Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Əzizə Cəfərzadəni ədəbiyyatdan küsdürən nə olmuşdu?


 Cavid Zeynallı və Kəmalə Cəfərzadə
Cavid Zeynallı və Kəmalə Cəfərzadə
-

Dekabrın 29-u xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür. Yazıçının qızı Kəmalə Cəfərzadə ilə söhbət...


Cavidlə xatırlamaq


Hərdən anamın yanımda olmağına çox böyük ehtiyacım olur. Xoş xəbər eşidəndə, yaxud əhvalım pis olanda, işlərim gətirməyəndə gözüm telefonu gəzir ki, onun səsini eşidim. Hər il Əzizə xanımın doğum gününü evdə qeyd edirik. Yaxınlar, doğmalar bir yerə yığışırıq, qar-çovğun olmayanda, qəbri üstünə gedirik.

Bizim babamızın məzarı indiki dağüstü parkda olub. Kirovun adını daşıyan park salınanda qəbir sahiblərinə deyiblər, ölülərinizi çıxarıb aparın. O dövrdə nənəmgil fikirləşib ki, şəhər yeridir, birdən yenə köçürmək məsələsi çıxararlar, ona görə də babamın qəbrini birbaş kəndə aparıblar.

Əzizə xanım anasını hədsiz çox sevirdi, onlar siam əkizləri qədər bir-birinə bağlı idilər. Özü vəsiyyət etmişdi ki, məni anamın yanında dəfn edərsiniz. Biz əslən şamaxılıyıq, Əzizə xanım Bakıda doğulub. Həmişə deyərdi ki, uşaq vaxt dilli-dilavər uşaq idim. Anamdan əvvəlki uşaqların heç biri qalmayıblar. Adını Əzizxanım qoyublar, sonra məktəbə gedəndə sənədlərə Əzizə yazılıb. Köhnə şamaxılılar anama həmişə Əzizxanım deyərdilər.

Əzizə Cəfərzadə həyat yoldaşı ilə
Əzizə Cəfərzadə həyat yoldaşı ilə
Babam vurub-yıxan, təhsilli adam olub. Sovet hakimiyyəti qurulanda o Bakıda yaşaya bilməyib. Daha doğrusu yaşamaq istəməyib, deyirmiş ki, mən belə hökumətə qulluq edə bilmərəm. Ailəsini Bakıda qoyub, köçüb Şamaxıya, orda evlənib. Amma əlaqələri tam kəsilməyib, yaydan-yaya nənəmgil Şamaxıya gedib-gəlirmişlər, istirahət edirlərmiş.



Qızıl kəmər və uşaqların çörək korluğu

Anamın doğulduğu ev indiki Mirzə Fətəli Axundov küçəsində - Milli Dram teatrının yaxınlığındadır. Sizə bir sirr açım, söhbətimiz səmimi olsun. Mən Əzizə xanımın qardaşının – Məmmədin qızıyam. On üç günlüyümdə Əzizə xanım məni götürüb şəhərə gəlib. Özü də bunun bir səbəbi-filanı olmayıb. Sadəcə, ailədə qız uşağı doğulduğuna görə, o sevincindən məni özü ilə Bakıya gətirib. Həmişə deyərdi, Azərbaycanda nə qədər yaşıma düşən oğlanlar, qızlar varsa, mənim balalarımdırlar. Uşaq olanda məndən soruşurdular kimin qızısan, utanırdım, bilmirdim kimin adını deyim. (gülür). Doğma atama Dadaş deyirdim, özü də hara gedirdisə deyirdi, bu mənim qızımdır.

Anam həmişə danışırdı ki, mən daşı yarıb çıxan, zəhmətlə özümə gün ağlayan adamlardanam. Atası öləndən sonra anasından başqa əl tutan, kömək edən heç kimi olmayıb. Nənəm tək canı ilə uşaqlarının hamısına mükəmməl təhsil vermişdi. Əslində, nənəm varlı, imkanlı olub. Dul qalandan sonra olan-olmazını satıb uşaqlarını müharibə illərində bir təhər dolandırıb. Yadımdadır, nənəm danışırdı, qızıl kəmərimi tərəziyə qoyub uşaqlar üçün çörək aldım.


İlk kitabın məhv olunması...


Azizə xanım, anası, nənəsi və atası ilə
Azizə xanım, anası, nənəsi və atası ilə
Anam cavan vaxtı ailəyə pul gətirmək, təqaüd almaq üçün iki yerdə - Bakı Teatr Texnikumunda və Pedaqoji Universitetdə paralel oxumaq məcburiyyətində qalıb. İlk hekayəsi 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub. 1948-ci ildə ilk şeirlər kitabı nəşr olunsa da, kitab tamamilə məhv olunub. Səbəbinə də belə izah ediblər: guya Əzizə Cəfərzadənin şeirləri salon lirikasına yaxındır, salon lirikasının elementləri var. O bu, anam uzun müddət ədəbiyyatdan küsüb, yazmayıb. Ta 60-cı illərə qədər... Təsəvvür edin, ilk kitabın taleyinin bu cür gəlməyi nə deməkdir. Sonralar Əzizə xanım elmi yaradıcılıqla məşğul oldu, dissertasiya mövzusunun müdafiə olunmağına mane olsalar da, yolundan dönmədi, mübarizə aparmışdı. Deyirdi ki, əlyazmalar fondunda çalışanda mən çox şey öyrəndim, çox şey qazandım.


Sonralar – 40 yaşından sonra ədəbiyyata qayıtmışdı. Daha çox səhərlər yazırdı. İşə gedənə qədər iki-üç saat yazmağı çox sevirdi. “Aləmdə səsim var mənim”, “Bakı - 1501” ona böyük şöhrət gətirdi. Bakı Dövlət Universitetində çalışırdı, son illərdə işləmək istəmədi, universitetin rektoru Abel Məhərrəmov ona şərait yaratdı, məsləhətçi kimi hərdən gedib-gəlirdi. İşdən çıxandan sonra xeyli rahatlaşmışdı, doyunca yaza bilirdi. İnsan kimi hədsiz həlim idi, uşaq vaxtı bizim təhsilimizə diqqətli idi. Biz də söz götürməyi xoşlamırdıq, çalışırdıq, oxuyaq, özümüzə bir yol açaq. Yəni şuluq uşaq olmamışıq. (gülür)

Atam təyyarəçi olub, anamla da kursda tanış olub evləniblər. Atamın işi əlaqədar Kamçatkada, Afrikada yaşayıblar. 1999-cu ildə atam, sonra əmim dünyasını dəyişdi. Bu iki insanı itirmək anama çox böyük təsir etdi, birdən-birə düşdü. Çalışırdıq onu tək qoymayaq, tez-tez yanına gedib-gəlirdik, orda-burdan danışırdıq ki, başı qarışsın, könlü xoş olsun.

Əzizə Cəfərzadə qızı Kəmalə və oğlu Turanla
Əzizə Cəfərzadə qızı Kəmalə və oğlu Turanla
zizə xanımın “Əqidə bəxtəvərləri” adında bir məqaləsi vardı. İndi danışa-danışa həmin yazını xatırlayıram. Elə bil o yazını özü haqqında yazmışdı. Özü də hamının gözündə əqidə bəxtəvəri idi, yaddaşlarda belə qaldı. Anama həddən artıq xalq sevgisi vardı. Xəstə olduğu dövrdə qardaşım işi ilə əlaqədar xaricə getmişdi, ona görə də anamın yanında mən qalırdım. Evimiz köhnə dəyirmanın yanında- AZAL-ın binasındaydı. İnanın, iki ayda onu sevənlər, oxucuları nələr eləmirdilər? Gəlib baş çəkirdilər, telefon zəngləri ara vermirdi. Flora Xəlilzadə anamın tələbəsi olub, yalan olmasın, hər gün gəlib baş çəkirdi. Mən sevinirəm ki, anam sağlığında da, bu gün də xatırlanır, unudulmur.


“Həkim başını buladı ki...”

Özünə bir köynək yaxın bildiyi dostları vardı, onlarla danışanda, görüşəndə özünü hədsiz xoşbəxt sayırdı. Maral Rəhmanzadə, Əzizə Əhmədova, Qılman İlkin, Məsud Əlioğlu, Qulamrza Təbrizi ilə möhkəm dost idilər. Qılman İlkinin qardaşı anamın müəllimi olub. Qılman müəllim həmişə zəng vururdu ki, ay balam, bu qıza nə oldu belə?

Qardaşım həmişə deyərdi, ay ana, sən yazmağa başlayanda yeməklərimizin dadı itir. (gülür) Doğrudan da, əlinin ləzzəti bambaşqaydı... Xəmir xörəklərini, çərkəz kababını, ərzuman küftəsini yaman dadlı bişirirdi.

Anamın həmişə səhhətindən şikayəti olub. Öd kisəsindən, kor bağırsağından cərrahiyyə əməliyyatları keçirmişdi. Ürəyindən tez-tez şikayət edirdi. Kaş son iki günün heç görməzdim. Qan analizini verəndən sonra həkimi başını buladı ki, çıxış yolu yoxdur, götürün evə. Qanında laxtalanma var idi, həkimlər kömək edə bilmədilər. Xəstəxanadan çıxardıq, yaxınlar, doğmalar gəlib görüşdülər, vidalaşdılar. 2003-cü ilin 4 sentyabrında gözlərini əbədilik yumdu.

Evdəki əlyazmalarını fonda vermədik. Düzünü deyim... ayrıla bilmədik onlardan. Təsəlli yerimizdir, istəmirik gözümüzdən uzaq düşsünlər...


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG