəlməyib?

Hüseyn həyat yoldaşını bibisinin dalınca «göndərir». Qadın getdikdə tapançasını çıxardıb Hüseyni boğazından ölümcül yaralayıb qaçır.
Hüseynin qətli bir anda şəhərə yayıldı. Dəfn mərasimində böyük bir izdiham olduğu halda, «milli bir hökumətin nümayəndəsi kimi kiçicik bir məmur da olsun yox idi”.
Buraya Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim...” kitabından götürülmüş bir parçanı da əlavə etmək yerinə düşərdi:
“Faciənin əsl səbəbi, deyilən mülahizələrdən birinə görə vəhşi, nadan qısqanclıq imiş. Tatyana Maslennikova adlı bir xanəndə qadın kazinoda, restoranlarda gitarada özü çalar, özü də oxuyardı, gözəl və qəşəng olduğu qədər də məlahətli səsi vardı. O oxuyanda salonda adam əlindən tərpənmək olmurdu. Hüseyn bir sənətkar kimi Tatyananın həm səsini, həm də gözəlliyini qiymətləndirirdi. Tatyana isə Hüseynə məftun idi.

Ailəvi gediş-gəlişləri vardı. Xudmani məclislər qurub öz dostları, yaxın adamları ilə bir yerdə çalıb-oxuyar, o qaranlıq mühitdə vaxtlarını xoş keçirməyə çalışardılar. Hüseynin dayısı oğlu da demə Tatyanaya «vurulubmuş» və onu pul gücünə, ya da zorla ələ keçirməyə, ram etməyə cəhd edirmişsə də, cəhdləri boşa çıxır, hər dəfə oxu daşa dəyirdi. «Bəxtinin» gətirmədiyinin günahını Hüseyndə görür, onu müqəssir hesab edir və bu maneəni aradan qaldırmaq, rəqibini yolundan çıxarmaq qərarına gəlir və Hüseyni qətl edir.

Mərhumun qətlindən on bir gün sonra Ərəblinskinin arvadı Asya xanım Bakı qubernatoruna ərizə verib, məlum edir ki, Hüseyni öldürən cani Salam Zeynalovu həbsdən azad ediblər. Qatil Asyanı da ölümlə təhdid edir. Asya qubernatordan kömək istəyir”.

Asyanın General-Qubernatora müraciəti ilə bağlı “Azərbaycan” qəzetində gedən informasiyada da məhz əsas qatilin İslam Zeynalov olduğu göstərilirdi. Bütün bunları bir yerə cəm etsək belə çıxır ki, Hüseynin Hacı Əbdülkərimdən başqa ləqəbi “Bığlı Salam” olan Salam Zeynalov adında başqa bir dayısı da olub. Çox güman ki, Hüseyn Quliyevin xatirələrində qeyd elədiyi kimi Ərəblinskiyə birinci dəfə güllə atan elə İslam Zeynalov olub. Asyanın da İslam Zeynalovu əsas qatil kimi göstərməsinin səbəbi məhz bu ola bilərdi.

İkinci bir ehtimala görə, Hüseyn Əbdülxalıqgilə gələndə İslam orada olub. Çox güman ki, Ərəblinskini də elə o qətlə yetirib və hadisə yerindən qaçıb. Beləliklə də “Bığlı Salam”ın planı həyata keçib. Hüseyn öldürülüb, Əbdülxalıq isə həbs olunub. Bəlkə də hər şeyi aydınlaşmış sayıb, elə buradaca bu məsələyə nöqtə qoymaq olardı. Ancaq bir sual - Ərəblinskinin qətlinin motivləri ilə bağlı sual açıq qalır.


General Balakişi bəy Ərəblinski

General Balakişi bəy Ərəblinski

Hüseyn Ərəblinski nəyə görə öldürüldü?

Birinci səbəb: Hüseynin aktyorluq etməsi və bığını qırxdırması? Bu gün bu sözlər bizə bir az qəribə, hətta gülməli görünə bilər. Ancaq bu, həmin dövrün sənət adamlarının qəbul edib barışmağa məcbur olduğu acı reallıq idi. O, 20 ildən çox idi ki, artistlik edirdi və səbəb bu idisə qohumları onu çoxdan öldürməli idilər. Bunun sadəcə olaraq Sovet hakimiyyəti illərində həmin dövrdəki cəhalət və avamlığı göstərmək üçün uydurulmuş versiya olduğu aydın görünür.
İkinci səbəb: Var-dövlət üstündə mübahisə? Dayıları ilə Hüseynin arasında hansı var-dövlət üstündə mübahisə ola bilərdi? Hüseyn Ərəblinskinin tərcümeyi-halına nəzər salsaq görərik ki, onun atası kasıb bir dənizçi olub və Hüseyn hələ çox körpə ikən dünyadan köçüb. Hüseynin anası Pəri xanım da imkanlı ailədən olmayıb. Elə kasıb bir qızla evləndiyi üçün Hüseynin babası Xələf öz oğlundan imtina etmişdi. Atasından Hüseynə qalan mülkün də taleyi acınacaqlı olmuşdu.

“Бакинские губернские ведомости” qəzetinin 1911-ci il 21 may tarixli 21-ci nömrəsində məlumat verilir ki, Bakı quberniyası kredit cəmiyyətinin idarəsi 1911-ci il yanvar ayı üçün kredit borcunu vaxtında ödəyə bilmədiyi üçün, Xələfov Hüseyn Məşədi Məmməd oğluna məxsus, Serkovnı küçəsi N 18 ünvanındakı 50 kv. sajenlik ikimərtəbəli mülkü (indiki Vidadi küçəsi, dalan 6, ev 1- müəllif) iyunun 24-də ictimai satışa çıxaracaq. Bundan sonra onların ailəsi bu evin yarımzirzəmi vəziyyətdə olan 1-ci mərtəbəsinə köçüblər və Hüseyn ömrünün sonuna qədər burada yaşayıb.
Üçüncü səbəb: Qisas? “Bığlı Salam” kimi varlı-hallı bir şəxsin oğlunun bir qadına görə əmisi oğlu Əbdülxalıqı qurban vermək bahasına, bibisi oğlunu öldürməsi inandırıcı görünmür. Əgər aradan götürmək istəsəydi belə, şəhərdə başkəsən qoçu dəstələrinin meydan suladığı bir zamanda Hüseynin qətlini kiməsə sifariş verə bilərdi.
Dördüncü səbəb: Siyasi qətl? Ərəblinskinin ölümünə siyasi rəng verməyə cəhd eləyən qüvvələr faciənin elə ilk günlərində meydana çıxmışdılar. Bakıda gizli fəaliyyət göstərən bolşeviklər bunu sinfi mübarizənin nəticəsi kimi qələmə verməyə çalışırdılar. Həmin dövrdə bu versiya inandırıcı görünməsə də, Sovet hakimiyyəti illərində onlar bu hadisədən Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təbliğat mexanizmində uğurla istifadə edirdilər. Hüseynqulu Sarabski “Köhnə Bakı” adlı xatirələr kitabında yazırdı: “…Müsavat hökuməti qatildən ötrü bir ölçü götürmədi. Hətta cənazənin üstündə bir nəfər də olsun Müsavat hökuməti adamlarından görünmürdü. İş o dəracəyə çıxdı ki, qatili tutub bir həftədən sonra buraxdılar”.

Təxminən eyni fikirlər Hüseyn Ərəblinski haqqında 30-50-ci illərdə xatirələrini yazmış bütün müəlliflərdə təkrar olunur.
Həmin günlərdə Ərəblinskinin dəfni ilə bağlı “Azərbaycan” qəzetində gedən məqalədən bir parçaya diqqət edin.

“... Sonra cənazə oradan qaldırılıb “Təzəpir” məscidinə aparıldı. Burada namaz qılındıqdan sonra Məhəmməd Əmin Rəsulzadə cənabları müfəssəl bir nitq irad edərək vətən və millət uğrunda göstərmiş olduğu fəaliyyəti və türk səhnəsinin Ərəblinski kimi müqətdər və məharətli bir ustadını qeyb etdiyinə son dərəcə təəssüf edərək, artist yoldaşlarına və ziyalılara sərsəlaməti izhar etdi”.
“Azərbaycan” qəzeti, № 132, 9 mart 1919-cu il


Məqalədə başqa fraksiyalardan olan parlament üzvlərinin, dövlət rəsmilərinin də iştirakı göstərilir. Bütün bunlar Ərəblinskinin qətlinin siyasi bir sifariş olduğu fikrini alt-üst eləsə də, “Kommunist” qəzetinin 1922-ci il 10 avqust tarixli 295-ci nömrəsində Aktyor Hacıağa Abbasovun məqaləsində bir məqam diqqəti cəlb eləyir.
“Ərəblinskini öldürən qatil az bir məbləğ rüşvət verib həbsdən azad oldu.
Şura hökuməti Azərbaycana gələn kimi Ərəblinskini tanıyan bir neçə möhtərəm yoldaşların səyi ilə haman qatil dübarədən həbs olunub və bu halda həbsdədir. Zənnimcə səhnəyə elə bir zərbə vuran caninin bu vaxta kimi yaşaması çox naşayistədir (yolverilməzdir - müəllif).”

Ən maraqlısı odur ki, Əbdülxalıq da bir müddət sonra müəmmalı surətdə həbsdən azad edilib və Bakını tərk edərək Qazaxıstana köçüb.
Hüseyn Ərəblinskinin qətli ilə bağlı məsələdə diqqət çəkən başqa bir məsələ də qətlin istintaqı, mənkəmə prosesi ilə bağlı bütün sənədlərin yoxa çıxmasıdır.Sanki gizli bir qüvvə bu cinayətin izlərini itirmək üçün əlindən gələni edib. Bunu isə yalnız güclü pulu və nüfuzu olan, hökumət orqanlarına çox yaxın bir şəxs edə bilərdi. Hacıağa Abbasovun məqaləsində göstərilən şəxsin kimliyi, onun kimlərin təşəbbüsü ilə həbs olunması və bu adamın sonrakı taleyi barədə də heç bir məlumat əldə etmək mümkün deyil. Bəlkə də böyük sənətkarın qətlinin bütün müəmmalarının açarı elə həmin şəxsin kim olmasındadır?

O qadın heç mənim yadımdan çıxmır...

...Bütün bunlar Hüseyn Ərəblinskinin qətlində indiyə qədər səbəb kimi göstərilən bütün versiyaların doğruluğunu şübhə altına alan yeni-yeni suallar yaradır. Ancaq bu səbəblərin heç birini tamamilə inkar eləmək də mümkün deyil. Ərəblinskinin qətli ilə bağlı heç vaxt geniş ictimaiyyətə açıqlanmayan, lakin həmişə səhnə arxasında səsləndirilən bir versiya da var ki, bunun da kökündə onun aktyor təxəllüsü ilə bağlı gəzən söhbətlər dayanır.
1906-cı ilə qədər afişalarda Hüseyn Xələfov kimi göstərilən aktyor, həmin ilin oktyabrından Ərəblinski təxəllüsü ilə çıxış etməyə başlayır. Bu, 1906-cı il sentyabr ayının 22-də Dərbəndə qastrol səfərindən sonra baş verib. O zaman müsəlman truppası Dərbənd İctimai Şurasının zalında Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” tamaşasını göstərib. Murad Muradov həmin günü sonralar belə xatırlayırdı:


Sona Tağıyeva

Sona Tağıyeva

“...Birinci tamaşamızda camaat çox idi. Tamaşadan sonra cəm olan pullardan bir qədər uşaqlara payladıq. Səhər teatrda məşqimiz var idi. Məşq zamanı Ərəblinskaya familiyalı bir müsəlman qadını səhnəyə gəldi. Bizlə tanış olub dedi ki, sizin oyunlarla çox maraqlanıram. Ancaq söhbətin çoxunu Hüseynlə edərdi. o, məşqə və bütün tamaşalara gəlirdi. Bir dəfə o bizə və Hüseynə gül gətirdi. Hüseyn ona dedi: “Siz teatr ilə maraqlanırsınız? Gəlin səhnəyə. Mən burada sizin üçün bir həvəskarlar dərnəyi düzəldərəm. Burda cavan uşaqlardan qüvvətli həvəskarlar var. Siz də onlar ilə bir yerdə oynayarsınız. Mən də hərdən Bakıdan gəlib sizi ziyarət edərəm”. Qadın cavab verdi ki, mən teatr ilə maraqlanıram. Çox da istərdim teatrda iştirak edim. Ancaq onu bilin ki, bu mənim üçün çox çətin olar. Məni öldürərlər. Mən teatra və sizin yanınıza gəlməyə qorxuram. Xəlvət gəlirəm. Ancaq siz Dərbəndə tez-tez gəlin. Bakıya yolum düşsə, mən sizin teatra gəlib sizinlə görüşərəm. Bu qadın Hüseyn ilə çox söhbət edərdi. Biz gedən günü gəlib bizi ötürdü. Vaqonda gələndə Hüseyn çox bikef və fikirli deyirdi: “O qadın heç mənim yadımdan çıxmayır. Nə olardı, o mənə “partnyorşa” olaydı. O mənə gül verdi və dedi ki, bu gül solacaq, yenə məndən sizə qoy yadigar olsun. Mən də onu yadigar saxlamaq istəyirəm. Ona görə də bu gündən mənim təxəllüsüm “Ərəblinski” oldu”.

Hüseyn Ərəblinskinin əksər müasirləri və Azərbaycan Teatr tarixinin tədqiqatçıları bu faktı olduğu kimi təsdiqləyirlər. Ancaq həmin qadının kim olması barədə hamı nədənsə susmağa üstünlük verir. Əslində burada dərindən araşdırılmalı elə bir şey də yoxdu. Həmin dövrdə Dərbənddə Ərəblinski familiyasını daşıyan bircə ailə olub. General Balakişi bəy Ərəblinskinin ailəsi. Balakişi bəyin iki qızı olub- Nurcahan xanım və Sona xanım Ərəblinskayalar. Deməli, Hüseynin vurulduğu xanım Balakişi bəyin bu iki qızından biri olub.
Bunu da dəqiqləşdirmək elə bir çətinlik törətmir. Moskvada nəşr olunan "Азеррос" qəzetinin 13 yanvar 2004-cü il tarixli sayında Balakişi bəy Ərəblinskinin nəticəsi, Tibb elmləri doktoru Andrey Vladimiroviç Ərəblinskinin müsahibəsi dərc olunub. Andrey Vladimiroviç müsahibəsinin bir yerində qeyd eləyir ki, ailədaxili söhbətlərdən mənə məlumdur ki, bir aktyor Sona xanıma vurulubmuş və onun şərəfinə Ərəblinski soyadını özünə təxəllüs götürüb.

Balakişi bəy Ərəblinskinin başqa bir nəvəsi, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan (Balakişi bəy əslən bu kənddəndir-müəllif) Həmzəlov Ərəblinski də babası haqqında müsahibələrinin birində bu faktı təsdiqləyir: “...Sonanı isə həm də məşhur aktyor Hüseyn Ərəblinski dəlicəsinə sevirmiş. Elə Ərəblinsiki soyadını da Sonaya olan sevgisinə görə götürübmüş. Və ömrünün sonunacan bu soyadı daşıyıb”.

Əgər doğrudan da hər şey Murad Muradovun yazdığı kimi olubsa, burada maraq doğuran bir məqam ortaya çıxır. 1906-cı ildə Sona Ərəblinskaya düz 10 il idi ki, məşhur Bakı milyonçusu Hacı Zeynalabdının həyat yoldaşıydı və Tağıyeva soyadını daşıyırdı. Onların toyu 1896-cı il iyun ayının 28-də Dərbənd şəhərində, General Balakişi bəy Ərəblinskinin malikanəsində olmuşdu. Dərbənd camaatı belə təmtəraqlı toy mərasimi görməmişdi. Ancaq bu toy həm də əhalidə bir çaşqınlıq yaratmışdı. Çünki, Balakişi bəyin ortancıl qızı Nurcahan xanım Tağıyevin birinci arvadı, əmisi qızı Zeynəbdən olan böyük oğlu İsmayılın arvadı idi. Sona xanım isə generalın sonbeşiyi idi. O zaman Sona xanımın 16, Hacı Zeynalabdın Tağıyevin 73 yaşı vardı. Cəmiyyət Tağıyevin özündən yaşca çox cavan bir qızla evlənməsini birmənalı qarşılamamışdı. Ən böyük narazılıq isə Tağıyevin ailəsində yarandı. Atasının bu hərəkətindən qəzəblənən İsmayıl acığa düşüb arvadı Nurcahan xanımı boşadı.

Sona xanımla nikahdan Hacının beş övladı dünyaya gəlib. Ağıllı və təhsil görmüş bu qadın, o zamanlar Tağıyevin təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi bütün xeyriyyə işlərinin təşəbbüskarı idi. Təbii ki, Hüseyn məhşur milyonçunun həyat yoldaşını üzdən tanımaya bilərdi. Həmin dövrdə Sona xanımın da öz ata evinə qonaq kimi gəlməsi mümkün idi. Ancaq maraqlıdır ki, niyə Sona xanım özünü Hüseynə qızlıq familiyası ilə təqdim edir və üstəlik də Bakıda yox, Dərbənddə yaşadığını söyləyirdi. Burada 2 variant ola bilər.

Birinci: Sona xanım əslində kim olduğunun bilinməsini istəmədiyindən, bu addımı atmalı olub.

İkinci: Murad Muradov sadəcə olaraq milli mentalitetə və etikaya söykənərək, hörmətli bir şəxsin ailəsinin adının hallanmasını istəməyib. Çox güman ki, Hüseyn Ərəblinski haqqında xatirələrini yazan başqa şəxslər də məsələyə elə bu cür yanaşıblar.
Sona xanım Dərbənddə, Hüseynin qrim otağına onun sənətinin onlarla qadın pərəstişkarından biri kimi gəlmişdi. Sonrakı illərdə də Hüseynin Bakıdakı tamaşalarının əksəriyyətində Sona xanım iştirak edər və hər dəfə də Hüseynə gül dəstələri göndərərmiş.
Ancaq bütün bunlar Hüseyni qorxudar, Sona xanımla görüşlərdən mümkün qədər qaçmağa çalışarmış. Hətta bir dəfə teatrda aktyorlardan biri onu evli qadınları yoldan çıxarmaqda günahlandırmış və bu da xeyli müddət şəhər əhalisi arasında söz-söhbətlərə və şaiyələrin yayılmasına səbəb olmuşdu.


Azerbaijan -- The millionaire Hadji Zeynalabdin Tagiyev (1838-1924) with his daughter and grandchildren

Azerbaijan -- The millionaire Hadji Zeynalabdin Tagiyev (1838-1924) with his daughter and grandchildren

Tağıyev Lütfəli bəyi möhkəm döydürmüşdü

Hüseyn başa düşürdü ki, səhnə təxəllüsüylə bağlı yaranan söz-söhbətlər, bədxahlarının Sona xanımla onun isti münasibətləri haqqında şəhərdə buraxdığı əsaslı və əsassız şaiyələr bir gün Hacının səbr kasasını daşıra bilərdi. 1911-ci ildə Hacı Zeynalabdın Tağıyevlə ona məxsus Kür-Xəzər səhmdar cəmiyyətinin müdiri işləyən Lütfəli bəy Behbudov arasında yaranan münaqişəyə də məhz Sona xanımla Lütfəli bəyin münasibətləri haqqında yayılan bu cür şaiyələr səbəb olmuşdu. Onda Tağıyev Lütfəli bəyi möhkəm döydürmüşdü. Ağır təhqir olunmuş Lütfəli bəyin Hacını məhkəməyə verməsi nəinki Azərbaycanda, bütün Rusiya İmperiyasında böyük hay-küyə səbəb olmuşdu. Rusiyada nəşr olunan “İskra” qəzetinin 12-ci sayında bu məhkəmə prosesinin nəticəsi barədə verilən məlumatdan aydın olur ki, öz işçisi Behbudova işgəncə verməkdə günahkar bilinən Tağıyevi Rusiya Dövlət Dumasının Deputatları Maklakov və Zamıslovski müdafiə ediblər. Məhkəmə Tağıyevi xüsusi hüquqlardan mərhum edilməklə 2 il yarım müddətinə həbs cəzasına məhkum edib. Bir müddət sonra Bakı milyonçularını və Dumanın bəzi deputatlarının çara müraciətindən sonra bu cəza onun üzərindən qaldırıldı. Hətta Lenin (V. İ. Leninin rus dilində seç. əs. tam kül. 22-ci cild, səh. 563) və N. Nərimanov da (“Astraxanskie vedmosti” qəzeti) öz məqalələrində həmin insident barəsində yazmışdılar.

Bütün bunlar Hüseyn Ərəblinskinin qətli ilə bağlı geniş ictimaiyyətə açıqlanmayan tamam fərqli bir versiyanın yaranmasına səbəb olub. Ancaq burada da Ərəblinskinin qohumlarından vasitə kimi istifadə olunduğu istisna olunmur. Əbdülxalıq və yaxud İslam sadəcə olaraq sifarişin icraçısı olublar.

1919-cu ildə mart ayının 7-də Hüseyn Ərəblinski dəfn olundu. Həsən bəy Zərdabinin dəfnindən sonra Bakı belə izdihamlı və kədərli mərasim görməmişdi.
Asya Şişkina bir müddət sonra aktyor Ələkbər Hüseynzadəylə ailə həyatı qurdu və onunla birlikdə Azərbaycanı tərk elədi.

Sona xanımın taleyi isə daha faciəli oldu. 20-ci 30-cu illərin Bakısının sakinləri tez-tez şəhərin mərkəzi küçələrində qara nimdaş geyimli, saçları dağınıq, divanə kimi gəzən və küçədən keçənlərə əl açaraq dilənən orta yaşlı qadını yaxşı xatırlayırlar. 1938-ci ilin soyuq qış günlərinin birində, onu ovcünda bir parça quru çörək, küçələrdən birində ölmüş halda tapdılar. Bəli, bu Sona xanım idi. General Balakişi bəy Ərəblinskinin qızı, Milyonçu Hacı Zeynalabdın Tağıyevin həyat yoldaşı Sona xanım.

Hüseyn Ərəblinskinin qətli ilə bağlı müəmmalar isə zamanın burulğanlarında itərək tarixin dərinliklərində görünməz oldu./Azvision.az/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG