Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:39

Ənvər Əliyev 'Meydan sirləri'ni açdı


Ənvər Əliyev Azadlıq meydanında
Ənvər Əliyev Azadlıq meydanında

-
Ənvər Əliyevin 1988-ci il Meydan hərəkatından bəhs edən «Meydan sirləri» kitabı çapdan çıxıb. Kitabın müəllifi ilə müsahibəni diqqətinizə çatdırırıq:

- Ənvər bəy, meydanda hər nəfərin öz həqiqəti, həm də öz yaddaşı olur. Kitabı yazarkən siz nəyə arxalandınız-- yaddaşınıza, yoxsa gündəliklərə?

- Təkzibolunmaz faktlara, istintaq zamanı verilən şahid ifadələrinə, hüquqi sənədlərə və s. arxalanmışam. Məni tanıyanlar, xüsusilə də vəkillər təkid edirdilər ki, bu kitab mütləq yazılmalıdır. Çünki Azərbaycanın yeni tarixinin ən mükəmməl, ən qürurverici hadisələrindən biri olmasına baxmayaraq, Meydan hərəkatı barədə şayiələr, həqiqətə uyğun olmayan faktlar, böhtanlar baş alıb gedir. Fakt, həqiqət öz yerini tutmalıydı. Təbii ki, bu hadisələrin bir hissəsini o işin içində olan adam kimi mən bilirdim. Əsas istəyim o idi ki, mən dediklərimi hüquqi sənədlərlə təsdiqləyim. Yadımdadır, SSRİ Baş Prokurorunun köməkçisi İlyuxinin- sonradan o SSRİ-nin Baş Prokuroru oldu- başçılığı ilə Xüsusi İşlər Üzrə İstintaq qrupu araşdırmanı bitirəndən sonra iş məhkəməyə ötürüldü. Elə həmin vaxt mən oradan xeyli material götürə bildim. Təbii ki, hamısını götürmək imkansız idi. Ortada 33 cildlik, 200-dən artıq insanın şahid ifadələri və s. var idi. Bu, məndə çaşqınlıq yaratdı. Nemət Pənahlının vəkili olmuş R. Zeynalov da məni bu işə ruhlandırdı. Dedi ki, Ənvər, bu sənin ideyan, sənin təşkilatçılığının məhsuludur. Niyə yazmırsan? Elə onunla birlikdə biz şəhər məhkəməsinə getdik. Oradan lazım olan bütün sənədlərin surətini götürdük. Ondan sonra hadisələr barədə daha aydın təsəvvür yarandı. Odur ki, xeyli əziyyətdən sonra 1999-cu ilin yanvarında işə başladım. Yaddaşımda da hər şey yaxşı qalmışdı. Üstəlik, gündəliklərim də vardı. Bunların hamısını cəmləşdirib hər sətrində altına imza atacağım bir kitabı yazmağa başladım- sübutlarla, şahidlərlə, sənədlərlə danışan bir kitab. Kitab, dediyim kimi, 1999-cu ildə yazıldı. Amma sonra müəyyən problemlər oldu, baş qarışdı, maliyyə məsələsi də oldu. Bəziləri hətta mənə dedi ki, çap eləmə, səndən inciyənlər olacaq. Kitabın çapına kömək etmək istəyənlər də oldu- amma öz versiyalarında... Mənsə qətiyyən razı olmadım. Düşündüm ki, Meydan Hərəkatı olduğu kimi yazılmalıdır. Tarixə toxunmaq olmaz! Əslində, kitabı bu il noyabrın 17-nə çatdırmaq istəyirdim. Təəssüf ki, baş tutmadı. Nəhayət ki, bir ay gecikməklə çapdan çıxdı və kitabı ilk öncə mənə doğma olan radioya təqdim etdim.

- Sağ olun. Kitabın adını «Meydan sirləri» qoymusunuz. İndiyədək müxtəlif media orqanlarına müsahibələriniz yer alıb. Kitabda danışdıqlarınızdan fərqli sirlər varmı?

- Çox, həddindən çox! Azərbaycanda gözəl jurnalistlər var. Amma ictimai mühit elədir ki, bu jurnalistlər analitik fikrə az əhəmiyyət verirlər. Kitabın başlanğıcındakı hadisələr- hərəkat necə yarandı, alovlandı və s. elə olmalıdır ki, əlavə xətalara yol açmasın. Onu da deyim ki, 1988-ci il Meydan hadisələri- ilk mitinqlər zamanı ən çox böhtana uğrayanlar mübarizənin özünü aparanlar tərəfindən olub. Bəhanələr, böhtanlar, qarayaxmalar baş alıb gedib, hərə nəyisə öz adına çıxmaq istəyib. Meydanda xeyli sirlər gizlənib. Bu günə qədər heç kəs bilmir ki, o hadisələr necə oldu, necə başladı? Orada hansı məqamlar var idi? Düzdür, mənim arxamca gələnlər bunu bilirdi, amma cəmiyyətə çatdırmaq, tarixdə olduğu kimi qalma, sənədləşmə baxımından bu kitab o funksiyanı yerinə yetirdi. Kitabı oxuyan adam bu böhtanların, qarayaxmaların tam cavabını həmən verə bilər. Maraqlıdır ki, müstəntiqlər işin içində olmayan adamları dindiriblər. Məni isə uzun müddət dindirmədilər. Sonralar onlarla konfliktlər yaşadım. Saxtalaşdırma, şantaj, psixoza əl atırdılar. Mən orada çox sənədlərə qol çəkmədim. Dedim ki, 1989-cu ilin əvəzinə 1939 (repressiya illərindən biri—S.İ.), KQB-nin əvəzinə NKVD yazın qol çəkim...Təbii ki, onlar bununla razılaşmırdılar və mənə istədikləri pisliyi edirdilər. Bir də ki, o dövr tamam başqa idi. Fanatik bir düşüncə vardı. Təsəvvür edirsinizmi, mitinqə hazırlaşırıq, qadınlar birinci gedir, gecələr meydanda qalır, gündüzlər küçələrdə qışqırırlar ki, tələsməyin, bir az yavaş gedin, uşaqları bağçaya qoyub sizə qoşulacağıq. Və yaxud, eyvanlardan gül atırdılar, su atırdılar başımıza...Hamı elə bilirdi ki, mitinqlər olanda biz dərdimizi dünyaya çatdıra biləcəyik. O mitinqlərdə müstəqillik, demokratiya, insan haqlarından daha çox torpaq problemi var idi. O dövrün insanı torpağın hər qarışını qorumağa hazır idi. Bax, dövrün həmin psixoloji məqamları kitabda əks olunub. Mən hərdən cavanlarla danışanda, görürəm onlara bu dövr yaddır, yabançıdır. Amma dövrü yaşamış adamlar buna daha həssaslıqla yanaşırlar. Mənə deyirlər, niyə kitabı qısa yazmısan, gərək daha geniş yazaydın... Fikrimcə bu kitab o dövrdə Azərbaycançılıq, millətçilik, suverenlik, dövlətçilik, ərazi bütövlüyü uğrunda böyük hislərlə, fantastik arzularla yaşayan insanların hislərinə müəyyən təsir göstərəcək. Bir daha sualınıza qayıdıb bildirirəm ki, kitabda indiyə qədər mətbuatda, radio-televiziyada açıqlanmayan sirlərin üstünə işıq tutulub. Bu, hökumətdə çalışan adamlara da aiddir, özümün indiyədək görüb, amma işıqlandıra bilmədiklərimə də, tanıdığımız-tanımadığımız, artıq dünyasını dəyişmiş adamların qürurla verdiyi ifadələrə də...

- Ənvər bəy, kitabın təqdimatı olacaqmı?

- Vallah, bilmirəm...Bu yöndə mənim imkanlarım bir az məhduddur. Olsa, yaxşı olardı. Amma mən artıq öz funksiyamı yerinə yetirdim. Kitab məhdud tirajla çıxıb. İstərdim ki, kitabdakılardan çox adam xəbərdar olsun. Fikrimcə, ehtiyac olsa, yeni çapı ola bilər.

- Bəs kitab satışda olacaq?

- Yəqin ki, olacaq. Hələ dəqiqləşdirməmişik. Buna sonra əlavə şərh verərik...

- Hər dəfə Azadlıq Meydanının yanından ötəndə hansı hislər bürüyür sizi? Yenə gərək olsa Meydanı seçərdinizmi?

- (gülür) Hə, o hislər maraqlıdır... Siz elə simə toxundunuz ki, mən o sualı cavablamaya bilmərəm... Həm də ürəkdən, səmimi cavab verməliyəm. O meydandan keçəndə, insanın hədsiz qürurlu vaxtları yada düşür... Düzdür, orada çatışmazlıqlar da vardı, nöqsanlar da... Bütün bunlara baxmayaraq, meydan adama tükənməz enerjili, fanatik düşüncəli günlərini yada salır. Biz artıq o hislərə laqeydləşmişik. O yerlərsə bizdən ötrü qəribsəyir... Bax, belə duyğular keçir könlümdən. İnanıram ki, o meydan nə vaxtsa həmin fantastik hislərlə yaşayan insanlarla dolacaq. Orada Azərbaycanın gələcəyi, əldə etdiyi müstəqillik, demokratiya, insan haqlarını daha da möhkəmləndirmək yolunda çıxışlarımız, söhbətlərimiz olacaq.

- Oldu, Ənvər bəy, müsahibəyə görə sağ olun.

- Mən də, sizə təşəkkür edirəm, Sevda xanım.

XS
SM
MD
LG