Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01
-
Göyçayın Ləkçılpaq kəndindən Elşən Abdullayev deyir ki, qardaşı Fərhad Abdullayev polis tərəfindən şərlənib, məhkəmə də ona 1 il həbs cəzası kəsib:

«Kəndimizdə birinin cibinə narkotik atıb tutmuşdular, bu, qardaşımın gözü qarşısında baş vermişdi. Ora-bura yazdığına görə öz cibinə də atdılar».

Elşən Abdullayev deyir ki, qardaşı həbs olunarkən hüquqları pozulub, vəkillə təmin olunmayıb və işgəncəyə məruz qalıb:

«Hal şahidlərindən biri bizə açıq şəkildə dedi ki, onu polisə aparıb təzyiq göstəriblər ki, Fərhadın üzünə dayanmasan, sənin özünü də ilişdirəcəyik. Həmin hal şahidi polisdə ifadə versə də, məhkəməyə gəlmədi. Polisdə təzyiqlərə məruz qalması ilə bağlı bizə danışarkən öz razılığı ilə səsini yazdıq. Məhkəməyə gəlib qardaşımın üzünə dayanmadığına görə indi o, polisin qorxusundan Rusiyaya qaçıb».

«TƏQSİRİNİ ÖZÜ ETİRAF EDİB»

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, polisdə Fərhad Abdullayevin narkotik aludəçisi olması barədə əməliyyat məlumatı olub. Orxan Mansurzadə

Orxan Mansurzadə

Mayın 15-də Göyçay RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Fərhad Abdullayev tutulub, üstünə baxış zamanı cibindən 9 qrama yaxın marixuana tapılıb:

«CM-in 234.1 maddəsi ilə cinayət işi qaldırılaraq istintaq aparılıb. Fərhad Abdullayev istintaqa ifadəsində göstərib ki, narkotik vasitəni özünün istifadəsi üçün tanımadığı bir adamdan alıb. Onun narkotik aludəçisi olduğu müvafiq ekspertizanın rəyi ilə də təsdiqlənib. Fərhad Abdullayev məhkəmədə də istintaqa verdiyi ifadəni təsdiqləmiş, tutduğu əməldən peşman olduğunu bildirmişdi. Artıq o, məhkəmənin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib».

DİN sözçüsü Elşən Abdullayevin hal şahidi ilə bağlı dediklərini təkzib edib:

«Məhkəmə bütün tərəfləri və hal şahidlərini dinləyib, cinayət işinə aid bütün xüsusatları araşdırıb. Elşən Abdullayevin hal şahidi ilə bağlı dedikləri yalandır. Əksinə, məhkəmə prosesi zamanı Fərhad Abdullayev qardaşına cinayət işinə dair onun adından yuxarı instansiyalara əsassız və böhtan xarakterli məlumatlar göndərməsini irad tutub, onun belə hərəkətlərinə heç bir lüzum olmadığını bildirib».

Elşən Abdullayev isə «Qaynar xətt»ə bildirib ki, qardaşı barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verəcəklər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG