Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11
-
Adlarını əvvəlcə seçki kampaniyasında eşitdik, sonra qarşımıza gənclər təşkilatı kimi çıxdılar.

2010-cu ilin noyabrından fəaliyyət göstərən «Müsbət Dəyişiklik» Gənclər Hərəkatı son olaraq rastımıza sosial şəbəkələrdə yayılan «Qadınlara qarşı zorakılığa yox deyək!» videoçarxı ilə çıxdı. İnsan hüquqları ilə bağlı kampaniya çərçivəsində çəkilmiş bu video barədə «Flashmob»da təşkilatın üzvləri Nərmin RəhimliAtabəy Ağalarbəyli danışır:

«Gender mövzusu ilə bağlı videoçarx çəkilməli idi. Biz də ideya irəli sürüdük ki, cəmiyyətdə öz sferasında tanınmış insanlar bir mətni səsləndirsinlər və videoçarx hazırlayaq. Ümumilikdə ideya 2006-cı ildə Argentinada prezidentliyə namizəd López Murphy-nin seçki kampaniyasına aid çəkilən videoçarxdan götürülüb».

KİTAB KLUBU

MD-çilər təşkilatın daxilində yaratdıqları Kitab Klubundan danışırlar. Kitab Klubu təzə yaransa da, artıq 200-dən çox üzvü var:

«Üzvlərimizdən birinin təklifi ilə yaradıldı bu Kitab Klubu. Əvvəlcə fikirləşdik ki, daxili olsun, ancaq sonra hər tərəfdən ianə kitablar verildi. Biz də istədik ki, təkcə ictimai fəal olan gənclər yox, həm də universitetlərdən olan tələbələr, digər gənclər də yararlansın».

Atabəy Ağalarbəyli deyir ki, Kitab Klubunun yaradılması ofisi daha da canlandırıb:

«Kitablarımız çoxalıb, gənclər üçün də bu maraqlıdır. Ofis indi daha da canlanıb, müxtəlif gənclər kitabları götürüb oxuyurlar».

RAMİZ RÖVŞƏNLƏ GÖRÜŞ

Nərmin Rəhmli deyir ki, sentyabrda forum-teatrlar bitdikdən sonra qərara alıblar ki, həm teatrları, həm də yazar və şairlərlə görüşləri davam etdirsinlər. Ən son görüş isə Ramiz Rövşənlə olub:
Atabəy Ağalarbəyli

Atabəy Ağalarbəyli


«Axırıncı dəfə Ramiz Rövşənlə görüş təşkil etdik, 250-dən çox iştirakçı gəlmişdi. Bu tip görüşləri çoxaltmaq qərarına gəldik və Əkrəm Əylisinin yubileyi münasibəti ilə də görüş keçirdik... Yəqin ki, 2013-cü ildə başqa görüşlər də təşkil edəcəyik . Növbəti plan gənc yazarlarla görüşlərlə bağlıdır. Hazırda üzərində işlədiyimiz digər bir layihə «Alo, Yasamal»dır. Bu layihənin məqsədlərindən biri odur ki deputatlarla əhali arasında vasitəçi oluruq. Yasamal rayonunun sakinləri deputatlarına nəsə sözləri varsa, biz əlaqə saxlayırıq. Bu, həmçinin dövlət orqanlarına da aiddir. Nəsə problemləri varsa, biz orqanlarla körpü rolunu oynayırıq. «Qaynar xətt»imiz də var. 596 44 47 –bizim nömrəmizdir. Yasamal rayonundan zəng edib hüquqi məsləhət ala bilərlər».

YENİ LİDERLƏR

Nərmin və Atabəy niyə məhz «Müsbət Dəyişiklik» Gənclər Hərəkatının üzvü olduqlarını belə izah edirlər:

«Bu təşkilat yarananda demişdik ki, bizim əsas məqsədimiz yeni gənc liderlərin formalaşmasıdır. Biz cəmiyyətə yeni simalar, yeni liderlər təqdim edirik. Bir neçə üzvümüz hazırda xaricdə təhsil alırlar, amma əlaqəmiz var. Mən özüm elə seçki kampaniyasına qoşulana, təşkilatda olana qədər ölkənin ən yaxşı universitetində oxuyurdum. Amma yenə də əsas təcrübəmi burda qazandım».

Atabəy MD-ni ailə mühitinə görə seçib:

«Mən burda insanların bir-biri ilə münasibətini izləyirdim. Görürdüm ki, təşkilat yox, ailədirlər. Bir neçə insanla tanış oldum və ünsiyyət qurdum, o təşkilatda özlərini tapıb, orada formalaşıblar. Təkcə universitetdə oxumaq kifayət etmir. Düşündüm ki bir təşkilata qoşulum. Məqsədlərimə yetmək üçün bu təşkilatı uyğun bildim…».


Verilişi tam olaraq burdan dinlə:


Şərhləri göstər

XS
SM
MD
LG