Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:18

2012-ci ilin iqtisadi yekunları… [Video]


İqtisadçı-ekspertlər Nazim Məmmədov və Azər Mehtiyev ilə yekun vururlar.


-
Azər Mehtiyev:

«2012-ci ildə ölkə iqtisadiyyatı üçün xüsusilə vacib olan hadisələrin baş verdiyini o qədər də söyləmək olmaz. Biz deyə bilmərik ki, bu il hansısa iqtisadi islahatlara təkan verildi və yaxud da hansısa uğurlar qazanıldı. İlin iqtisadi hadisələrini sadaladıqda, təbii ki, ilk növbədə burada əmanətlərin qaytarılmasını qeyd etməliyik. Bunu sovet dövründən qalma əmanətlərin qaytarılması yox, onların əvəzlənməsi, əmanətlərə görə kompensasiyaların verilməsi prosesi adlandırmaq olar. İkinci məsələ ölkədə «Eurovision» mahnı müsabiqəsinin keçirilməsi və bununla bağlı həyata keçirilən infrastruktur işləridir. Belə bir müsabiqənin keçirilməsinə və ölkədə həyata keçirilən işlərə xərclənən vəsaitin miqyası maraq doğuran məsələ idi. Daha bir proses kimi TANAP layihəsinin imzalanmasını göstərə bilərik. Bu da çox önəmli layihələrdən biridir. Azərbaycan qazının Avropaya nəqli üçün uzun müddət müxtəlif variantlar üzərində iş gedirdi. Amma Azərbaycanla Türkiyə arasında TANAP layihəsinin imzalanması müəyyən qədər bu proseslərə aydınlıq gətirdi. Növbəti çox mühüm məsələlərdən biri BP ilə bağlı baş verən prosesdir. Prezident Nazirlər Kabinetinin müşavirəsində BP-ni müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham etdi. Bu da ilin iqtisadi göstəriciləri əsasında ən ciddi məqamlardan biridir. Ona görə ki, söhbət ölkədə neft hasilatı həcmlərinin ildən-ilə azalmasından gedir. Neft hasilatının azalması ölkə iqtisadiyyatı üçün son dərəcə önəmli hadisədir. Ölkə iqtisadiyyatının neftdən asılılıq səviyyəsinin hələ də davam etməsi ən çox narahatlıqlar doğuran məsələlərdəndir. Nəhayət, ilin hadisəsi həmişə olduğu kimi, büdcə müzakirəsidir. Əsas ciddi hadisələr sırasında bunları sadalaya bilərik...».

Nazim Məmmədov:

«Sovet banklarında qalan əmanətlərin kompensasiya şəklində verilməsinə dair fərmanın özü-özlüyündə olmasını müsbət addım hesab etmək olar. Çünki illər boyu bu barədə danışılırdı. Nəhayət ki, bu məsələ birdəfəlik həll olundu. Düzdür, əmanətçilər, elə ekspertlər də əmanətə görə verilən kompensasiya ilə razılaşmaya bilərlər. Ancaq bu prosesin həyata keçirilməsi mənim yaddaşımda normal hadisələrdən biri kimi qalmaqdadır. Eyni zamanda, neft istehsal edən ölkə olaraq proqnozların yerinə yetirilməsi, BP ilə bağlı proses diqqətçəkəndir. Hesab edirəm ki, ölkə başçısı çox düzgün edərək bu məsələni ictimailəşdirdi. Hər bir hökumət maraqlıdır ki, onun gəlirləri stabil olsun... Neft hasilatı proqnozlaşdırılmalıdır ki, ona uyğun xərclər də proqnozlaşdırılsın. Sonda cənab prezidentin bu prosesin bizim istəyimiz kimi həll olunduğunu qeyd etməsini alqışlamaq lazımdır...».
XS
SM
MD
LG