Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:33

Gələn ildən şadlıq evlərinə yeni qaydalar tətbiq olunacaq


-

Gələn il yanvarın 1-dən şadlıq evlərinə «Şadlıq saraylarının təsnifatı və qaydalar»ı dövlət standartı tətbiq olunacaq. Bu barədə dekabrın 26-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

Sənədə əsasən şadlıq sarayında qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı, bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır.

Vestibül təqribən əsas zalın dörddə biri qədər (orta hesabla 1 nəfər yerə 0,3-0,45 kv.m) sahəni tutmalıdır. Qaydalarda mərasim zamanı sarayda həkimin olması tövsiyə olunur.

ŞADLIQ EVLƏRİNDƏ STOLLARARASI MƏSAFƏ NƏ QƏDƏR OLMALIDIR?

Standarta əsasən şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir.

Masaların forması – kvadrat, düzbucaqlı və dairəvi olur. Fransız üslubda xidmət üçün dairəvi masalardan, ingilis üslubda xidmət üçün düzbucaqlı və kvadrat masalardan istifadə edilir. Sənəddə istifadə olunan masaların ölçüləri də qeyd edilmişdir.

SƏSUCALDILANLAR ELƏ KÖKLƏNMƏLİDİR Kİ...

Standarta əsasən səsucaldan elə köklənməlidir ki, metallik və aydın olmayan səslər salondakılara mane olmasın və salondakı səs 85 dB(A)-dən yüksəyə qalxmasın.

3-6 AYDAN BİR TƏLƏB OLUNAN HƏKİM MÜAYİNƏSİ

Standartda xidmət göstərən heyətlə bağlı da tələblər var. «Mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan administrator, süfrəçi, barmen, somelye, aşbazlar işlədikləri sahə üzrə təhsilli olmalıdır».
XS
SM
MD
LG