Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Litvinenko Britaniyanın casusu imiş...


-

«KQB»nin keçmiş casusu Alexander Litvinenko 2006-cı ilin noyabrında zəhərlənərkən artıq Britaniyanın Mİ6 xarici kəşfiyyat idarəsinin əməkdaşı idi. O, ölümündən bir neçə gün əvvələdək Mİ6-dan maaş alır və İspaniya casusları ilə eyni komandada çalışırmış.

Bu barədə BBC Litvinenko-nun işinə dair hüquqi ekspertiza əsasında cümə axşamı keçirilmiş məhkəmə dinləməsinə istinadən bildirir.

Britaniya hökumətinin açıqladığı sənədlərdə bir daha iddia olunur ki, 43 yaşlı agentin ölümünün arxasında Rusiya dayanıb. BBC xatırladır ki, Moskva, bundan əvvəl Litvinenko-nun ölümündə hər hansı rolunu qətiyyətlə danıb.

Rusiya həmçinin bu işdə başlıca şübhəli sayılan Lugovoi-un dindirilmə üçün Britaniyaya ekstradisiyasından imtina edib.

Mİ6 LİTVİNENKO-NU QORUYA BİLMƏYİB

Cənab Litvinenko-nun xanımı Marinanın vəkili Ben Emmerson dinləmə zamanı Mİ6-nın öz əməkdaşını «real və mövcud riskdən» qorumadığı barədə vəsatət qaldırıb.

İndi açıqlanır ki, Alexander Litvinenko bir neçə il ərzində Mİ6-ya işləyib və Rusiya mafiyasının fəaliyyətini araşdıran ispan xüsusi xidmətləri ilə birgə çalışıb.

Ben Emmerson

Ben Emmerson

BBC həmçinin xəbər verir ki, cənab Litvinenko həm Britaniya, həm də İspaniya xüsusi xidmətlərindən məvacib alıb. Bu pullar onun xanımı ilə müştərək bank hesabına köçürülüb.

Vəkil Emmerson bildirib ki, Litvinenko-nun Mİ6-dakı əlaqələndiricisi, «Martin» ləqəbli agent olub və o, Alexander-la ölümündən bir neçə gün əvvəl görüşüb.

Cənab Emmerson həmçinin açıqlayıb ki, Litvinenko İspaniya müstəntiqlərinə Rusiya mafiyasına dair araşdırmalarda kömək üçün cənab Lugovoi-la birlikdə Madridə uçmalıymış.

Bununla belə, Britaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Neil Garnham dinləmədə bildirib ki, o, cənab Litvinenko-nun Britaniya kəşfiyyatına işlədiyi barədə iddiaları nə təsdiq, nə də inkar edə bilər.

«PRIME FACIE» – AŞKAR DƏLİLLƏR

Dinləmə zamanı hökumət sənədlərinə istinadən müşavir Hugh Davies birdirib ki, «cənab Litvinenko-nun ölümündə Rusiya dövlətinin rolu aşkardır». O, qeyd edib ki, hökumətin «məxfi sənədlərindən Alexander Litvinenko-nun ölümündə Rusiya dövlətinin rolu, «prima facie» (inkar edilməmiş ittihamlar) – aşkar dəlillərlə sübut olunur.

Lakin müşavir bildirib ki, Litvinenko-nun Britaniya tərəfindən zəhərlənə biləcəyi barədə iddiaları doğrulayacaq sübutlar mövcud deyil.

Cənab Davies-in dediklərinə görə, Litvinenko-nun, onun dostu Berezovsky, çeçen qruplaşmaları və ya İspaniya mafiyası tərəfindən qətlə yetirildiyini göstərən sübutlar da yoxdur».

BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Gordon Corera qeyd edir ki, Londonda keçirilmiş dinləmə iki mühüm məqamı ortaya qoyur. Birincisi, Britaniya hökuməti Litvinenko-nun ölümündə Rusiya dövlətinin roluna dair informasiyanı açıqlayıb. İkincisi isə, Britaniya Alexsander Litvinenko-nun Mİ6 ilə rəsmi əməkdaşlığını etiraf edib.

LİTVİNENKO PUTİN-MAFİYA ƏLAQƏLƏRİNİ ARAŞDIRIRMIŞ

Marina Litvinenko

Marina Litvinenko

«The Guardian» qəzeti yazır ki, bu dinləmədə açıqlanmış informasiya Litvinenko-nun rus mafiyasının fəaliyyətində Rusiya dövlətinin rolunun araşdırılmasında iştirak etdiyini göstərir.

Litvinenko-nun dul xanımı dinləmə zamanı bildirib ki, ərinin Britaniya agenti «Martin» və ruslarla əlaqəsi üçün ayrı-ayrı mobil telefonları olub.

Dinləmənin sonrakı mərhələsində daha maraqlı faktlar ortaya qoyulacaq.

Bunlardan biri odur ki, Rusiya mafiyasının fəaliyyəti barədə məlumatların İspaniya kəşfiyyatına ötürülməsində Litvinenko və Lugovoi şərikli işləyiblər.

Marina Litvinenko-nun vəkili bildirib ki, onun əri xəstəxanada olarkən Lugovoi-a zəng edib və özünü pis hiss etdiyini bildirib. Vəkil Emmerson deyib ki, Litvinenko Lugovoi-la birlikdə Madridə uçmalı imiş. Onların səfərində başlıca məqsəd Rusiya mafiyası ilə Kremlin və şəxsən Vladimir Putin-in əlaqələri barədə İspaniya xüsusi xidmətlərini məlumatlandırmaq imiş.

«The Guardian» yazır ki, Litvinenko-nun İspaniya xüsusi xidmətlərində «Uri» ləqəbli əlaqələndiricisi olub. Emmerson bildirir ki, Litvinenko və Lugovoi Madriddə artıq otel otaqları da sifariş ediblərmiş.

Bu işin tam istintaqı 2013-cü il, mayın 1-də başlanacaq. İstintaq işinə Ali Məhkəmənin hakimi lord Robert Owen baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG