Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Naxçıvanda işdən çıxarılan müxalifətçinin başına daha nələr gəldi?


Əfqan Məmmədov

Əfqan Məmmədov

-
«Qaynımın qoluna qandal vurub aparıblar Şahbuz Rayon Prokurorluğuna. Mənə də zəng edib hədələyirlər ki, banka olan borcunu ödəməsən yaxşı olmayacaq».

Müsavat Partiyası Naxçıvan MR Təşkilatının fəalı Əfqan Məmmədov siyasi əqidəsinə görə, özünə və yaxınlarına təzyiqlər olduğunu bildirir. O deyir ki, təzyiqləri Şahbuz Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon prokurorluğunun əməkdaşları həyata keçirir:

«HƏR İKİ İŞİMİ İTİRDİYİMDƏN KREDİTİ QAYTARA BİLMƏDİM»

«Ötən il Daylaqlı kəndindəki torpaq sahəmizi girov qoyub, «Naxçıvan kredit» Bank Olmayan Kredit Təşkilatından (BOKT MMC) 1000 manat kredit götürmüşdüm. Notariusda bağlanan müqavilədə göstərilirdi ki, krediti qaytara bilməsəm, torpaq kredit təşkilatının hesabına keçəcək. Hər iki işimi itirdiyimdən pulu qaytara bilmədim. Qanunla torpaq kredit təşkilatının hesabına keçməlidir. Buna etiraz etmirəm. Ancaq bank qalıb bir tərəfdə, icra hakimi bir tərəfdən, prokurorluq da digər tərəfdən düşüblər üstümə ki, pulu qaytarmalısan. Mən də deyirəm ki, siz bu işə qarışa bilməzsiniz. Kredit təşkilatı bilər, mən bilərəm. Günahım var, qoy məhkəməyə versinlər. Prokurorluq kimdir ki, bu məsələyə qarışsın».

Əfqan Məmmədov deyir ki, ona təzyiq kimi qaynını bir neçə dəfə prokurorluğa aparsalar da, hazırda qohumu azadlıqdadır. O, siyasi əqidəsinə görə, əvvəllər də təzyiqlərlə üzləşdiyini deyir.

Arxiv foto: Naxçıvan

Arxiv foto: Naxçıvan

Əfqan Məmmədov bu ilin avqust ayında AzadlıqRadiosuna bildirmişdi ki, siyasi əqidəsinə görə, öncə çalışdığı Naxçıvan Dövlət Filarmoniyasından, daha sonra dərs dediyi Culfa Rayon Bənəniyar kənd musiqi məktəbindən uzaqlaşdırılıb. Əfqan Məmmədov hər iki iş yerindən eyni vaxtda uzaqlaşdırılmasını özünə qarşı siyasi təzyiq sayırdı. Müsavatçı fəal hesab edirdi ki, onun işdən çıxarılması heç bir qanuna söykənməyib. Elə buna görə də Naxçıvan şəhər məhkəməsinə üz tutub. Lakin bildirdiyinə görə, məhkəmədə də onun şikayətini qəbul etmək istəməyiblər.

RƏSMİLƏR NƏ DEYİR?...

Hələ o vaxt Naxçıvan Dövlət Filarmoniyasının müdiri Elman Əliyev və Culfa Rayon Mədəniyyət Şöbəsinin direktoru Fikrət Cəfərov AzadlıqRadiosuna verdikləri açıqlamada Əfqan Məmmədovun əmək intizamını pozduğuna görə işdən uzaqlaşdırıldığını bildirmişdilər. Naxçıvan Şəhər Məhkəməsindən də iddiaları rədd edirlər.

Əfqan Məmmədov deyir ki, Naxçıvanda səsi eşidilmədiyindən hüquqlarını qorumaq üçün Bakıya üz tutub. Bakıya gələndən sonra isə bir neçə dəfə zəng vurub, ondan Naxçıvan haqqında mətbuatda çıxış etməməyi tələb ediblər. Əfqan Məmmədovun bildirdiyinə görə, kredit məsələsi də o, bu tələbə əməl etmədikdən sonra başlayıb:

«QOHUMLARIMI NİYƏ İNCİTMƏLİDİRLƏR?»

«İndiyə kimi kredit təşkilatı bir dəfə də olsun məndən pulunu istəməyib. İcra hakimiyyəti ilə prokurorluğun mənə qarşı siyasi təzyiqdir. Bəlkə də təşkilatla icra hakimiyyətinin hansısa gizli razılığı var, bir-birindən pul qazanırlar biz bilmirik? Tutaq ki, borcum var. Buna görə qohumlarımı niyə incitməlidirlər?».

Arxiv foto: Mərkəzi Bankın Bülbülədəki filialı

Arxiv foto: Mərkəzi Bankın Bülbülədəki filialı

«Naxçıvan Kredit» BOKT MMC-dən Əfqan Məmmədovun onlardan girov müqabilində kreditlə pul götürdüyünü və borcu gecikdirdiyini təsdiqlədilir. MMC-nin müavini Rəşad Həsənov :

«Bəlkə başqa işə görə prokurorluğa çağırıblar. Torpaq qoyub pul götürüb bizdən. Gecikməyə görə, məhkəməyə müraciət edəcəyik. Maraqlandım bizə dedilər ki, o, salamat adam deyil, Naxçıvandan qaçıb».

Şahbuz Rayon İcra Hakimiyyətindən də «Naxçıvan Kredit» BOKT MMC ilə hər hansı əlaqələrinin olmadığını bildirdilər. İcra hakiminin köməkçisi Elnur Baxşəliyev:

«BUNUN İCRA HAKİMİYYƏTİNƏ NƏ DƏXLİ?»

«Kredit verən təşkilat özü yığmalıdı pulunu. Bunun icra hakimiyyətinə nə dəxli? Onlar müqavilə bağlayarkən razılaşıblar ki, necə qaytarılacaq. Bəlkə, kredit təşkilatı prokurorluğa özü müraciət edib. İnanmıram ki, icra hakimiyyəti bu işlərə qarışsın».

Şahbuz Rayon Prokuroru Ramiz Məmmədov isə belə işlərə qarışmağa səlahiyyətlərinin çatmadığını bildirdi:

«ONUN QOHUMU İLƏ NƏ İŞİMİZ?»

- Bizim ona nə aidiyyətimiz? Bizim onunla işimiz yoxdur. Təşkilat bilər, özü bilər.

- Əfqan Məmmədov deyir ki, onun qohumlarını qolunu qandallayıb aparıblar.

- Kim deyir? Onun qohumu ilə nə işimiz? Özü nə vaxt qayıdıb gələr, ödəyər öz pulunu. Bizə nə dəxli var? Mən rayonun prokuroruyam. Məhkəmə bilər, kredit təşkilatı bilər.

Yalçın İmanov

Yalçın İmanov

Hüquqçu Yalçın İmanov da bildirir ki, qanunla hər hansı şəxsin kredit təşkilatı ilə borc mübahisəsi yalnız məhkəmə vasitəsi ilə həll oluna bilər:

«Bu mülki – hüquqi məsələdir. Bu halda yalnız məhkəməyə müraciət olunmalıdır. Məhkəmə araşdırıb müəyyən etdikdən sonra ki, həmin şəxsin borcu var, bununla bağlı qətnamə çıxarılmalıdır. Prokurorluğun, yaxud hansısa hüquq – mühafizə orqanın bu işə qarışması absurddur. Girov vardırsa, məhkəmə girovla da bağlı qərar çıxartmalıdır».
XS
SM
MD
LG