Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Şabranın Ağalıq kəndində çadır həyatı sürən 11 ailə


Ağalıq kəndində qurulan çadırlar
Ağalıq kəndində qurulan çadırlar
-

- Uşaqlarımız qırılır, nəmişlikdir.

- Yastıqlar suyun içindədir. Hər yer yamyaşıldır, iki oğul böyüdürəm belə yaşayış olar?

- Gətirib atıblar bizi bura, nə dinləyən var, nə qulaq asan.

- Nə odun verirlər bizə, nə yanacaq. Soyuqdan donuruq.

- Balaca taxta evim vardı, qızınırdı, indi neyləyim. İki yetimim var, özüm də xəstə adamam.

Şikayəti bitib-tükənməyənlər Şabranın Ağalıq kəndində çadır həyatı sürənlərdir. Kəndə gələn sel nəticəsində yaşadıqları bina qəzalı vəziyyətə düşdüyündən onlar Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin qurduğu çadırlara yerləşdiriliblər. Deyirlər, qəzalı binanı düzəldib özlərinə qaytarmırlar, çadırlarsa istifadə üçün yararlı deyil.

DEYİRLƏR, ŞÜKÜR EDİN...

- Köhnə «palatka»lardır, içərisində qaz da quraşdırmaq olmur.

- Deyirlər bunu vermişik, şükür edin.

Sakinlər deyirlər ki, qızınmaq üçün köhnə binanın içindəki taxtaları söküb odun kimi istifadə ediblər. Hələ qış gəlməmiş bu «odun» da tükənib. Yay mövsümü üçün nəzərdə tutulan çadırlarda qarşıdakı qarı-çovğunu necə qarşılayıb yola salacaqlarını bilmirlər.

Sona Rzayeva: Yağış yağanda damır. Ayağımızın altında döşəmə də yoxdur. «Palatka»nı quranda altını qurmayıblar, otun, torpağın üstündə gəzirik. 11 ailəyə bir işıq xətti veriblər, o da yüklənir, gücü çatmır, sönür.

Qızdarxanım Əliyeva isə deyir ki, yağış yağanda sular çadırlara dolur:

«Atdılar bizi «palatka»ya. Nə odun verirlər, nə qaz. Gözümüzdən pərdə asmaq üçün gətirdilər bircə işığı quraşdırdılar, o da bu gündə.

AZA QANE OLANLARIN TƏLƏBİ...

O
nlardan bəzisi isə deyəsən necə deyərlər aza da qane olmağa hazırdır. Odur ki, yeni isti evlə nə vaxt təmin olunacaqlarından daha çox, yaşadıqları çadırların istiliklə təmin olunmasını tələb edirlər.

Ağalıq kənd bələdiyyəsinin sədri Natiq Musayev isə deyir ki, çadırların odunla təmin olunması üçün Meşə Fonduna müraciət ediblər. Hələ ki cavab almayıblar.

Şabran İcra Hakimiyyətindən isə bildirilib ki, çadırda qalan ailələr yaxın günlərdə odunla təmin olunacaqlar. Ancaq onların qəzalı vəziyyətdə olan binaları nə vaxt təmir-bərpa olacaq, bunu dəqiq deyən yoxdur. Belə çıxır ki, onlar qışı elə bu çadırlarda keçirə bilərlər.
XS
SM
MD
LG