Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39
-
Qusarda elə kəndlər var ki, nəinki paytaxtda yaşayanların, yerli qusarlıların çoxunun da onlardan xəbəri yoxdur. Bu kəndlərin rayon mərkəzi ilə əlaqəsi o qədər zəifdir ki, rayon sakinlərinin çoxu ən yaxşı halda onların adını eşidiblər.

Şimali Qafqaz dağlarının ətəklərində yerləşən Quturğan icra nümayəndəliyinə aid Quturğan, Sudur, Quxur kəndləri də bu sıradandır.

HAVADAN YAXIN, QURUDAN UZAQ

Quturğan İcra Nümayəndəliyi Qusar rayon mərkəzindən təqribən 70 km uzaqdır. Ancaq rayon mərkəzindən bu nümayəndəliyə təqribən 3 saata getmək olur. Çünki yolun böyük hissəsi dağlıq ərazidən, qayalıqlardan keçir. Yay vaxtlarında bu nümayəndəliyə çətinliklə də olsa getmək olur. Qışda isə, kənd sakinlərinin dediklərinə inansaq, yol bağlanır, nümayəndəliyin digər yaşayış yerləri ilə əlaqəsi kəsilir.

Quturğan İcra Nümayəndəliyi bir neçə kəndi birləşdirir, hamısı da bir dağ silsiləsinin döşündə yerləşir. Bu kəndlər hava məsafəsi ilə bir-birinə çox yaxın olsalar da, quru yol etibarilə olduqca uzaqdır. Çünki kəndlərin yerləşdiyi bu dağ silsilələri bir-birindən kanyonlar və dərələr vasitəsilə ayrılır.

QAYALARIN ÜSTÜNƏ VƏ ALTINA SIĞINMIŞ KƏNDLƏR

Bu kəndlərin relyefi və quruluşu olduqca ekzotikdir. Kəndlər, demək olar ki, qayalıqlar üzərində yerləşir, üzünə açıq mənzərə açılır.

Hüquqi baxımdan Quxur kəndinə aid Takar məhəlləsi isə qayaların üzərində deyil, əksinə, altında yerləşir. Bu qədim yaşayış məskəninin qayalar altında salınmasının əsas məqsədi güclü yağıntılardan qorunmaqdır.

Bu kəndlərin ərazisində olduqca maraqlı şəlalələr də var. Suları o qədər bol olmasa da, təmiz və içməlidir.

Bu kəndlər qayalıqlar üzərində yerləşdiyi üçün əsas nəqliyyat vasitəsi at və «Niva» markalı maşınlardır.

Şərhləri göstər

XS
SM
MD
LG