Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:09
-

«İki azyaşlı uşağım ürək xəstəsidir, həyat yoldaşım ürəyindən əməliyyat olunub. Heç yerdə iş yoxdur. Meşədən odun qırıb gətirirdim, üstünə 1-2 manat qoyub satırdım. Qazandığımın yarısını polislərə verirdim, yarısına da xəstələrimə dərman alırdım».

Şəkinin Baş Küncüt kəndində məskunlaşan Qabil Hüseynov «Qaynar xətt»ə danışır ki, qardaşı Səxavətin meşədən qırıb gətirdiyi oduna görə polislərə «haqq» verməməsi onları polislərlə üz-üzə qoyub. Qabil Hüseynov həbs olunacağından qorxur. Onu həbsə aparan hadisəni isə belə xatırlayır:

«Bu il oktyabrın 2-də Bərdədən toydan qayıdanda gördüm ki, Şəki rayon Polis Şöbəsinin əməkdaşı Nail Məmmədovla Oğuz rayon Polis Şöbəsinin işçisi Vüqar Feyzullayev evimizin qarşısında qardaşım Səxavətlə pul davası aparırlar. Qardaşım həmin gün Oğuz meşəsindən qırıb gətirdiyi oduna görə onlara haqq vermədiyinə görə düz qapımıza gəlmişdilər. Biz hər dəfə odun qırıb gətirəndə onlara yolda 100-120 manat haqq verirdik. Qardaşım dedi ki, bu dəfə yolda görünmədiklərinə görə pul verməyibmiş. Onlarla danışıb təzəcə razılığa gəlmişdik ki, bu vaxt Oğuz polisində əməliyyatçı işləyən Orxan Həşimov da gəlib çıxdı. Aramızda mübahisə düşdü, məni küçə söyüşləri ilə söydü və yumruqla vurdu».

Qabil Hüseynov deyir ki, o da polis işçisini cavabsız qoymayıb, nəticədə Orxan Həşimov yıxılıb və başı daşa dəyib. Sabahı gün onu Şəki polisinə çağırıblar.

BİLƏNDƏ Kİ, POLİS İŞÇİSİ VURUB MÜAYİNƏ ETMƏDİLƏR...

Arxiv foto

Arxiv foto

Qabil Hüseynov: «Orxan da məni vurmuşdu, gözümdən xəsarət almışdım. Sabahı gün Şəki xəstəxanasına getdim, biləndə ki, polis işçisi vurub, məni müayinədən keçirtmədilər və xəsarətlərimi qeydiyyata almadılar. Mənim şikayətlərimə baxan olmadı, əvəzində isə Orxanın şikayəti əsasında mənə qarşı cinayət işi başlandı. Gecənin bir vaxtı Oğuzdan Şəkinin Baş Küncüt kəndinə qədər gələn və oduna görə haqq vermədiyimiz üçün məni qapımda döyən sərxoş polis işçisinə qarşı heç bir tədbir görülmədi. Bir sözlə polisə haqq ödəmədiyimizə görə başımız bəlaya düşdü».

DİN RƏSMİSİ İSƏ HADİSƏNİ BELƏ NƏQL EDİR...

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə hadisənin Qabil Hüseynovun yaşadığı evin qarşısında deyil, meşə massivində baş verdiyini deyir:
«Oğuz RPŞ-nin gənc əməliyyat müvəkkili Orxan Həşimov bu il oktyabrın 2-dən 3-nə keçən gecə rayonun Şəki ilə həmsərhəd ərazisindən keçərkən, odunla dolu bir yük avtomobilini görüb və idarə etdiyi maşını saxlayaraq, həmin nəqliyyat vasitəsinə yaxınlaşıb. Bu zaman avtomobildə Qabil və Səxavət Hüseynov qardaşları olub.

Orxan Mansurzadə

Orxan Mansurzadə

Əməliyyat müvəkkili yüklə dolu maşının və odunun kimə məxsus olması ilə maraqlanıb. Qardaşlardan heç biri polis əməkdaşının sualına cavab vermədiyi üçün aralarında mübahisə yaranıb. Qabil Hüseynov yerdən götürdüyü daşla Orxan Həşimovun baş nahiyəsinə zərbə vurub. Güclü zərbənin təsirindən polis zabiti huşunu itirərək yerə yıxılıb. Qardaşlar hadisə yerindən qaçıblar».

Orxan Mansurzadənin sözlərinə görə, Oğuz Rayon Polis Şöbəsinin başqa əməkdaşı təsadüfən həmin ərazidən keçərkən meşə massivində əvvəlcə Orxan Həşimova məxsus avtomobili, sonra isə polis işçisinin özünü huşsuz vəziyyətdə görüb və onu xəstəxanaya götürüb.

Faktla əlaqədar Şəki rayon Prokurorluğunda cinayət işi başlanıb.

Qabil Hüseynov isə narahatdır ki, həbsxanaya düşsə xəstə ailəsi azuqəsiz, dərmansız qalacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG