Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:38
-

Artıq ədəbi formaların əksəriyyəti o qədər istifadə edilib ki, onlar sıradan çıxıblar. Bu mənada Borxesdə, Bekketdə, Nabokovdakı oyun başlanğıcı, eksperimentallığa meyl indiki zamanda ən təqdirəlayiq yoldur.


QİSMƏT


John Barth: Tükənmişliyin ədəbiyyatı


Amerika ədəbiyyatında Tomas Pinçonla birgə "qara yumor" xəttinin ən məşhur nümayəndəsi, eksperimental romanlarıyla məşhurlaşan Con Bartın (John Barth. təvəllüd: 1930) əsərlərini anlamaq üçün onun proqram xarakterli "Tükənmişliyin ədəbiyyatı" (Literature of exhaustion) essesinə müraciət etmək lazımdır.

Bart bu essedə öncülləri Borxes, Bekket və Nabokov olan "tükənmişlik" ədəbiyyatından bəhs edir və yazır: artıq ədəbi formaların əksəriyyəti o qədər istifadə edilib ki, onlar sıradan çıxıblar. Bu mənada Borxesdə, Bekketdə, Nabokovdakı oyun başlanğıcı, eksperimentallığa meyl indiki zamanda ən təqdirəlayiq yoldur.

Bart, xüsusilə Borxesi yüksək qiymətləndirir və onun mətnlərindəki alleqoriya, tapmaca, parodiya, paradoks kimi elementləri "tükənmiş" əski formalardan, fəndlərdən çıxış yolu kimi göstərir, bütün bunları postmodern ədəbiyyat üçün ən önəmli özəlliklər hesab edir.

Con Bartın romanlarında reallıqla fantastikanın sərhədləri itir və bununla da o, qeyri-müəyyənlik, çıxılmazlıq və paradoksallıq effekti yaratmağa nail olur.

"Üzən opera" ( The Floating opera ) romanı bu mənada xarakterik cizgilərlə zəngindir. Əsərin baş personajı Todd Andrews ( Tod Endryus) rasional və intuitiv qərarlar, dillənmək və susmaq arasında ilişib qalmış paradoksal, qərarsız bir insandır. Todd kollecə oxumağa gedir, amma bu, onun fərdi qərarından çox atasının istəyidir və bu işdə könüllü deyil, sadəcə, atasının istəyini yerinə yetirir. Kollec dönəmində də, sonralar universitet illərində də, balaca bir qəsəbədə vəkil işləyəndə də, Todd həmişə özünə sual verir ki, "mənim burda nə işim var ?" Roman boyu Todd gah özünü cinsəl həyatdan məhrum edib zahidlik həyatı keçirir, gah ağlagəlməz dərəcədə əxlaqsız bir həyat keçirməyə başlayır, gah hər şeyə ironiya ilə yanaşır, gah merkantil maraqlarla yaşamağa başlayır, gah altruist olur. Todd tipik mənada XX əsr insanıdır, o gah dindardı, gah hedonistdir, gah nihilistdir, eyni zamanda bunların hamısıdır, həm də bunların heç biridir.

Con Bart insan təbiətinin paradoksal olmasına, bu təbiəti ucbatından da heç nəyə dəqiq John Barth

John Barth

avab verə bilməyəcəyinə işarə edir, o, daim çıxılmazlıq içindədir, nəinki ətrafında baş
verənləri anlamaq iqtidarındadır, heç öz qərarlarının, hərəkətlərinin izahını da bilmir. O, ən yaxın dostunun arvadı ilə yatanda da, buna biganədir. Todd üçün mərkəzi nöqtə yoxdur, onun üçün mənəvi olanla maddi olan fərq etmir.

Con Bartın "Yolun sonu" ( The end of road) romanının anti-qəhrəmanı Jacob Horner də eynən Todd kimidir, o da Todd kimi çıxılmazlıq, qeyri-müəyyənlik içindədir və bu ekzistensial vəziyyətin girdabında çırpınır.

Jacob həkiminin tövsiyəsi ilə ingilis dili dərslərinə getməyə başlayır, amma bundan sonra onun həyatı lap pisləşir, sonra o, eynilə Todd kimi dostlarının birinin arvadıyla yatır, bu gizli cinsəl münasibət bir faciə ilə nəticələnir: qadın hamilə qalır, ibtidai, leqal olmayan bir üsulla abort olunur və ölür.

Hər iki romandakı personajlar tipik nihilistlərdir və Bart onların qeyri-müəyyənliyini, çıxılmazlığını qabartmaqla, bir növ nihilizmi parodikləşdirir. Onun personajlarının heç bir individuallığı yoxdur, onlar yalnız iştirakçılardır. Həm "Üzən opera", həm də "Yolun sonu" romanlarında vizual-eksperimental maneralardan istifadə olunub.

Romanların hər ikisində də elə səhifələr var ki, reklam afişası, qəzet elanları şəklindədir. Bəzi hissələr qəzet məqaləsi kimi iki sütuna bölünüb. Hər iki əsərdə klassik xronologiya yoxdur. Bu romanların fərqli bölümlərində personajın fikirləri bəndlər şəklində, təkliflər, tezislər formasında yazılıb, bəzi hissələrdə isə qəhrəmanların yalnız adlarının baş hərfi var. Adların yalnız baş hərflə ifadə edilməsi ilə Bart insanın dünyayla münasibətdə fərdiliyinin minimuma endiyinə işarə edir, bu vəziyyətə gülür, kim bilir, bəlkə də qəhrəmanları kimi heç bunu eyninə də almır.

"Üzən opera" romanının birinci fəsli belə adlanır : "Tuning my piano" ("Pianomu kökləyəndə", yaxud "Pianomu akkord edəndə") Bu adla Bart yazma prosesinin özünə aid bir metaforadan istifadə edir və sanki oxucunu da indi oxuyacağı mətnə "kökləyir", "akkord edir".

Yazı prosesinin özünün mətnin bir hissəsi olması, yəni mətnin qurama olmasına bütün eyhamlar, işarələr postmodern mətnlərin əsas şərtlərindən biridir. Bart romanlarında başqa mətnlərlə intertekstuallıq yaradır və bu intertekstual əlaqə təkcə başqa müəlliflərin mətnləriylə deyil, həm də öz mətnləriylədir.

Məsələn, "Once upon a time" romanında ilk romanı "Üzən opera"nın adı bir yarımbaşlıq kimi istifadə edilib, yaxud "Yolun sonu" romanının baş qəhrəmanı Jacob "Üzər opera" romanındakı gəminin adıdır.

Jorge Luis Borges

Jorge Luis Borges

Romanları bir-birinə pas verən Con Bartın ənənəvi olmayan romanlarının, ümumi yaradıcılıq yolunun mahiyyətini anlamaq üçün "Üzən opera" romanından bu parça xarakterikdir :

"Həyat çayda üzən bir tamaşa gəmisi kimidir. O gəmi lövbər salmaq yerinə, çay boyu suyun axını ilə gedib gəlir. Çayın sahilində dayanan tamaşaçılar heç vaxt gəmidəki tamaşanı tam görə bilməzlər. Onların daha çox şey görmək üçün dayanıb gəminin bayaqkı yoldan geri qayıtmasını gözləməkdən və aradakı boşluqları başa düşdüklərinin, fantaziyalarının hesabına tamamlamaqdan başqa çarələri yoxdur."

***

Con Bartın romanlarında ən çox istifadə edilən metod təxminən meta-təhkiyə kimi tərcümə edə biləcəyimiz-metafiction-dır.

Hərçənd, fiction sözünü birbaşa roman sözüylə eyniləşdirənlər də var və bu halda o meta-roman kimi çevrilir.

Mən dəqiq təyin tapmaq iddiasında deyiləm və meta-təhkiyə sözündən istifadə edəcəm.

Meta-təhkiyə ənənəvi təhkiyənin reallıq-fantaziya dilemmasına qarşıdır: həm dil, həm də yazı manerası baxımından. Modernizmin önəmli saydığı "fərdin vacibliyi" iki dünya müharibəsindən sonra mənasını itirdi, insanlarda total ümidsizlik, xəyal qırıqlığı, dəyərlərin dəyərsizləşməsi və paranoik bir inamsızlıq yarandı. Obyektiv reallıq sorğu-sual mövzusu oldu. Realist romanları diri saxlayan iyerarxik struktur pozuldu, yazıçının obyektivliyi şübhə altına düşdü, mütləq sayılan əxlaqi dəyərlər dəyərsizləşdi. Beləliklə, postmodernizm "dirildi", Bodriyarın yazdığı kimi: "...qırıntılarla oynamaq, bax, bu - postmoderndir."

