Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Yerli işçilərin taleyi necə olacaq?


Qəbələ RLS
Qəbələ RLS
-
Qəbələ şəhərindən 1 kilometr aralıya, cənuba tərəf getsəniz, 5 min sakinin yaşadığı bir şəhərciyə çıxarsınız. 30 yaşlı bu şəhərciyin özünün ayrıca məktəbi, uşaq bağçası var. Sakinlərin əksəriyyəti rusiyalı hərbçi ailələridir. İki ay olar ki, sakinlər bu şəhərciyi tərk edir. Uşaqların oynadığı meydança, getdikləri məktəb və bağça bağlıdır. Söhbət Qəbələ Radiolokasiya Stansiyasının (RLS) işçiləri üçün salınan şəhərcikdən gedir.

DEKABRIN 24-DƏN SONRA RUSİYALI HƏRBÇİLƏR QƏBƏLƏDƏN GEDİR...

Şəhərciyi işıqla təmin edən Bədrəddin Məmmədov deyir ki, sakinlərin 70 %-i buranı tərk edib. Qalan hərbçilər ya ailələrini yola salıb özləri tək qalıblar, ya da son yır-yığışlarını edirlər.

Rusiyalı hərbçilərlə danışa bilmirik. Hərbçi olduqları üçün jurnalistlərlə danışmaq izinləri yoxdur deyə.

Bədrəddin Məmmədov bu şəhərciklə bir həftə sonra vidalaşacaq. Qəbələ RLS ilə Azərbaycan hökumətinin müqaviləsi dekabrın 24-də başa çatandan sonra... Bədrəddin Məmmədov deyir ki, dekabrın 9-da hərbi bazada məlumat ötürən vasitələr söndürülüb. Yəni, RLS-in işi dayandırılıb.

BƏS, YERLİ İŞÇİLƏRİ NƏ GÖZLƏYİR?

Qəbələ RLS
Qəbələ RLS
Rusiyalı hərbçilər öz vətənlərinə geri dönəcək. Bəs, Qəbələ RLS-də çalışan azərbaycanlı işçiləri nə gözləyir? Bədrəddin Məmmədov bu sualın cavabını təsəvvür etməyə belə çətinlik çəkir. Ailəsini nə ilə, necə dolandıracaq deyə:

«2 qızım var, 1 oğlum. Həyat yoldaşım müəllimə işləyir. Əməkhaqqım min manat idi. Bura bağlanandan sonra işləməyə başqa yer yoxdur. Mənim 50 yaşım var. Bu yaşdan sonra haradan iş tapa bilərəm? Azərbaycanda da yaşı 40-dan çox olanları işə götürmürlər. Bilmirəm, necə edəcəyik? Yəqin ki, heyvan saxlayaram bundan sonra...».

«800 MANAT ƏMƏKHAQQI HARA 150 MANAT HARA?»

Bədrəddin Məmmədov deyir ki, aldığı maaşla təkcə öz ailəsini deyil, yaxın qohumlarına da əl tuturdu. İndi hərbi bazanın bağlanmasından tək ailə üzvləri yox, qohum-əqrabası da zərər çəkib.

RLS-də 300 yerli sakin işləyirdi. 500 manatdan başlayan aylıq əməkhaqqı alırdılar.

Stansiyada çalışan yerli sakinlərdən biri Rafiq Əşrəfov deyir ki, iş üçün bir neçə yerə üz tutub. Ya iş yoxdur, ya da verilən maaş yetərli deyil:

«İndi hərbi hissə bağlanır. Buradan çıxıb getməliyik. 700-1000 manat civarında maaş alırdıq. Sonrakı aqibətimiz necə olacaq, heç özüm də bilmirəm. Hərbi hissə bizi işlə təmin etməyəcək - burası aydındır. Rayonda iş tapmaq, bu barədə fikirləşmək belə yersizdir. Hansı maaşa, harada işləyəsiyik ki? 3 uşağım var, yoldaşım da heç bir yerdə işləmir. Bilmirəm, nə edəcəyəm? Görək haradan, nə iş tapa bilirəm».

Rafiq Əşrəfov ayda 800 manat maaş alırdı.

QƏBƏLƏ RLS-İN BAĞLANMASINA SEVİNƏNLƏR VƏ ÜZÜLƏNLƏR...

Qəbələ RLS-in bağlanmasından təkcə orada çalışanlar deyil, şəhərciyin yaxınlığında dükan açanlar, alış-veriş eləyənlər də üzülür.

Düzdür, bazanın bağlanmasına sevənənlər də az deyil. RLS-in ekologiyaya – çevrəyə, təbiətə ziyan vurduğunu düşünüb RLS-in bağlanmasını istəyənlər, təbii ki, sevinirlər.

«YERLİ İŞÇİLƏRƏ SOSİAL TƏMİNAT YOXDUR»

Sahib Məmmədov
Sahib Məmmədov
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov hərbi bazanın bağlanmasından işlərini itirənləri Rusiyada çalışan miqrantlarla eyniləşdirir. Onun sözlərinə görə, Rusiya Federasiyasının işçiləri olduğu üçün Azərbaycan hökumətinin bu işçilərlə bağlı öhdəliyi yoxdur:

«Onların Rusiyada işləyən və Azərbaycana qayıdan miqrantlar kimidir. Yəni, uzun müddət xarici bir ölkə üçün çalışıblar. Sosial təminatsız qalacaqlar. Yalnız yaşa görə minimum təqaüd ala biləcəklər».

QƏBƏLƏ RLS HAQDA...

Qəbələ RLS 1985-ci ildən istismardadır. Burada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilirdi. Stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas obyektindən biri olub.

RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlaya bilir. Beləcə, İran, Türkiyə, Hindistan da daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsininsə bəlli bir qismini izləmək olurdu.

Sovetlər Birliyi dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya bu stansiyanı 10 illiyə icarəyə götürmüşdü. Bir müddət öncə Moskva RLS-i ABŞ-la birgə istismar etmək haqda təklif də vermişdi.

İcarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxındır ki, icarəhaqqı ilə bağlı danışıqlar aparılırdı. Azərbaycan hökuməti icarə haqqını 7 milyondan 300 milyona qaldırmışdı.
XS
SM
MD
LG