Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47
Rusiyanın Novosibirsk şəhərində xörək duzu tapmaq mümkün deyil.

Rusiyada, Ukraynada 21-i dekabr ərəfəsi əsil alış panikası yaşanır. Çoxları dünyanın axırına tədarük görür.Termoslar, kerosin lampaları, ərzaq,... kimin əlinə nə keçir, hamısını alırlar.

Alimlər, dini xadimlər nə qədər desələr də ki, dekabrın 21-i maya təqvimində 5125 illik dövrün yalnız sonudur, dünyanın axırı deyil, bunun elə bir təsiri yoxdur.

30 DOLLARLIQ DƏST

İşgüzarlar isə dünyanın axırı vəlvələsindən faydalanırlar.
Tomskda “Marina Mendelson” nikah agentliyi “hədiyyə” adlı xüsusi sayt açıb, dünyanın axırından salamat qalmaq istəyənlərə zəruri məhsulların dəstini təklif edir.

Təxminən 30 dollar qiyməti olan komplektə uzun kəndir, araq, qələm, dəftərçə, sabun və başqa məhsullar daxildir.

“YALANÇI ELMİ İNFORMASİYALAR”

Rusiya rəsmiləri isə biznes adamlarından fərqli olaraq bu baş verənlərdən narahatdırlar.

Rusiya Dumasının bir qrup deputatı ölkənin aparıcı televiziyalarının rəhbərlərinə məktub yazıblar ki, dünyanın axırı haqda “yalançı elmi informasiyalara” televiziyada yer verməsinlər.

Rusiyanın baş naziri Medvedev, Fövqəladə hallar naziri Puchkov, baş sanitar həkim Onishenko və başqaları dünyanın axırı haqda şayiələrə son qoymağa çağırırlar.

VATİKANIN BAŞ ASTRONOMU

Dünyanın axırını gözləyənlər təkcə Rusiyada yox, dünyanın hər yerindədirlər.

Vatikanda Roma papasının baş astronomu bildirib ki, maya təqviminə əsaslanıb, dünyanın axırından danışmaq hətta müzakirə olunası mövzu da deyil.

ABŞ-ın kosmik agentliyi NASA indiyədək görünməmiş addıma gedib. NASA xüsusi hesabat yayıb: “2012-ci ildən sonra: Niyə Dünya qurtarmayacaq”.

YUMORLU SİYASƏTÇİLƏR

Bu ayın əvvəlində Avstraliyanın baş naziri Julia Gillardın çıxışının videosu internetdə yerləşdirilmişdi. Gillard deyirdi “ Dünya bitmək üzrədir.
Son mərhələ zombilər olacaq yoxsa Koreyanın K-Pop qrupunun tam triumfu, ancaq siz bir şeyi bilməlisiniz: mən sizin uğrunuzda axıracan vuruşacam”.

ŞİRKƏTLƏRİN REKLAMLARI

Dünyanın iri şirkətləri də reklamlarda dünyanın axırı motivindən yararlanırlar -

Amerikanın Chevrolet şirkətindən tutmuş

Amerikanın Shock Top pivəsinin satışına qədər hamı və hər şey dünyanın axırından faydalanmaq istəyir.

RTANJ DAĞ HOTELLƏRİ DOLUDUR

Serbiyada Rtanj dağları yaxınlığındakı hotellər indidən turistlə doludur. Onlar burda dünyanın axırından qorunmaq istəyir.

İnanca görə, bu dağlar piramida şəklində strukturun üstünü örtür, bu piramidanı min illər qabaq başqa planetdən gələnlər qoyub, gediblər.

Burdakı hotellərdən birinin meneceri Blecic Azadlıq Radiosuna deyir: “Son 10 gündür, hamı zəng edir, yer istəyir. Ancaq yerlər tutulub. Bu hotellərin adətən 20 faizi ancaq tutulur. 2-3 ailə bizimlə Avstriyadan əlaqə yaradıb. Serbiyanın paytaxtı Belqraddan gələnlər var. Hətta deyəndə ki, hotel doludur, bizdən soruşurlar ki, hotelin həyətində maşın dayancağında və ya restoranında qalmaq olarmı?”

Dünyanın axırını gözləyənlər dağlara daha iki ölkədə də sığınırlar. Bunlardan biri Fransadadır, o birisi Türkiyədə.

GEDƏ BİLMƏYƏNLƏR ÜÇÜN

Kim ki belə uzağa, dağlara gedə bilmir, onlara işgüzarlar öz ixtiralaraını təklif edirlər.

Bir çinli fermer fiberşüşədən və poladdan 7 kürə düzəldib. Onun fikrincə, bunlar onun sərnişinlərini dünyanın axırı fəlakətlərindən qoruyacaq.

ABŞ-da Larry Hall adlı ev dəllalı köhnə raket qülləsindən lüks sığınacaqlar düzəldib. Onlardan ən azı 3-nü sata bilib, hərəsini 2 milyon dollara...

ETNİK MAYA NƏ DEYİR?

Etnik mayaların öz dediklərinə görə, maya təqvimini “dekabrın 21-də dünyanın sonudur”- kimi yozmaq düzgün deyil.
Bitən indiki dövrdür. Dekabrın 22-də yeni dövr başlanır.

VƏ NƏHAYƏT, BAKININ ÖZÜNDƏ 19 DEKABRDA FACEBOOK-DAN:

"Şəhərin müxtəlif yerlərində "Qiyamət duası" satırlar. 21 dekabra az qaldığından "dua"nın qiyməti qalxıb".

Şərhləri göstər

XS
SM
MD
LG