Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:49
-

«Şənbə günü gəlib, bildiriş verib getdilər. Dedilər ki, birinci gün sökməyə gələcəyik. Evim 106 kvadrat metrdir. Buna görə mənə 75 min manat verirlər. Mən o pulla heç vaxt bu ərazidə, belə şəraitli ev ala bilmərəm. Metropoliten işçisi deyir ki, alarsan», Namiq Məlikov küçəsinin sakini Sürəyya Rəhimova belə deyir.

Bu küçənin sakinləri narazıdır. Onların evləri «Memar Əcəmi-2» stansiyasının tikintisi ilə bağlı plana düşüb. Stansiyanın tikintisi 2013-cü ilin sonuna nəzərdə tutulub. Sakinlər verilən kompensasiya ilə razı deyillər. Onlar prezidentin Nazirlər Kabinetinə göstərişindəki kimi hər kvadrat metr üçün 1500 manat istəyirlər.

Gülçöhrə Ağayeva da prezidentin göstərişindəki pulu istəyir: «Prezident sərəncam verib özü üçün deyir, mer sərəncam verib o da özü üçün deyir. Bu dövlətin yiyəsi kimdir, biz kimik? Aparıb birdəfəlik töksünlər Kürə, bilək ki, yaşamırıq burda. Ən son gələn mənəm, 45 ildir ki, burda yaşayıram. Bu insanlar burda doğulub, burda boya başa çatıblar. Sabah prezident seçkisi olanda getməyəcəyik səsverməyə».

«PREZİDENTİN AYIRDIĞI PULU İSTƏYİRƏM»

Elmira Abdullayeva

Elmira Abdullayeva

Elmira Abdullayevanın mənzili 127 kvadrat metrdir. Ona 105 min manat kompensasiya veriləcəyi deyilib: «Prezident nə qədər pul ayırıbsa, o pulu istəyirəm. Bunlar gəlib özbaşına deyirlər ki, o pul sizə verilməyəcək. Onda mən də evdən çıxmıram. Burda doğulub böyümüşəm. Ancaq mənə verilən pul kənddə ev almağa güclə çatar. Evim 127 kvadratdır. Mənə deyirlər, səni nə qədər qane edir? Elə bil bazardır. Mən evimi satmıram, onlara lazımdır, onlar almaq istəyir, özləri də cığallıq edir».

Bakı metropoliteni rəisinin müavini Arif Rəsulovun imzası ilə sakinlərə bildiriş gəlib. Bildirişdə xəbərdarlıq edilir ki, 2012-ci il dekabrın 17-dək mənzillər boşaldılsın. Bundan təlaşa düşən sakinlərdən bəziləri evlərini sökməyə başlayıb.

Mehparə Ağayeva da belələrindəndir:

Mehparə Ağayeva

Mehparə Ağayeva

«Gül kimi təmirimi vurub dağıtdım. Qorxutdular ki, gəlib sökəcəyik. Mən neyləyim, bilmirəm. O pula necə gedim? Evim 100 kvadrat metrdir. 82 min manat pul verirlər. Bildiriş gətiriblər ki, qol çək. Məcbur edirlər. O gün də qazımızı kəsməyə gəlmişdilər. Qulağımla eşitdim, deyirdilər ki «qazlarını, işıqlarını kəs, gör necə gedirlər. Mən niyə gedib hansısa kənar bir kənddə ev almalıyam?».

«İKİ KÖRPƏ UŞAQLA QALDIQ KÜÇƏLƏRDƏ»

Zəhra Haqverdiyevaya təklif olunan 80 min manat pula heç Sulutəpədən də ev ala bilmir: «120 min manata mənə Sulutəpədə ev təklif ediblər. Mənim orda nə işim var? Bu qışın günündə iki körpə uşaqla qaldıq küçələrdə».

Bir müddət əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə açıqlamasında yeni stansiyaların tikintisində sakinlərlə problem yaşadıqlarını, sentyabra qədər tikintinin başa çatacağını deyib.

Köçürmə əməliyyatını Nəsimi Rayon İcra Hakimiyyəti və Bakı Metropoliteni gerçəkləşdirir. Həmin qurumların məsələyə münasibətini dəqiqləşdirmək mümkün olmadı. Nə birbaşa, nə də telefon zənglərinə cavab verildi.

Şərhləri göstər

XS
SM
MD
LG