Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

"Üzeyir bəy sinə tarını Sadıqcanın adına yazmağa məcbur oldu"


Azerbaijan-RFERL correspondent Shahnaz Baylargizi, composers Elmir Mirzoyev and Firudin Allahverdi
Azerbaijan-RFERL correspondent Shahnaz Baylargizi, composers Elmir Mirzoyev and Firudin Allahverdi

Şahnaz Bəylərqızı, Cavid Zeynallı


“Tar kimindir? İranın ya Azərbaycanın?”
“Pen klub”da musiqişünas-araşdırmaçı Mahmud Salah, bəstəkar Elmir Mirzoyev və kulturoloq Firidun Allahverdi ilə bu suala cavab axtardıq.




“İRANDA FARS TARI YOXDUR, TAR TÜRK ALƏTİDİR”


Firidun Allahverdi:

- Əslində burda mübahisə üçün çox əsas yoxdur. İran tarı və bizim tar başqa-başqa alətlərdir. Yəni bizim tar – Azərbaycan tarı deyilən alət XIX əsrdə şuşalı tarzən Sadıqcan tərəfindən düzəldilib. İran tarı qədimdir, beş simlidir, dizdə çalınır, qolu uzun, çanağı kiçikdir.

XIX əsrə qədər tar deyiləndə bu nəzərdə tutulurdu. İran mədəni arealında çalınırdı. Ancaq Azərbaycan İrandan ayrılandan sonra, XIX əsrdə proqressiv küləklər əsməyə başladı. Şuşa özü də multikultural şəhər idi, burda müxtəlif mədəniyyətlər qarışmışdı. Bu mühitdə Mirzə Sadıq İran tarını yenilədi və İran tarı üzərində yeni alət yaratdı: 11 simli, çanağı böyük, qolu bir az qısa. Və bu tarı dizdə deyil, sinədə çalırlar. Tamam yeni alət meydana çıxdı. Mənim xatırladığım qədər Azərbaycan tarı Şərqdə yeganə alətdir ki, belə ciddi evolyusiya keçib. Bir alətdən başqa alətə çevrilib.


Şahnaz Bəylərqızı:

- Mahmud bəy, Firidun Allahverdi deyir ki, Azərbaycan tarı İran tarı əsasında yaranıb. Razılaşırsızmı?


Mahmud Salah:

- İran deyiləndə Azərbaycan nəzərdə tutulmalıdır. Tar indiki Cənubi Azərbaycan ərazisində yaranan alətdir. Tar türk sözüdür, tel, tarım deməkdir. İndi biz ayrılmışıqsa, arada sərhəd çəkilibsə, o demək deyil ki, İrandakı Azərbaycan tarı deyil. İranda fars tarı yoxdur. Yəni İrandakı diz tarı da, sinə tarı da Azərbaycan xalqına məxsusdur. Onu da deyim ki, Sadıqcana qədər də bizdə sinə tarı olub. Sadəcə olaraq 1920-ci illərin sonunda tara, muğama mühakimə qurulanda, muğamı, tarı İranla bağlayanda Üzeyir bəy sinə tarını Sadıqcanın adına yazmağa məcbur oldu. İranda Qacarlar dövründə Ağa Əli Əkbər adlı böyük tarzənimiz olub. O 1821-ci ildə doğulub. 1857-ci ildəsə sinə tarı var idi. Nəzərə alsaq ki, Sadıqcan 1846-cı ildə doğulub, o 1857-ci ilədək bu tarı hazırlaya bilməzdi. Yaş baxımdan mümkün deyildi. Yəni 5 simli sinə tarımız var idi.


“TARI SADIQCANIN ADINA BAĞLASAQ, BELƏ ÇIXIR Kİ, ONUN 100 YAŞI VAR…”

Ş.B:

- Yəni deyirsiz ki, Azərbaycan tarını Sadıqcanın adı ilə bağlamaq olmaz?

M.S:

- Tarı Sadıqcanın adı ilə bağlasaq belə çıxır ki, bizim tarın cəmi-cümlətanı 100 yaşı var. Muğamlarımız bizə min illərdən gəlir. Yəni dediyim kimi Sadıqcanın adına bu günkü tarı bağlamaq olar.


“BİZİM TAR ADƏM DÖVRÜNDƏN VAR İMİŞ?”

F.A:

- Mahmud bəyin dediyini anlamadım. Bizim bu 11 simli tar Adəm vaxtındanmı var imiş? Hamı bilir ki, 11 simli tarı Sadıqcan yaradıb. Ondan əvvəl bu tarın olması haqda şəkil yoxdur, qaynaq yoxdur…

M.S:

- Mən dedim ki, Sadıqcan 11 simli sinə tarını yaradıb. Amma ona qədər 5 simli sinə tarımız da var idi, 5 simli diz tarı da var idi. Həmin bu tarı bizim Mirzə Fərəc 1904-cü ildə İranda Rəşt xanının qarşısında müsabiqədə çalıb. O tar bizim muzeyimizdə də var.

F.A:

- Amma məsələ burasındadır ki, o 5 simli tar tarixdə olsa belə bu gün aktual deyil.

M.S:

- Bu gün bizim 11 simli tarımız Özbəkistanda erməni aləti kimi tanınır. Biz bunun üçün dava etməliyik. Biz tarın 100 yaşını olduğunu deməməliyik. Bəli, Sadqıcanın tarı təkmilləşib.

F.A:

- Amma bu gün sizin dediyiniz 5 simli tarı Azərbaycanda çalan yoxdur.

M.S:
Firidun Allahverdi və Elmir Mirzoyev
Firidun Allahverdi və Elmir Mirzoyev

- Təbii ki, olmamalıdır. Fikrət Əmirovun atası Məşədi Cəmilin 15 simli tarı var idi. “Musiqi lüğəti”ndə də adı çəkilir. Mirzə Mansurun 13 simli, 56 pərdəli tarı var idi.

F.A:

- Amma bunlar eksperiment idi.

“NİYƏ “BAYATI-ŞİRAZ”, “BAYATI-İSFAHAN” VAR, AMMA “BAYATI-TƏBRİZ” YOXDUR?”

Ş.B:

- Bu tarın keçdiyi təkamül yolu idi. Sizcə, İranda bəzi sənətçilər niyə tarın UNESCO-nun siyahıya salmasına belə həssas yanaşırlar? Bununla bağlı ekspert qrupunun yaradıldığı da söylənir.

F.A:

- Mənə elə gəlir ki, İranla Azərbaycan musiqiçiləri oturub aydınlaşdırmalıdırlar ki, hansı tar kimə məxsusdur. Əgər 11 simli tardan gedirsə, bu azərbaycanlılarındır.

M.S:

- İranda 50 milyon azərbaycanlı yaşayır. 20 milyon da fars var. Deməli, 59 milyonundur tar. Niyə biz onu farslaşdırmalıyıq? Niyə ona İran tarı deməliyik?

F.A:

- Müəllim, mənim bir sualım var. Bu dünyada İran tarı deyilən bir şey var? Mən başa düşmədim.

M.S:

- Qarabağ tarı Sadıqcanın düzəltdiyi tardır. Sabah Qarabağ ermənilərdədir deyə biz tardan imtina edək?Bu gün də söhbət İran dövlətində qalan tarımızdan gedir. İran tarı yoxdur, yox! Onu biz bölürük: İran tarı, fars tarı, türk tarı… Tar Azərbaycanındır.

F.A:

Mədəniyyət elə bir anlayışdır ki, onu bəzən bölmək olmur, bu filankəsin mədəniyyətidir, o filankəsin. Şərq mədəniyyəti böyük mədəniyyətdir. O müxtəlif mədəniyyətlərin qarışığından yaranıb. Bu gün Azərbaycanda ifa olunan muğamların adlarına baxaq: “Bayatı-Şiraz”, “Bayatı-İsfahan”, “Üşşaq”… Müəllim, mən eşitməmişəm, “Bayatı-Təbriz”, “Bayatı-Ərdəbil”, “Bayatı-Urmiyə” var?.. Azərbaycanlılar yaşayan yerlərin adları yoxdur muğamda, hamısı fars adlarıdır. Siz bunu necə əsaslandıra bilərsiz?

M.S:

- Muğamın adları farslar dövlət qurmamışdan var idi. Bəzi adları sonradan qoyublarsa, biz bundan imtina etməli deyilik ki…

F.A:

- Əvvəl bunlar necə adlanırdı?

M.S:

- Məsələn?

F.A:

- Məsələn, “Zabul”. Zabulustan Pakistanda vilayətdir. “Mahur” Hindistanda bir vilayətin adıdır, “Hicaz” Ərəbistanda yer adıdır, “Üşşaq” Anadoludakı Uşaq şəhərindən götürülüb. Biz desək ki, muğam ancaq azərbaycanlılarındır, tar azərbaycanlılarındır, farslara dəxli yoxdur, dəvəquşuya oxşayarıq. Başımızı quma salmışıq, ayağımız göydədir. Bir nəfər sual edə bilər ki, balam, tar, muğam farsların deyilsə, tək siz yaratmısınızsa, niyə bir türk sözü yoxdur, türk şəhər adı yoxdur onun adında? Mədəniyyəti bir xalqla, etnik qrupla bağlamaq düzgün deyil. Alətləri defines etmək lazımdır. Yəni bu Azərbaycan tarıdır, o İran tarıdır.

M.S:

- Mən sizinlə razıyam. Üzeyir bəy deyirdi ki, tar bütün Şərq musiqisini tarda təcəssüm etdirirdi. Bununda bütün Şərq musiqilərini çalmaq olar. Yəni tar beynəlxalq tardır. Bunu Orta Asiyada da çalırlar, İranda, Əfqanıstanın bəzi yerlərində… Təbii ki, biz deyə bilmərik ki, heç bir xalq bundan yararlanmasın. Halal xoşları, nə qədər istəyirlər çalsınlar. Gör nə qədər gözəl alətimiz var ki, hamı çalmaq istəyir. Ancaq Azərbaycan tarının yaşını 100 il etmək bizə yaraşmır. Bir fars, bir erməni bunu təkmilləşdirə bilmir, bu türkün tarıdır.



“İNANDIRICI GÖRÜNMÜR Kİ, İRAN UNESCO İLƏ PRİNSİPƏ GİRSİN”

Azerbaijan -- RFE/RL Azeri Service correspondent Shahnaz Beylergizi, Baku, 20Nov2012
Azerbaijan -- RFE/RL Azeri Service correspondent Shahnaz Beylergizi, Baku, 20Nov2012
Ş.B:

- Azərbaycan tarı UNESCO-nun siyahısına düşəndən sonra İranda belə fakir səslənir ki, Azərbaycanın xalçanı, sazı, muğamı siyahıya saldırması siyasi motivlərlə bağlıdır. Yəni İrana olan münsibətlə bağlıdır. Bu fikirləri haqlı saymaq olarmı?

F.S:

- Mən bu qərarları siyasi motivli saymıram. İnandırıcı görünmür ki, UNESCO İran mədəniyyəti ilə prinsipə girsin.


“BU MƏNƏ GÖRƏ ABSURD DAVADIR”


Elmir Mirzoyev:

- Böyük bir sivilizasiya arealı olub. Bunun da həmin arealda yaşayan xalqlara təsiri olub. İranda da “tari torki” anlayışı var. Tarın bir növü türklərə məxsusdur. Sadəcə, bu tarın müəllifi var, Sadıqcan. O tarı modernləşdirib. Tarın kamilləşməsinə, texniki imkanlarının artmasına səbəb olub. Nəticədə texniki tərəf Üzeyir bəyin, başqa böyük musiqiçilərimizin düşüncəsi ilə daha da inkişaf etdirilib. Bir qədər Avropa alətlərinə yaxınlaşdırılıb. İranda tar minillik ənənəsinə sadiq qalıb, yəni olduğu kimi qalıb. Əslində bu absurd davadır mənə görə. Ona qalsa XX əsrin ortalarına qədər Firdovsi haqda tacik şairi deyilməmişdi. Fars şairi kimi qələm verilirdi. Sovet imperiyasında belə tendensiya yarandı ki, hər xalqın özünün dahisi var. Elə hesab edildi ki, taciklərin də Firdovsisi var. İran da o zaman zəif idi, buna etiraz edə bilmədi. Ancaq bu cür davalar gülməlidir. Mən “dolma müharibələri” adlı esse yazmışdım. Bizim ermənilərlə kültür davalarımız olur daima… 2006-cı ildə sülhpərvər missiya ilə Ermənistana getmişdim. Orda bizim atalar sözünü misal çəkdim. Erməni də deyir ki, bizdə də buna bənzər sözlər var. Sonra maraqlandım, gördüm İranda da fars dilində də bu atalar sözləri var. Bizdəki “ağrın alım” ifadəsi ermənicə də var, farsca da. İran sivilizasiyasının bu areldakı xalqlara təsiri daha böyük olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG