Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:18
-
Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib.

Budəfəki iclasda onunla keçmiş deputat Gülər Əhmədovanın gizli səsyazısı dinlənilib.

Səsyazının keyfiyyəti söylənənləri dəqiq anlamağa imkan verməsə də, Gülər Əhmədovanın bir xahişi – «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızının «Xural» qəzetinə verdiyi müsahibənin dərc olunmamasını Əvəz Zeynallıdan təkidlə istəməsi aydın sezilirdi.

Gülər Əhmədova:

- Qəzetin ildə neçə sayı çıxır?

Əvəz Zeynallı:

- 52.

Gülər Əhmədova:

- 52 qəzetin xərci nə qədər edir? (Özü hesablama aparır). 26 min manat edir. Mənim 10 min manata gücüm çatır.

«40 DƏFƏ MONTAJ OLUNUB»

Səsyazısında hansısa görüntüdən də söhbət gedir. 5 dəqiqəyə yaxın söhbətdən sonra dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmə zalında həm telefonla, həm də üzbəüz danışıqların səsyazısı ətrafında suallar verdi. Əvəz Zeynallı səsyazısı olan telefon danışığının ona aidiyyəti olmadığını bildirdi:

- 30 yerə yazıb, əl telefonundan ora yazıb, ordan kompüterə yazıb, kompüterdən diskə yazıb, 40 dəfə montaj olunub, gətirib bura çıxarıblar. İstintaq da mötəbər sübut kimi götürüb, 14 aydır məni salıb bura. Mənim yerimə orda kim danışırdı -- bilmirəm, mənim səsim deyil. O səs başdan-ayağa saxtadır. Bu nə biabırçı bir şeydir ortalığa çıxarmısınız?

Prokuror:

- Ekspertin gəldiyi nəticəyə görə, qadın səsi Gülər Əhmədovaya, kişi səsi sizə məxsusdur.

Əvəz Zeynallı:

- Ekspert çox söz deyə bilər. Mən bu saxta səsyazısını qəbul etmirəm və ekspertləri də dəvət edəcəyik.

«NƏ GÖRÜNTÜDÜR ELƏ?»

Gülər Əhmədova

Gülər Əhmədova

Sonra dövlət ittihamçısı «Xural» qəzetinin redaksiyasında yazılmış səsyazısı ilə bağlı suallar verdi:

- 26 min manat məsələsinə necə aydınlıq gətirirsiniz?

Əvəz Zeynallı:

- Özünüz də qulaq asdınız ki, Gülər özü gəlib, danışıb, özü hesablama aparıb, durub-gedib. Mənim ağzımdan orda 26 min sözü çıxıb?

Prokuror:

- Orda Gülər Əhmədova hansısa görüntüdən danışır. Nə görüntüdür elə?

Əvəz Zeynallı:

- Gülər ibtidai istintaqda da, məhkəmədə də deyir ki, guya mən «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızı ilə birləşib Gülərin hansısa görüntüsünü yaymamaq üçün ondan pul istəmişik. Əslində isə belə deyildi. Nigarın özü ilə bağlı Gülərdə görüntü vardı və Gülər mənim əlimlə Nigarı şantaj etmək istəyirdi. Ümumiyyətlə, bir daha deyirəm ki, Gülər Əhmədova planlaşdırılmış şəkildə, əvvəlcədən Ramiz Mehdiyevin və Əli Həsənovun tapşırığı ilə səsimi yazmağa gəlmişdi. Mən bu qadından mümkün qədər qurtulmaq istəmişəm. Sonrakı fəaliyyətim də sübut edir ki, bu qadının telefon zənglərinə cavab verməmişəm.

Əvəz Zeynallıya vəkillərin sualları səslənib.

Məhkəmə dekabrın 26-da davam edəcək.

Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG