Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:46

Hacıkənddə qəzalı evlərdə yaşayan köçkünlərin yuxuları...


«Dövlət binası»
«Dövlət binası»
-
Hacıkəndin girəcəyində kimdən soruşsan, sosial təminat idarəsinin köhnə binasını tanımayan olmaz. Adamlar bu binaya sadəcə «dövlət binası» deyirlər. Yaxınlıqda məcburi köçkünlərin yerləşdiyi onlarla bərbad halda olan evin arasında bu bina öz təhlükəli, qəzalı vəziyyəti ilə xüsusilə seçilir. Bu binada hazırda 2 ailə yaşayır. Tavanındakı deşiklərdən göyün üzü açıqca görünür. Çürük taxtalardan olan pilləkənlərə ayaq basmaq özü cəsarət tələb edir. Binanın məcburi sakini olmuş 3 uşaq atası kəlbəcərli İlqar Bayramov bir gün bu evin başlarına uçacağından qorxur:

«O vaxt biz bura yerləşəndə deyirdilər, bina qəzalıdır. Amma bu qədər də təhlükəli deyildi. Bəlkə də 100 ildən çox yaşı olan binadır. Bunu bizim rayonun icra başçısı da bilir. Mən özüm neçə dəfə teleqram vurmuşam prezidentə. Mehriban xanıma, fövqəladə hallar nazirliyinə teleqram vurmuşam».

«ELƏ OLUR Kİ, 1 AYIN ODUNUNA 150-200 MANAT PUL LAZIM OLUR»

Kəlbəcərdən məcburi köçkün düşdükləri vaxtdan adicə əllərini yumaq üçün Göygöl yaxınlığından vedrələrlə su daşıyıblar. Son illər bir az kəndin yaxınlığında tikilmiş anbar işlərini asanlaşdırıb. Lakin giley edir ki, küçədən keçən qaz borusu ilə yuxarı kəndlərə mavi yanacaq verilsə də, məcburi köçkünlər bundan məhrum edilir. İlqar Bayramov deyir ki, məcbur qalıb çörəkpulundan qənaət edib qışın çovğununda donmamaq üçün odun alıblar. Cəmi 130 manat əməkhaqqısı olan müəllim qışda hər ay 100 manatadək oduna pul verməli olduğunu deyir:

«Qazımız yoxdur. Amma yaşadığımız ərazinin ortasından qaz borusu gedir, bizə çəkmirlər. Neçə dəfə tələblər qoymuşuq, amma aidiyyəti dairələr məhəl qoymurlar. Biz ancaq odunla evi qızdırırıq. Meşə qırılıb, uzaqdan gətirirlər, gizli yolla. Biz də övladlarımızın boğazından kəsib odun alırıq. Elə olur ki, 1 ayın odununa 150-200 manat pul lazım olur. Mən müəlliməm, məktəbdə işləyirəm. Çətindir».

İllərdir susuz, qazsız, soyuq və qəzalı evdə uşaq böyüdən Nazilə Bayramova da qorxudan xəstəliyə tutulduğunu
İlqar Bayramov
İlqar Bayramov
deyir:

«Soyuqdur, qışda çox soyuq olur. Suyumuz gəlmir. Yuxarıda hovuz var, gedib ordan əlimizdə gətiririk. Yuxarı daşımaq olmur. İşıq da keçəndə, qalırıq belə. Qazımız da yoxdur. Bina qəzalıdır. Gəncədən bircə otaq versinlər gedək yaşayaq. Qaçqınların vəziyyəti çox acınacaqlıdır. Gələcəkdə torpağımızın alınacağı ümidi ilə yaşayırıq. Prezidentimiz çalışsın ki, Hacıkənddə yaşayan qaçqınlara ev tikilsin».

«QARACİYƏR ŞİŞİ, DALAĞIMDA BÖYÜMƏ VAR»

Binanın tavanı bərbad halda olduğundan yağan yağış evin içinə dolur. Nəmi hələ də qurumamış döşəmədəki çürük yerlərdən aşağıdakı otaqlar görünür. Bu nəmli, soyuq, qəzalı evin ailəyə vurduğu zərbə bununla bitmir. Qarabağ müharibəsinin iştirakçısı olmuş İlqar Bayramovun qara ciyərində «sirroz» aşkarlanıb. Üstəlik revmatizmdən əziyyət çəkir:

«Guya ən salamat otağımız budur, bura da yağanda paltarların üstdə sellofan çəkirik ki, yerə axsın. Bizə deyirlər ki, qurd ürəyi yeyibsiz ki, o evdə yaşayırsız. O tərəfə keçək, orda cürət edib hərlənə bilməzsiz. Qaraciyər şişi, dalağımda böyümə var. Bax, bura uçub. Taxtalardan döşəmə vurmuşdum yenə çürüyüb».

YENİ İLƏ YENİ EVLƏR...

Hacıkənd qəsəbəsi icra nümayəndəsi Hümbət Hüseynov deyir ki, ailənin yaşadığı binanın qəzalı olduğundan məlumatlıdırlar. Ancaq qeyd edir ki, həmin binanın təmirinə ehtiyac görmürlər. Çünki 2013-cü ildə həmin ailə və Hacıkənddə məskunlaşmış digər köçkünlər yeni tikilən evlərə köçürüləcəklər. Hümbət Hüseynov deyir ki, məcburi köçkünlər tam şəraitli, qazı, suyu, işığı olan evlərdə
«Dövlət binası»
«Dövlət binası»
yaşayacaqlar:

«Köçürülmə 2013-cü ilin 1-ci kvartalında başlayacaq. Xanlar rayonunun Çaylı kəndi ərazisində yolun sağ-sol tərəfində tikiləcək. Hacıkənddəki məcburi köçkünlərin hamısı eyni vaxtda köçürüləcək. 600 ailəlik qəsəbəyə köçürüləcək».

Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin sədri Süleyman Abbasov da deyir ki, məcburi köçkünlər üçün tikilən evlərdə iş başa çatmaq üzrədir. Əlavə edir ki, tikilən evlər çoxmərtəbəli olacaq və təxminən 25 hektar ərazini əhatə edir.

Gəncədə 15 602 məcburi köçkün var. Onlardan 11 min nəfəri Kəlbəcərdən məcburi köçkün düşənlərdir. Digərləri isə Ağdam, Füzuli və Xocalıdan köç edənlərdir. Gəncədə məskunlaşmış məcburi köçkünlərin 70 faizi yataqxanalarda, qalanları isə uşaq bağçaları, istifadəsiz idarə və ya uyğunlaşmış binalarda yaşayırlar.

KÖÇKÜN YUXULARI...

Yeni tikiləcək evlə bağlı xəbərlər İlqar Bayramovu sevindirsə də, o, ürəyindəki dərin nisgildən söz açır. Dolmuş gözlərini evinin uçuq tavanına dikib bir gün qoyub gəldiyi doğma yurduna qayıtmağı arzulayır:

«İnsan yaşlandıqca, elə bil ata-baba yurdu, doğma yurd özünə çəkir. Elə olur ki, gecələr yuxumdan çıxmır o yerlər. Deyirəm nə olardı, Allah mənə elə bir imkan verərdi, gedib oraları bir də görərdim. O yerdə ölərdim, dərdim-qəmim olmazdı....».
XS
SM
MD
LG