Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Pikasso - qadınları köynək kimi dəyişən qoca


Pablo Picasso
Pablo Picasso



Parisdə ömrünün ən kasıb günlərini keçirən Pikasso bəzən əsərlərini odun əvəzinə yandırırdı.

Mən cavan xanımla yaşadığım müddətdə özüm də cavan qalıram

Sevdiyi qadınlara əzab verməyi və onların ağrılarını çəkməyi sevən rəssam iki dəfə Fransuazanı ana olmağa sövq edir və onun necə eybəcərləşəcəyini görmək istəyir.




Pablo Pikasso 1881-ci ildə İspaniyanın Malaqa şəhərində anadan olub. Doğularkən zəiflikdən səsi belə çıxmayan körpəni tibb bacısı ölü zənn edir. Bu bəd xəbəri rəssamın anasına çatdırmaq üçün onu çarpayının üzərinə qoyub otaqdan çıxır. İçəriyə daxil olan tütün aşiqi əmisi körpəni qucağına götürür və çəkdiyi siqarın tüstüsünü onun
bəmbəyaz, rəngsiz üzünə üfürür. Bu zaman körpə özünə gəlir, canlanır və bərkdən ağlamağa başlayır. Xaç suyuna salınarkən isə rəssama verilən ad nə az, nə çox, düz 23 sözdən - Pablo Diego Jose Francisco de Paula Juan Nepomuceno Maria de los Remedios Cipriano de la Santisima Trinidad Martyr Patricio Clito Ruiz y Picasso - ibarət idi. Bura rəssamın müxtəlif əcdadlarının və müqəddəslərin adları daxil idi.


BALACA DAHİ


Pikassonun atası Xose Ruiz Blasko sənətşünas idi və boş vaxtlarında rəsmlər çəkirdi. Pablo 7 yaşında olarkən atası ona rəsm çəkməyi öyrətməyə başlayır. Qısa zamanda bütün müəllimlər balaca dahiyə dərs verməkdən imtina edirlər. Səbəb isə çox sadə idi - Pablo rəssamlıqda müəllimlərdən daha çox bilir və daha istedadlı idi. Artıq 13 yaşına çatanda balaca Pablonun atası oğlunun bu istedadının qarşısında baş əyir, bir daha rəsm çəkməməyə söz verir və bütün ləvazimatlarını ona hədiyyə edir. 1894-1895-ci illərdə gənc Pablo La-Korunya, 1895-ci ildə isə Barselona incəsənət məktəbinə daxil olur. 20 yaşına kimi atasının - Ruiz Blasko - adı ilə işləyir, lakin sonradan adətə əsasən anasının qızlıq soyadını - Pikassonu - götürür. 1897-ci ilin sentyabrayında Madridə yollanan Pikasso San-Fernand Akademiyasına daxil olur. 1898-ci ildə isə Pablo Barselonada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv olur və 30 yaşında özünün ilk sərgisini məhz bu kafedə nümayiş etdirir.


France -- Pablo Picasso laughing in his favorite rocking chair, 1957
France -- Pablo Picasso laughing in his favorite rocking chair, 1957

NADİNC TƏLƏBƏ


Nə qədər qəribə olsa da, körpə Pablonun dil açdığı zaman dediyi ilk söz də karandaş olub. (İspanca "lapiz" - qısa formada "piz"). Doqquz yaşında Pikasso özünün ilk sona çatdırılmış əsərini çəkir. "Le picador" adlanan rəsm əsərində at üstündəki çapar və ətrafındakı döyüş öküzləri əks olunub. İlk akademik əsəri isə 15 yaşında çəkdiyi "First Communion"dur. Əsərdə rəssam öz atası, anası və bacısının rəsmini işləyir. Sözsüz ki, Pablo oxuduğu illərdə özündən bir neçə yaş böyük tələbələr arasında ən savadlısı və istedadlısı idi. Amma gənc dahi müəllimlərinin yaddaşında ən nadinc və intizamsız tələbə kimi qalıb. Çünki Pikasso həmişə müəllimlərinin ona nə edib, nə etməyəcəyini göstərəndə, nəyisə əmr edəndə çox hirslənirdi və buna görə də vaxtının çoxunu məktəbdə "həbsdə" keçirirdi. "Calaboose" adlanan 4 ağ divar və oturacaqlardan ibarət otağa uşaqları öz səhvlərini başa düşmək üçün salırdılar. Pikasso isə buranı sakitliyinə görə çox sevir, şəkil çəkmək üçün istifadə edir və çölə çıxmaq istəmirdi. Yeri gəlmişkən, Pikasso həmişə yuxudan çox gec oyanır, gündüz vaxtını dostları ilə keçirir, dünya incisi əsərlərini isə gecələr, şam işığında işləməyi sevirdi. Parisdə isə ömrünün ən kasıb günlərini keçirən Pikasso bəzən əsərlərini odun əvəzinə yandırırdı.


"MAVİ DÖVR"


Pikasso ilk dəfə 1900-cü ildə dostu Kasagemasla Parisə yollanır və burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Parisdəki bu illər rəssamın həyatının ən çətin dövrü idi. Dostu Kasagemasın intiharı isə gənc rəssamı daha dərindən sarsıdır. Rəssam əsərlərində yoxsulluq, melanxoliya və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzuları açıq-aydın ifadə edir, əsərdəki obrazların, insanların hərəkətləri isə çox yavaş və cüzi şəkildə göstərilir. İnsan iztirablarını əks etdirən Pikassonun bu dövr əsərlərinin əsas qəhrəmanları isə korlar, dilənçilər, əyyaşlar, fahişələr və tüfeyli həyat keçirən cəmiyyət üzvləri idilər. Pikassonun bu dövr yaradıcılığı həm mövzuların ağırlığına, həm də rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil etdiyinə görə "Mavi dövr" adlanır.



"ÇƏHRAYI DÖVR"

Rəssam 1904-cü ildə yenidən Parisdə məskunlaşır və bununla da onun yaradıcılığında "Çəhrayı dövr" adlanan mərhələ başlayır. Bu illərdə "Mavi dövr"ün qəm-kədəri, bozluğu teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajları isə "Mavi dövr"ün əksinə, sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Buna baxmayaraq, Pikassonun "qəmli insan daha səmimi olur" prinsipi bu dövr üçün də keçərli idi. Belə ki, bu dövr əsərləri də, əsasən, sərsəri komediantl-rın romantikadan məhrum olan faciəvi, tənha həyatlarını əks etdirirdi.


PİKASSONUN İLHAM MƏNBƏYİ...


Pikasso bu günədək həyatından ən çox qadın keçmiş və həddən artıq çox sevgilisi olan tək rəssamdır. Qadınlar ona işləmək, yaratmaq üçün hava-su kimi lazım idilər. Onun istedadı dövrünün ən gözəl qadınlarının diqqətini asanlıqla cəlb edirdi. Sonra isə bu gözəlçələr dahinin qurbanına çevrilirdilər, çünki Pikasso heç bir zaman qadınlara canlı varlıqlar kimi baxmırdı. Fernanda Olivye rəssamın "Çəhrayı dövrü" nün əsas muzası və Pikassonu "gitara formalı qadın obrazı" yaratmağa ilhamlandıran ilk qadın idi. Amma az keçmir ki, qadının qabarıq bədən formaları rəssamı yorur və onu Eva Quel əvəz edir. Fernandanın qabarıq ölçülərindən fərqli olaraq, Evanın miniatür forması rəssamı məst edir və o, Evanı uzun müddət dayanmadan çəkir. 1917-ci ildə Sergey Diaghilev Pikassonu "Parad" baletini formalaşdırmağa dəvət edir. Elə bu zaman rəssam yeni ilham pərisi, balerinalardan biri Olqa Xoxlova ilə tanış olur və ona aşiq olur.

Münasibətlər o qədər ciddi olur ki, Serqey Diaghilev Pikassoya xəbərdarlıq edir: "Ehtiyatlı ol, Olqa rus qızıdır, rus qızları ilə isə zarafat olmur, onlarla ancaq evlənmək olur". Evlənmək fikri Pabloya çox maraqlı gəlir və o, general qızı Olqayla evlənir. Balerina Pikasso üçün gözəl ilham pərisi və model olmağı bacarsa da, yaxşı həyat yoldaşı ola bilmir. Olqa tez vəfat edir və ölənə kimi də rəssamın arvadı olaraq qalır, Pikasso isə onun dəfninə belə getmir.



Azerbaijan-Marie-Thérèse Walter - model of Pablo Picasso - 18Dec2012
Azerbaijan-Marie-Thérèse Walter - model of Pablo Picasso - 18Dec2012

SEVGİLİLLƏRİ İNTİHAR EDİR



50 yaşında olarkən yağışlı bir gündə metrodan çıxıb sürətlə qaçan gənc qızın cavanlığı və təravəti Pikassonu cəlb edir. 17 yaşlı Mariya Tereza Valter həmin an rəssamın atelyesinə model kimi dəvət edilir və 3 gündən sonra onlar sevgili olurlar. Nə qədər gözlənilməz olsa da, onların münasibəti 10 il davam edir. "Mən cavan xanımla yaşadığım müddətdə özüm də cavan qalıram", - deyən Pikasso-nun yeni sevgilisi özündən 40 yaş balaca Fransuaza Jila olur.

Sevdiyi qadınlara əzab verməyi və onların ağrılarını çəkməyi sevən rəssam iki dəfə Fransuazanı ana olmağa sövq edir və onun necə eybəcərləşəcəyini görmək istəyir. İki doğumdan sonra isə artıq sevgilisi xoşuna gəlmir, əsərlərində onun eybəcərliklərini göstərməklə qadını qıcıqlandırır və Fransuaza Pikassonu özü tərk edən yeganə qadın olur.

Hər zaman olduğu kimi, yeni və daha cavan qadına ehtiyacı olan Pikasso özünün həyatındakı sonuncu qadını və ikinci qanuni arvadını 72 yaşında tapır. 27 yaşlı Jaklin Rok onun hər istədiyini yerinə yetirir, "mənim hökmdarım" deyə müraciət edir və onu ideallaşdıracaq şəkildə əllərindən öpürdü. Pikasso 91 yaşında həyatdan köçdü və özündən sonraya dəyəri 1.1 milyard dollar qiymətləndirilən 50 min-dən çox şəkil, qravüra, skulptur, keramika işləri qoydu. Ən qəribəsi isə odur ki, rəssamın ölümündən sonra sevgililəri Mariya Tereza Valter və Jaklin intihar edirlər. /"Discovery Azerbaijan"/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG