Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

İradə Musayeva. 96 səhifəlik fürsət ("Ulduz" polemikası davam edir)


İrade Musayeva

İrade Musayeva

-

Kəramətin “Ulduz” yaradıcılığı qənaətbəxş və maraqlı olsa da bəzi məqamları qabartmaq istəyirəm. Əvvəla, Kəramət özü səhifələrdə özünə çox yer ayırıb, görünməsinə ehtiyac hiss olunmadığı yerdə belə...

... Kifayət qədər tanınmış və öz sözünü deməyi bacaran Əsəd Cahangiri hər qələmdə eyni təqdimatla təqdim etmək (elə bil, zəif, aciz, ədəbi mühitə nabələd bir gəncin haqqını özünə qaytarmaq istəyir) cəhdləri...



Mən jurnal deyilən toplunun hər sayını necə təsəvvür edirəm: siması, mənəviyyatı, qüruru, cəsarəti, axtarış yanğısı olan canlı bir varlıq və ya süjeti, kompozisiyası, obrazı ilə tam və bütöv bir sənət əsəri kimi... Elə bir əsər ki, üz qabığından tutmuş son səhifəyədək vərəqləndikcə redaktorun barmaqlarının hərarətini, istisini, həyəcan və zəhmətini oxucusuna çatdırmış olsun. Hətta ilin hansı fəslində, hansı ayında çıxarıldığı ovqat belə jurnalın həmin sayında əks olunsun, oxucu həmin hava ilə nəfəs alsın, rəngarəngliyi, müxtəlifliyi ilə bahəm vahid süjet xətti istiqaməti üzərindəki mütaliə prosesində özünü rahat hiss etsin.

Kəramət Böyükçölə həvalə olunmuş “Ulduz” jurnalının 11-ci sayını o gözlə, o ümidlə oxudum.
11-ci sayın üz qabığında yuxarıdan idarə olunan robot adam və son səhifədə Yer kürəsinin üstündə bir-birinə qara qayışla bağlanmış, Yer adlı dünyadan çıxmış, Aya, Ulduza baxan iki gənc... Jurnalın dizaynerini, rəssamını axtardım, tapmadım. İçəridəki şarjların və digər şəkillərin müəllifi də bəlli olmadı.

Kəramət Böyükçöl istedadlı, yaşından böyük təcrübə və qabiliyyət nümayiş etdirməyi bacaran gəncdir - onun “Çöl” romanını oxuyanda mən bu qənaətə gəlmişəm. Və bu redaktorluq fəaliyyətində də həmin qabiliyyətin nə isə fərqli bir iş ortaya qoyacağına inanırdım.

Onun material seçimi və həmin materialları təqdimetmə üsulu, gəncliyə və ədəbiyyatın təcrübəli nəslinə yanaşma maneraları diqqəti cəlb etdi .

Gəncləri (Mətləb Muxtarov, Ramil Əhməd, Fərid Hüseyn, Günel Eyvazlı, Elvin Bakiroğlu, Nuranə Nur, Emin Piri, Şəbnəm Karslı, Aqşin Erven, Alik Əlioğlu, Şahinə Könül, Leyla Şərifova, Sərvər Şirinov) sadəcə yazıları və şəkilləri ilə təqdimetmə ənənəsini pozub, daha məntiqli süjet qurub: məsələn, gənclik özünü həm də necə görür? – bucağı işıqlandırılır: Sərvər Şirinovun “Yeni era başlayır???” yazısı ilə. Müəllifin bu “atüstü qeydlər”ində xeyli ad sadalanır. Amma sadəcə ad yox. Hər birinin ədəbiyyata gəlişini sezdirən spesifik cizgilər, özünəməxsus intonasiya və ədəbi jestlər fraqmentallıqla da olsa həmin gənclər haqqında ədəbi tənqid işarəsi vurur. “Mətləb Muxtarovun “Azərbaycan” şeiri Abbas Səhhətdən Səməd Vurğuna, Səməd Vurğundan Şəhriyara, Şəhriyardan Məmməd Araza qədər Azərbaycan mövzusunda yazılan şeirlərin hamısından fərqlidir.” Sərvər Şirinov o fərqi də göstərməyi bacarır. Məqalənin obyekti kimi təhlilə çəkdiyi hər bir gənci seçdiyi mövzuda sələflərindən ayıran nüansları qabardır, sanki: “Siz də görün, bu XXI əsrin gənc qələmidir” – tanışlığını verir və məqsədinə çatır. Eyni sayda çap olunan gənclərə elə həmin sayda nəsildaşlarının nəzəri bir baxışı maraq doğurdu. Bəli, bu sayda gəncliyin nəfəsi duyulur, səsi eşidilir, bu nömrədə onlara sanki yuxarı başda yer veriblər: “Buyurun, əyləşin, sizi dinləyirik.” Onlar ürəklənib, özlərinə, sözlərinə inamları artıb. Ancaq hiss olunur ki, birdəfəlik, 96 səhifəlik fürsətdən tam yararlanmaq qəhrəmanlığını hər vəchlə nümayiş etdirmək istəyirlər.

Kamal Abdulla və Rəşad Məcidlə fərqli müsahibə, xüsusilə “Çöl”dən çıxıb gəlmiş Kəramətin ikibaşlı, cavabıözündə sualları: “- Kamal müəllim, bu yaxınlarda amerikalı professor Maks Statkiyeviçin “Yarımçıq əlyazma” romanı haqqında geniş bir məqaləsini oxudum. Maraqlıdı, o yazıda nə var idi ki, bizim tənqidçilər əsərinizdə onu görə bilməmişdilər?... Sizcə, amerikalı ədəbiyyatşünas əsərinizin içinə girə bildimi?
- ...Nobel mükafatına namizəd oldunuz... Yaxınlarda mükafatçı məlum oldu.
Belə gözləyirdinizmi? Sizcə Mo Yanın sizdən nəyi üstün idi?
- .... Bu romanlar öz kabinetində oturub elmi, bədii dünyasına dalmış bir insanın subyektiv düşüncələri təsirini bağışlayır. Özünüzü vətəndaş olmağa borclu saymırsınızmı? və s.

“Hədəfdə Rəşad Məciddir” başlıqlı Facebook intervyüdə də Rəşad Məcid ədəbi dostları tərəfindən sual yağışına tutulur və yeknəsək, quru, ənənəvi sual-cavab üz-üzəliyindən xilas oluruq. Sürətli və operativ ədəbi polemika zövq verir.

“Xəbərlər” rubrikasındakı “Noyabr ayında Azərbaycanda və dünyada baş verən ədəbi yeniliklər” (düzdür, həmin səhifədə təqdim olunan təqvimdə “fevral” yazılıb- İ.M) maraqlı və zəruri ədəbi-bədii informasiyalılığı ilə yadda qaldı.

“Şən kupletlər”də Kəramət iki səhifəlik materialla on iki yazarın miniatür karikaturasını cızır – özü də çox real boyalarla...

Günümüzün ədəbi həyatındakı qətl və həbs hadisələrinin ictimai düşüncəyə bədii şəkildə təqdimi Rafiq Tağının “Qatilə didaktika dərsləri” və Fərid Hüseynin “Arazın o tayında” əsərləri ilə əks olunur.

Digər yazılar (Ə.Cahangir - “Devrimdən doğulanlar”, İ.Məmmədlinin tərcümələri, A.Əlioğlu -“Prozaik fraqmentlər”, Ş.Ağayar – “Şeqlov üsulu”, “E.Başkeçidin romani ilə bağlı müzakirə”) da ciddi, bilgiverici və obyektivliklə seçilmiş materiallar qovluğuna aid edilə bilər.

“Ulduz”un 11-ci sayının dizaynı “Körpü” jurnalını xatırlatdı. (Məsələn, 2006 №1)
Kəramətin “Ulduz” yaradıcılığı qənaətbəxş və maraqlı olsa da bəzi məqamları qabartmaq istəyirəm. Əvvəla, Kəramət özü səhifələrdə özünə çox yer ayırıb, görünməsinə ehtiyac hiss olunmadığı yerdə belə...

İkincisi, kifayət qədər tanınmış və öz sözünü deməyi bacaran Əsəd Cahangiri hər qələmdə eyni təqdimatla təqdim etmək (elə bil, zəif, aciz, ədəbi mühitə nabələd bir gəncin haqqını özünə qaytarmaq istəyir) cəhdləri...

Üçüncüsü, Kəramət bir neçə yazıçıya eyni ədəbiyyatşünaslıq termini ilə qiymət verir. Məsələn 72-ci səhifədə Etimad Başkeçidə dediyi “Etimad dəyərli qələm adamıdır, dilin incəliklərini çox gözəl bilir və öz yolunu tapmış” intellektual nasirdir... Etimadın “Min yol mənə söylər” romanı intellektual romançılığımızda irəliyə doğru atılmış növbəti ciddi addımdır” – sözləri 33-cü səhifədə Kamal Abdullaya artıq demişdi: “Siz bu romanlarla Azərbaycan ədəbiyyatında intellektual romançılığın əsasını qoymusunuz”.

Nazir Rüstəmovun rus və polyak, İmir Məmmədlinin isə gürcü poeziyasından tərcümələri və 2012-ci ildə ədəbiyyat üzrə Nobel mükafatçısı Mo Yan haqqında qısa məlumat bizi özümüzdən bir az aralasa da dünyadan dünya ədəbiyyatı haqqında istədiyimiz məlumatı ala bilmirik.

Ümumiyyətlə, başqa ədəbi orqanlarda da dünya ədəbi prosesinin ritmi, ahəngi, gedişatı haqqında bilgi istəyəndə tanınmışların hikmətli sözləri, aforizmləri, ya da qısa müsahibələri boyunu aşa bilmirik. Bərbad tərcümələri də çıxandan sonra yenə epizodlarla kifayətlənirik. Oxucu dünyanın böyük ədəbiyyatlarının ədəbi-estetik nəzəriyyə və “şünaslığı”nı bilmək istəyir. Buna tək-tək müəlliflər yox, jurnal kollektivi gücündə nail olmaq olar.

Beləliklə, “Ulduz”un Kəramət Böyükçöl sayı qəbul edildi: İstedadlı və ədəbi iddialı gəncləri, yenilik və yaradıcı yanaşma cəhdi, on illərin şablon, trafaret lövhələrinə yeni rəng, çalar əlavə etmək bacarığı və ən əsası “biz varıq və nə isə edə bilirik”- özünütəsdiqi ilə...

Yetdiyinə yetən, yetmədiyinə bir daşan atan çölçü Kəramət “Ulduz” redaktorunun kreslosunda balaca və aciz görünmədi. Müvəqqəti ələ keçirdiyi vəzifəsində özünü təsdiqlədi...

Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana göndərə bilərlər:
Cavid54@mail.ru

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG