Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:17

Yarpaqlara vurğun təmizlikçi


Sürəyya Mahmudova 4 ildən çoxdur təmizlikçidir
Sürəyya Mahmudova 4 ildən çoxdur təmizlikçidir
-
Süpürgə sapını ovcuna sıxıb. Gözlərini süpürdüklərindən çəkmir. Yalın geyinib. Nazik paltarı dekabrın soyuğuna tab gətirməz. Qısa corabını, yay başmağını da diqqətə alsan, «belə getsə, soyuqlayar!» deməkdən vaz keçməzsən. Arabir nimdaş əlcək taxdığı əlini tərini silmək üçün alnına aparır. Daha doğrusu, alnına düyünlədiyi yaylığa...

Bu ərazi onundur. Səhərdən-axşamacan küçə və səkiləri süpürür, tullantı qablarını təmizləyir. 22 il kimyaçı çalışmış 62 yaşlı Sürəyya Mahmudova 4 ildən çoxdur təmizlikçidir. Təqaüdə çıxandan paytaxt küçələrinin təmizliyinə göz qoyur. «Göz qoyur» deyəndə ki, süpürür. Maaşı az olsa da, işini sevə-sevə görür:

«Bu iş mənə maraqlı gəlir. Kimyaçılıq da yaxşı sənət idi. Su elektrik stansiyasında işləyirdim, gözəl günlər idi. Laboratoriyada çalışırdım. Suda ərp əmələ gəlməsin deyə, suları analiz edirdim. İndi də zibilləri analiz edirəm».

İNDİ DƏ ZİBİLLƏRİ ANALİZ EDİRƏM

Onun süpürdüyü ərazidə hər ağacın altında iritutumlu kisələr görmək olar. Bu kisələrin içində çoxlu yarpaq var. Yarpaqlara ayrıca sayqısı var, onları başqa tullantılara qatmır. Kisələri də al-əlvandır – göy, ağ, qara, qırmızı... Deyir ən çox rəngli kisələri sevir, «çünki həyat təkcə ağ-qaradan ibarət deyil».

«Nə qədər tökülsələr də, onları yığışdırıram»
«Nə qədər tökülsələr də, onları yığışdırıram»
Yarpaqlara ayrı sevgisi var. Onları toplayıb yığmaqdan ləzzət alır -- küçə demir, səki demir, bağ demir – toplayır yarpaqları və sığallayıb bir yerə komalayır. Yarpağa zibil deməyə də dili gəlmir:

«Qoy tökülsünlər. Nə qədər tökülsələr də, onları yığışdırıram. Xoşum gəlir, adamın ayağının altında qalır, xışıldayır. Sonra da mən onları süpürürəm».

Sürəyya Mahmudova tək yaşayır, maaşını uşaqlarına xərcləyir. Deyir onlar böyük olsalar da, işləmirlər. O üzdən onlara çalışır:

«Maaşım məni qane etmir. İndiki qiymətlərlə heç nəyə çatmır. Mən uşaqları düşünürəm. Özümə heç vaxt heç nə almıram, ancaq uşaqlarımı düşünürəm. Bütün günü işləyirəm. İşləyəndə fərqində olmuram. Ancaq sonra üşüyürəm. Yaxşı ki, xəstələnən deyiləm. Xəstəlik mənim yadıma düşmür».

HƏR DÜŞƏN YARPAQ GÖRƏNDƏ…

Foto: Arxiv
Foto: Arxiv
Sürəyya Mahmudovanın işi səhər saat 6-da başlayır. Ancaq işinə daha tez başlayır. Süpürgənin süpürə bilmədiyi zibilləri əli ilə yığır:

«Mən 6-nın yarısından, elə olur saat 5-dən işə başlayıram. Axşam saat 6-ya qədər. İki saatdan bir əraziyə çıxırıq. Yarpaqları çox süpürürəm. Hər düşən yarpaq görəndə fikirləşirəm ki, ömrümüzdən bir yarpaq da düşdü. Bir süpürgəni 2-3 gün işlədirəm. Başqaları mənim kimi deyil. Gündə dəyişirlər. Mən yaxşı saxlayıram. Mən həm də əlimlə çox işləyirəm. Zibillərin ən pisi siqaret kötükləridir, çünki cana ziyandır».

Sürəyya xanım deyir nə qədər işləyə biləcəksə, elə o qədər işləyəcək. Gözünün düşməni də kirli-paslı küçələrdir:

«Zibilli küçə görəndə, az qalıram bir süpürgə tapıb süpürüm».

Hava qaralır, alatoran düşür. Sürəyya xanım zibil qablarını bir də gözdən keçirir.
Hər yerin təmiz olduğuna arxayın olandan sonra «daha heç nə yoxdur» deyib evin yolunu tutur. Ancaq evə gedə-gedə arxasında sürüdüyü süpürgə yenə küçələri təmizləyir...
XS
SM
MD
LG