Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:45

Sevinc Babayeva beynəlxalq axtarışa verilib


-

Keçmiş ABU rektoru Elşad Abdullayevin rüşvətlə bağlı yaydığı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva beynəlxalq axtarışa verilib. Bu barədə İNTERPOL-un rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda Sevinc Babayevanın dələduzluğa görə axtarıldığı qeyd edilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu axtarış, Sevinc Babayeva ilə bağlı bir neçə il əvvəl Sabunçu polisində açılan cinayət işi ilə bağlıdır. Sabunçu polisində Sevinc Babayeva barəsində bir neçə il əvvəl dələduzluq maddəsi ilə cinayət işi olduğunu təsdiqləsələr də, ətraflı məlumat verməkdən imtina etdilər.

VƏTƏNDAŞLARA 100 MİN MANATDAN ARTIQ ZİYAN DƏYİB

APA-nın yazdığına görə, Sevinc Babayeva 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib.

İstintaq zamanı vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.

Amma hüquq-mühafizə orqanlarından agentliyə Sevinc Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olduğunu deyiblər.

Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev sentyabrın 25-də 2005-ci ildə deputat seçilməsi üçün ondan 1 milyon dollar rüşvət istənilməsini əks etdirən video yayıb. Sabiq rektor videoda onunla danışan qadınlardan birinin sabiq deputat Gülər Əhmədova, digərinin isə Sabir adına Kitabxananın sabiq direktoru Sevinc Babayeva olduğunu bildirib.

Həmin video ilə bağlı cinayət işi açılandan sonra YAP-dan olan deputat Gülər Əhmədova mandatından imtina edib. Sevinc Babayevanın harada olduğu isə bu günə qədər məlum deyil.
XS
SM
MD
LG