Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39
-
Qış bayramında yeni tamaşa göstəriləcək, tanış personajlar—«Şəngülüm, Şüngülüm, Məngülüm» bir daha uşaqları sevindirəcək. Üstəgəl, balacaları sevimli Şaxta baba və Qar qız qarşılayacaq.

Musiqili Komediya Teatrının kollektivi bu il də balaca tamaşaçılarına qış tətili günlərində zəngin repertuar hazırlayıb.

Teatrın mətbuat katibi Ağca Muxtarovanın AzadlıqRadiosuna verdiyi məlumata görə, tətil günlərində yaradıcı heyət uşaqları Arzu Soltanın «Qış bayramı» tamaşası ilə sevindirəcək.

Tamaşaya gənc rejissor Anar Məmmədov quruluş verib.

Tamaşada balacaların maraqla izləyəcəkləri personajları Rəsmiyə Nurməmmədova, Güldanə Əzimova (İfritə), Elçin İmanov, Fərid Rzayev (Canavar), Türkel Şabanova, Nigar Qarayeva (Qırmızıpapaq), Mehriban Zalıyeva, Gülçöhrə Abdullayeva (Pişik), Röya Xasıyev (Xoruz), Hüseyn Əlili, Elməddin Dadaşov (İt), Ağaxan Şərifov, Elməddin Dadaşov (Uzunqulaq) canlandıracaqlar.

Bundan başqa, teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının təqdimatında «Şəngülüm, Şüngülüm və Məngülüm» (Oqtay Zülfüqarov və Ramiz Heydər) tamaşası da nümayiş olunacaq.

Elməddin Dadaşov və Mehman Cəfərovun quruluşunda göstəriləcək tamaşada rolları Nurhəyat Öktəm, Kənan Eyvazov, Fidan Axundova, Adilə Cəfərova, Xəyalə Fərəcova, Ayişə Məmmədova, Rəvan Hümbətli, Fikrət Tağıyev, İslam Əbdülrəhimov, Nəzrin Hacıyeva və digər aktyorlar ifa edəcəklər.

Uşaqların sevimli nağılı əsasında hazırlanmış tamaşa hər gün saat 16:30-da göstəriləcək.

Xəbərdə deyilir ki, tamaşadan əvvəl Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qız uşaqları qarşılayacaq, onları əyləndirəcək və hədiyyələr təqdim edəcək.

Şaxta baba rolunda Novruz Qartal və Məhərrəm Qurbanov, Qar qız rolunda Gülnar Əzizova, Gültac Əlili və Xəyalə Fərəcova çıxış edəcəklər.

Teatrın yaradıcı heyəti gələn il yanvarın 10-na kimi gündə 4 seans--saat 10:30, 12:30, 14:30 və 16:30-da balaca tamaşaçıların qarşısına çıxacaq.

Xəbərdə vurğulanır ki, teatrın binası hazırda təmirə bağlı olduğundan, teatr yeni il tamaşaları Dənizçilərin Mədəniyyət Evində keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG