Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00
-

Tarix göstərir ki, insanın yaratdıqları kifayət qədər - ağla gələn hər cür vəhşiliyi törədəcək, o cümlədən, yeganə təyinatı insanları öldürüb meyitlərini yandırmaq olan fabriklər quracaq dərəcədə qüsurludur.


20-ci əsr Amerika ədəbiyyatının ən görkəmli simalarından olan Kurt Vonnegut-un məqaləsi


Kurt Vonnegut

BÖYÜK PARTLAYIŞDAN NECƏ YAYINMALI?..

(Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)

«Şərəfsizlikdənsə, ölüm yaxşıdır!» - Vətəndaş müharibəsi vaxtı hər iki tərəfdəki bəzi hərbi dəstələrin belə bir devizi vardı. İndi isə, bu, 82-ci hava diviziyasının devizi ola bilər.

Mənə elə gəlir, bu cür deviz ölümün səndən sağda, yaxud solda, öndə və ya arxada dayanan əsgəri haxladığı savaşlarda hansısa məna kəsb edir. Amma bizim dövrün savaşlarında ölüm, çox asanlıqla, bütün canlıları, o cümlədən Qalapaqos adalarındakı göypəncə sümsükquşuları haxlayar.

O quşların pərli pəncələri həqiqətən son dərəcə parlaq-göy rəngdədir. Bir sümsükquşu o birinin xoşuna gəlməyə çalışanda qəşəng, parlaq-göy rəngli pəncələrini göstərməyə başlayır. Əgər Qalapaqos adalarına gedib o əsrarəngiz varlıqları görsəniz, istər-istəməz, siz də Çarlz Darvinin orda olanda gəldiyi nəticəni bölüşərsiniz. Bütün bunları yaratmaq üçün Təbiətə nə qədər vaxt lazım olub!

Biz bu planeti məhv eləsək, Təbiət yeni bir həyat yarada bilər. Bu, bütövlükdə bir neçə milyon ildə, Təbiət üçünsə, bir göz qırpımında başa gələr. Ancaq bəşəriyyət bu müddət barədə fikirləşmir.

Elə bilirəm ki, tərksilah olunmasaq – hərçənd, bizim üçün ən vacibi məhz budur – doğrudan da bir-birinin ardınca hər yeri partladıb dağıdacağıq.

Tarix göstərir ki, insanın yaratdıqları kifayət qədər - ağla gələn hər cür vəhşiliyi törədəcək, o cümlədən, yeganə təyinatı insanları öldürüb meyitlərini yandırmaq olan fabriklər quracaq dərəcədə qüsurludur.

Ola bilsin, biz Yerüzünə yalnız ona görə gəlmişik ki, buranı darmadağın edək. Biz Təbiətin əlində yeni qalaktikalar yaratmaq üçün əlverişli vasitə də ola bilərik. Öz silahlarımızı dayanmadan təkmilləşdirmək və ölümü şərəfsizlikdən üstün tutmaq üçün proqramlaşdırılmış olmağımız da mümkündür.

Silahlanma yarışı bütün planetə yayılar, sonra da gözəl bir gündə: paaart! Və yeni bir Süd Yolu peyda olar! Bəlkə də biz öz hidrogen bombalarımızdan qorxmamalı, onlarla fəxr eləməliyik. Onlar yeni qalaktikaların rüşeymləri ola bilər.

Bizi nə xilas edə bilər? Yəqin ki, ilahi bir müdaxilə. Gərək öz ixtiraçılığımızdan yaxa qurtarmaq naminə dua edək. Ancaq bu ixtiraçılıq bizə, bütün o raketlərlə, döyüş başlıqlarıyla yanaşı, indiyə qədər mümkün olmayanı – bəşəriyyətin yekdilliyini də bəxş edə bilər. Əsasən televiziyanı nəzərdə tuturam.

Mənim vaxtımda gənc əsgər müharibə peşmançılığını dadmazdan əvvəl mütləq döyüş meydanında olmalıydı. Onun tamamilə laqeyd halda evdə oturan valideynləri inanırdılar ki, oğlanları orda qorxunc yırtıcıları öldürür. İndi isə, var olsun müasir kommunikasiyalar, istənilən mütərəqqi ölkənin insanları artıq 10 yaşa çatanda müharibədən iyrənmiş olurlar.

Vonnegut-un müharibə dəhşətləri haqda bəhs edən romanı Azərbaycan dilində

Vonnegut-un müharibə dəhşətləri haqda bəhs edən romanı Azərbaycan dilində

Televiziyaya baxan amerikalıların ilk nəsli müharibəyə gedib qayıtdı: biz əvvəl o cür veteranlar görməmişdik.

Vyetnam veteranları niyə belə bədheybət olmuşdular? Biz onları «anormal böyüklər» kimi də tanıda bilərik. Onlar heç vaxt müharibə haqda xülyalara qapılmamışdılar. Onlar tarixdə ilk əsgərlər idi ki, lap uşaqlıqdan həm gerçək, həm də qurama döyüş səhnələrinə baxmış və müharibənin, elə onların özləri kimi insanların iştirak etdikləri, mənasız qırğın olduğunu anlamışdılar.

Əlbəttə, bu veteranlar evlərinə dönəndə – vaxtilə Ernest Heminqueyin elədiyi kimi – müharibənin hər cəhətdən iyrənc, axmaq, antibəşəri olduğunu bəyan edib, valideynlərinə sarsıntı yaşada bilərdilər. Amma Vyetnam savaşı veteranlarının valideynləri də müharibə peşmançılığını artıq dadmışdılar, onların çoxu hələ uşaqları okeanın o tayına yollanmazdan əvvəl bu müharibəni, birbaşa iştirakçıların diliylə, tanımışdılar.

Var olsun müasir kommunikasiyalar: biz hələ Vyetnama girməmişdən qabaq, hər bir nəsildən olan amerikalılar müharibədən ölümünə bezmişdilər.

Var olsun müasir kommunikasiyalar: Sovet İttifaqının indi Əfqanıstanda ölüb-öldürməkdə olan yazıq, bədbəxt cavanları hələ oraya getməmişdən əvvəl müharibədən təngə gəlmişdilər.

Var olsun kütləvi kommunikasiyalar: eyni sözləri bu saat Folklend adalarında ölüm-dirim savaşında olan Argentina və Britaniyanın yazıq, bədbəxt cavanları haqda da söyləmək olar.

Mən balaca olanda amerikalılar üçün, yaxud digər millətlərdən ötrü əcnəbilər barədə çox şey bilmək qeyri-adi hal sayılırdı. Bilənlər də mütəxəssislər – diplomatlar, tədqiqatçılar, jurnalistlər, antropoloqlar idi. Onlar da, adətən, ayrı-ayrı əcnəbi toplumlar, məsələn, eskimoslar, ərəblər, ya da bir başqaları barədə nələrsə bilirdilər. İndianapolis məktəbliləri kimi, onlar üçün də qlobusun iri-iri hissələri «terra incognita» – naməlum ərazilər idi.

Amma indi, görün, nələr baş verib. Var olsun müasir kommunikasiyalar: biz, praktiki olaraq, planetin hər kvadratmetrinin gözəlliklərini görmüş, ordakı səsləri eşitmişik. Əslində indi milyonlarla adi insan daha çox ekzotik yerlər görə bilir, nəinki mənim uşaqlıq çağlarımdakı səyyahlar.

Yəni artıq aydındır ki, heç yerdə bəşəriyyətin insanlardan, az qala eynilə bizim özümüz kimi olanlardan başqa, potensial düşməni yoxdur. Onların yeməyə ehtiyacı var! Heyrət! Onlar öz uşaqlarını çox istəyirlər! Heyrət! Onlar öz liderlərinin tabeliyi altındadırlar! Heyrət! Onlar eynən öz qonşuları kimi fikirləşirlər! Heyrət!

Var olsun müasir kommunikasiyalar, əvvəllər olmayan bir imkanımız var indi: istənilən insanın – hansı tərəfdə döyüşürsə döyüşsün – ölümündən, yaxud yaralanmasından kədərlənə bilirik.

Köhnəlib-çürümüş əlaqələr, kinli, irqçi cəhalət üzündən 37 il əvvəl biz hardasa bütövlükdə Xirosima əhalisinin məhvini bayram edəcəkdik. Biz onları zir-zibil sayırdıq, onlar da bizi.

Əgər, misal üçün, Kanzas-sitidə hamını məhv eləməyə imkanları olsaydı, onlar da sevinclə əl çalıb öz balaca sarı ovuclarını şappıldadar, əyri dişlərini ağardardılar.
İnsanlar dünyanın başqa sakinləri haqqında daha çox şeylər bilirlər, buna görə də indi düşmənləri öldürmək sevindirici iş olmaqdan çıxıb. O dərəcədə çıxıb ki, məsələn, Sovet İttifaqının hər hansı normal vətəndaşı onun ölkəsinin Nyu-Yorkun, Çikaqonun, San-Fransiskonun əhalisini tamamilə qırdığını öyrənsə, dəhşətdən başqa heç bir hiss keçirməz. Düşmənləri öldürmək sevindirici iş olmaqdan o dərəcədə çıxıb ki, ABŞ-ın istənilən normal vətəndaşı bizim ölkənin Moskvanın, Leninqradın, Kiyevin əhalisini bütünlüklə qırdığını bilsə, yalnız dəhşət hissi keçirər, başqa heç nə. Elə Naqasaki ilə bağlı da bu cür.

Çox eşitmişik ki, insanlar ya dəyişilməli, ya da dünya müharibələri aparmaqda davam etməlidirlər. Məndən sizə xoş xəbər: insanlar artıq dəyişiliblər! Biz daha cahil və qaniçən deyilik.

Dünən gecə bizim min il sonrakı nəsillərimiz - öz nəslini davam etdirməyi üstün tutanlar hamısı yuxuma girmişdi. Əgər o vaxta qədər Yerüzündə insan övladı qalıbsa, deməli, onlar bizim nəsillərimizdir.

Mən görən yuxuda bizim nəsillərimizin sayı-hesabı bilinmirdi. Bəziləri varlı idi, bəziləri kasıb, kimisiylə ünsiyyət xoş idi, kimisiylə dözülməz. Mən onlardan soruşdum ki, bütün çətinliklərə rəğmən, bəşəriyyət daha bir minillik ərzində necə duruş gətirə bilib? Dedilər ki, həm onlar, həm də əcdadları hər bir halda, hətta şərəfini itirmək qorxusu altında da, istər özləri üçün, istərsə başqalarından ötrü həyatı ölümdən üstün biliblər. Onlar hər cür təhqirə, alçaldılmaya, məyusluğa dözür, intihara və ya qətlə əl atmırlar. Təhqir edən, alçaldan, məyusluq yaradan da elə onlar özləridir.

Mən onları bir-birini sevməyə çağırıb, elə bir deviz təklif etdim ki, onu kəmərlərinin toqqasına, ya da futbolkalarına yapışdırarlar, yəqin. Onlara 19-cu əsrin məşhur qulduru və əxlaq carçısı Cim Fiskdən sitat gətirdim. Cim Fisk bu məşhur kəlamı “Eri Dəmiryolu”nda üzləşdiyi həddən artıq rüsvayçı bir hadisədən sonra dilə gətirmişdi. Məğlubiyyətini boynuna almaqdan başqa, Fiskin çarəsi qalmamışdı. Məsələ bitəndə, çiyinlərini çəkib - əgər ömrümüzü uzatmaq niyyətindəyiksə, bizim də deməyə öyrəşməli olduğumuz - bu kəlmələri söyləmişdi: «Şərəfini qorumaq heç vaxt gec deyil”.

«The New York Times», 13 iyun 1982.

Günün bütün mövzuları

XS
SM
MD
LG