Postmodern mətnlərin ən vacib metodlarından olan meta-fiction-da yazıçı əsəri yazma prosesini də əsərə daxil edir və bununla mətnin qurama olduğuna işarə edir, hər şeyin o anda, spontan baş verməsini effektini yaradır. Yazıçının özündən, öz mətnindən xəbərdar olması (self-consciousness) mətn boyu xüsusi vurğulanır. Əsər boyu yazıçı yazdığı (ya da yazılmaqda olan) mətni də şərh edir.

Con Bartın Amerika Milli Kitab Mükafatına layiq görülən məşhur "Ximera" romanı bu mənada çox xarakterikdir.

Ximera mifologiyada aslan başlı, ilan quyruqlu, keçi gövdəli bir məxluqdur.

Bartın romanı Ximera kimi üç hissədən ibarətdir:

Birinci novella məşhur "Min bir gecə nağılları"na parodiya kimi oxunan, dekonstruktiv bir mətndir. Fəslin adı belədir: “Dünyazadnamə”.

"Min bir gecə nağılları"ndakı Şəhrizadın bacısı Dünyazadın hekayəsinin nəql olunduğu bu novellada Bart qarşımıza bir cin qiyafəsində çıxır və XX əsrdən Şəhriyar şahın
Ximera

Ximera

zamanına gedərək, ağıllı, gözəl Şəhrizadla təhkiyə, bədii mətnin strukturu haqqında söhbətləşir. Eyni zamanda gələcəkdən keçmişə informasiya daşıyır, Şəhrizada şaha hansı əhvalatları danışması haqqında məsləhətlər verir, bir növ casusluq edir.

Digər iki novellada isə yunan mifologiyasının məşhur qəhrəmanları Persey və Bellerefonun başına gələnlər yenidən "yazılır", yozulur. İkinci bölüm “Perseynamə”, üçüncü bölüm isə “Bellerefonnamə” adlanır. Bu bölümlərdə qadın haqları, ekologiya problemi, qəhrəmanlıq və s. haqqında sonsuz sayda maraqlı, gözlənilməz qənaətlər var.

"Ximera" romanının birinci fəslində Dünyazadın dilindən nəql olunan, Şəhrizadla gələcəkdən gələn cinin (Con Bartın) arasında gedən bədii mətn haqqında bir mükalimə var.

Həmin mükaliməni sitat gətirməklə, bütün ömrünü yazmaq, yaşamaq haqqında düşünmüş, eksperimentləri çox sevən böyük romançı Con Bartın romanlarına sizdə - intellektual oyunlarla dolu olan, təkcə əhvalatları yox, onları necə yazmaq haqqında da düşünən adamlarda maraq yaradacağımı ümid edirəm:

"...Cin bizə gəldiyi çağda ehtiraslarla maraqlanan alimlərin olduğunu söylədi, onlara görə, dil "bir çox cəhətdən sapqın, uşaqlara xas olan cinsəllik öncəsi coşğunluqdan" qaynaqlanırmış və dil ilə şüurlu şəkildə maraqlanmaq "libidinal hiperkateksis" imiş. Bunun doğrudan belə olub-olmadığı nə Şəhrizadın, nə də Cinin vecinə deyildi, amma sanki veclərinəymiş kimi danışmaq xoşlarına gəlirdi. Söhbətlərində ənənəvi dramatik struktur, kompozisiya ilə sevişmə arasındakı bənzərlikləri açıqladılar: bədii mətndəki başlanğıc, hərəkətin artması, kulminasiya və final ilə seksdəki oynaşma, birləşmə, orqazm və rahatlanma bir-birinə çox oxşayırlar. Mövzu olaraq sevginin (qəribədir ki, savaşın da) buna görə çox sevildiyinə inandıqlarını dedilər, aşiqlərin qucaqlaşması mətnin kulminasiyasıdır, cinsi akt sonrası yorğunluqsa nağıl danışmaq üçün ən təbii vaxtdır: sevişdikdən sonra yataqda, ya da macəra və ya savaşdan sonra tonqalın ətrafında, ya da evdə kaminin yanında nağıl danışmaqdan gözəl zaman ola bilərmi?"

Bu qədər. Hamısını indi desəm, nağıl qalmaz sabaha...
John Barth

John Barth

Günün bütün mövzuları

XS
SM
MD
LG