Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42
-



«Bizim yol» «Hakimiyyətdən Avropa Şurasına ağır ittiham» səsləndiyini yazır. Qəzetə müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, həmməruzəçilər Bakıda olanda görülən işləri yüksək qiymətləndiriblər.

«Həmməruzəçilərin Bakıdakı bəyanatları ilə indiki hesabatları üst-üstə düşmür». Siyasi məhbuslarla bağlı məsələlərə gəldikdə, Rəbiyyət Aslanova «bizi tənqid edənlərə konkret cavablarımız var ki, kim nəyin üstündə həbs olunub».

ELŞAD ABDULLAYEVLƏ BAĞLI NƏ İŞ GEDİR?

«Yeni Müsavat»a görə, «hakimiyyətin Parisdən video-kompromatları dayandırmaq planı var». Qəzet bununla bağlı iş aparıldığını yazır.

«Sabiq ABU rektorunun saxlanılıb Bakıya təhvil verilməsi variantı üzərində iş gedir. Onu neytrallaşdırmaq üçün yeni cəhdlər edilir...Ehtimal olunur ki, hüquq-mühafizə orqanları diqqəti video qalmaqallarından yayındırmaq üçün keçmiş rektoru bir sıra cinayət əməllərində ittiham etməyə hazırlaşır».

YAP-A GÖRƏ...

«Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan xalqı prezident seçkilərində yeganə namizəd kimi cənab İlham Əliyevi görür». YAP icra katibi Əli Əhmədov belə bir rəyin formalaşmasında ciddi əsasların olduğunu deyir. «İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib....yoxsulluq həddinin 49 faizdən 7 faizə qədər aşağı salınması, 1 milyondan çox yeni iş yerlərinin açılması insanlarımızın rifahının köklü surətdə dəyişməsinə səbəb olub».

QADINLARI ORDUYA ÇAĞIRMAQ

«Exo» qəzeti Azərbaycanda qadınların orduya çağırılması təklifindən yazır. Qəzet bu məsələnin ekspertlər səviyyəsində müzakirə olunduğunu yazır. Amma qəzetə müsahibəsində deputat Aydın Mirzəzadə vətəni qorumağın kişi işi olduğunu qeyd edir.

«Qadınların orduya çağırılması dünyada ancaq İsraildədir. Bu da insan resurslarının azlığı ilə bağlıdır. Hələ o da çətinliklə həyata keçirilir. Azərbaycana gəldikdə, mən fikirləşirəm bizim əhali kifayət qədərdir ki, orduya yalnız kişilər çağırılsın... Fikirləşirəm ki, kişilərin orduya çağırılmasını davam etdirməklə yanaşı, çağırış olmadan qadınlara da könüllü xidmət üçün şərait yaradılmalıdır...».

AZƏRBAYCANDAN BAŞQA HEÇ YERDƏ...

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Sumqayıtdakı çıxışını dərc edib.

«...mənzillərin verilməsi və binaların tikilməsi deyə bilərəm ki, çox nadir bir hadisədir. Çünki bildiyimə görə, postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, bu istiqamətdə belə güclü sosial siyasət aparılır. Minik maşınlarının verilməsinə gəldikdə isə, bütövlükdə Azərbaycandan başqa, heç bir yerdə belə təşəbbüslər irəli sürülmür. Bu günə qədər bizim 3500-dən çox vətəndaş dövlətdən maşınları hədiyyə olaraq almışdır».

...DƏYİŞİKLİK ÜÇÜN YAXŞI ZƏMİN

«Azadlıq» qəzeti ölkədə dəyişiklik üçün yaxşı zəmin olduğunu yazır. Qəzetə görə, «artıq yüzminlərin gözündə bu hökuməti ifşa etmək lazım deyil... Artıq hökumətin daxilindəki qruplar arasında çatlar yox, böyük qarşıdurmalar var. Artıq onlar bir-birilərini vurmaqla, bir-birləri haqqında kompramatlar ötürməklə məşğuldurlar».

Günün bütün mövzuları

XS
SM
MD
LG