Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:38

Oğlunun ölümündə şübhələr axtaran ata


Arxiv foto
Arxiv foto
-

«Hələ də bilmirəm ki, oğlumun ölümünə səbəb əslində nə olub. Müstəntiq deyir avtomobili aşırdıb. Ancaq mən onun ölümündə hadisə vaxtı maşında olmuş adamlardan şübhələnirəm».

Bu şübhələrinə istintaq orqanları tərəfindən işıq salınması tələbi ilə AzadlıqRadiosunun «Qaynar xətt»inə üz tutan Saatlının Çolpu kənd sakini Vəkil Əliyevdir. O, 35 yaşlı oğlu Hüseyn Əliyevin ölümünün dərindən araşdırılmasını istəyir.

«Hadisə bu il sentyabrın 27-də baş verib. Həmin gün oğlumun maşınında olmuş adamlar yola çıxmamışdan əvvəl qapımıza gəlib, onu özləri ilə aparıblar. Birlikdə nahar ediblər, alma yığıblar. Sonra da yola çıxıblar. Oğlum sükan arxasında olub, iki nəfər arxa, bir nəfər isə qabaq oturacaqda oturub. Həmin adamlardan ikisi Sabirabaddan, biri isə Lahıcdan olub. Lahıc kəndindən İsmayıllıya tərəf gedəndə yolda Hüseyn maşını aşırdıb. Oğlum boynundan zədə alıb, çənəsi sınıb. Mən müstəntiqlə və polislərlə birlikdə hadisə yerində olanda diqqət yetirdim ki, maşının içərisində qan yoxdur. Ancaq hadisənin səs-küyünə ora gəlmiş meşəbəyi deyirdi ki, Hüseyni maşından 25 metr aralıda lahıclının qolları arasında al qan içərisində görüb. Mən də müstəntiqə sual verdim ki, necə olur, oğlum maşından 25 metr aralıda qan içərisində olur, ancaq maşının içərisində qan yoxdur».

Elə atanı şübhələndirən də budur. Vəkil Əliyev deyir ki, İsmayıllı rayon Polis Şöbəsinin müstəntiqi Cəlal Abdullayev hadisənin dərinliyinə getməyib.

Hüseyn Əliyev hadisədən 22 gün sonra Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında vəfat edib. İki azyaşlı övladı qalıb. Vəkil Əliyev oğlunun ölümünün əsl səbəblərinin araşdırılmasını istəyir.

DİN: İDDİALAR ƏSASSIZDIR

Orxan Mansurzadə
Orxan Mansurzadə
DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, hadisə yerinin ekspertizası keçirilərkən müəyyən edilib ki, Muğanlı-İsmayıllı magistral yoluna az qalmış sürücü idarəetməni itirərək yoldan çıxıb və maşın aşıb:

«Hüseyn Əliyev tanışları Tural AbdullazadəVəfa Məmmədovla birlikdə olub. Yolüstü üçüncü tanışları, Lahıc qəsəbəsindəki «Cənnət» adlı kafedə işləyən İsmayıllı rayonunun Ərəkit kənd sakini Rafiq Abbasovla görüşüblər. Həmin kafedə süfrə arxasında xeyli spirtli içki qəbul ediblər. Sonra maşına minərək geri qayıtmaq istəyiblər. Ancaq Hüseyn Əliyev sükan arxasında idarəetməni itirdiyindən maşın zərblə çökəkliyə yuvarlanıb və qrunt yolla 74 metr məsafə qət etdikdən sonra aşıb. Maşın çökəkliyə zərblə çırpıldığından maşının qapıları açılıb, Tural Abdullazadə ilə Vəfa Məmmədov yerə yıxılıb. Sürücü ilə Rafiq Abbasov isə çevrilmiş maşında qalıblar».

Orxan Mansurzadə deyir ki, qəza zamanı baş nahiyəsindən ağır xəsarət almış Hüseyn Əliyev əvvəlcə rayon xəstəxanasına gətirilib. Xəsarətlərinin ciddi olması nəzərə alınaraq, onu Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Oktyabrın 17-də aldığı xəsarətlərdən vəfat edib.

Orxan Mansurzadə: «Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. Vəkil Əliyevin hadisə şahidlərinin bir-birinə zidd ifadə vermələri, istintaqın isə bu məsələləri araşdırmadığı barədə iddialarına gəlincə isə qeyd edək ki, cinayət işini aparan müstəntiq Cəlal Abdullayev tərəfindən şahidlərin, o cümlədən meşəbəyinin də ifadələri yerində yoxlanılıb. Üzləşdirilmə aparılıb, cinayət işinə aid bütün xüsusatlar aydınlaşdırılıb. Müəyyən edilib ki, ağır yaralı olan sürücünü maşından Tural Abdullazadə çıxarıb. Vəkil Əliyevin bu faktı şübhə altına almasının, oğlunun kənarda öldürülməsi, sonradan maşına qoyulması ilə bağlı dediklərinin heç bir hüquqi əsası yoxdur».

Orxan Mansurzadə bildirib ki, hadisə rayon prokurorluğu tərəfindən də yoxlanılıb.
XS
SM
MD
LG