Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:08
-
Zərdab rayonunun 51 yaşlı sakini Şəfəq Səfərəliyeva bu günlərdə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Qolu qandallanaraq məhkəmədən birbaşa həbsxanaya aparıldı. O, Zərdab rayon icra başçısının ünvanına böhtan atmaqda və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Şəfəq Səfərəliyevanın iddiasına görə, bir il əvvəl Zərdab rayon icra başçısı Lütfəli Babayev onu kabinetində zorlamağa cəhd edib. Qadın başçının ona saxta pensiya almaqda yardım etdiyini də bildirib. Səfərəliyevanın müraciət etdiyi və məhkəmə prosesini izləyən «Təzadlar» qəzetinin şöbə müdiri Zümrüd Məmmədova:

«Bizə yazdığına görə, Lütfəli Babayev kabinetə salıb onunla cinsi əlaqədə olmaq istəyib. Hətta saçından yolub unitaza basmağa çalışıb ki, onun dediyi ilə razılaşsın. Şəfəq xanım deyir ki, başçı onun qabağında lüt soyunub və onun dırnağı da kürəyindəki ət xala ilişib, nəticədə kürəyi qanayıb...».

«DOĞMADIĞIM UŞAĞA GÖRƏ MƏNƏ ARAYIŞ VƏ ŞƏHADƏTNAMƏ VERDİLƏR»

Bu hadisədən sonra saxta sənəd düzəltməklə dövlət əmlakını mənimsəməkdə ittiham edilən Şəfəq Səfərəliyeva haqda cinayət işi açılıb. Təxminən 4600 manat mənimsəməkdə təqsirləndirilən qadın 4 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Üstəlik, həmin vəsaiti tədricən ödəməyə başlayıb.

Məsələ bununla bitmir. Təxminən bir neçə ay əvvəl icra başçısı Şəfəq Səfərəliyevanın ona böhtan atdığını əsas gətirərək məhkəməyə üz tutub. Səfərəliyeva məhkəmədə bəyan edib ki, saxta pensiya almaqda ona məhz icra başçısı kömək edib. Yenə Zümrüd Məmmədovanın dediklərinə görə, məsələ ondan başlayıb ki, ana Lütfəli Babayevdən oğluna iş istəyib, başçı da kömək vəd edib:

«Bu, şirnikləndirmək üçün, ya başqa məqsədlə olub, bilmirəm. O da onu çağırıb ki, sənə kömək edəcəyəm. Xanımın dediyinə görə, başçının tapşırığı ilə Göyçay rayon doğum evinin baş həkiminin yanına gedib. O deyir ki, «mən kimiydim, imkanım yox, pulum yox, sadəcə tapşırılmışdım. Və doğmadığım uşağa görə, xəstəxanada arayış verdilər. Sonra da «ZAQS»a göndərdilər və orda şəhadətnamə aldım». Uşağın da adı guya Fərdandır. Guya o, 3 uşaq anasıdır. Halbuki Şəfəqin iki oğlu var. Xanım özü 1961-ci ildəndir, amma dəyişib ediblər 1954-cü il. Qadına guya kömək məqsədilə dövlətdən artıq pensiya veriblər. Əslində bu, qadını əl altında saxlamaq üçün qarmaq olub».

Aydın Aydınlı

Aydın Aydınlı

QADIN İNTİHAR ETMƏK İSTƏYİB

Şəfəq Səfərəliyeva həbsdən əvvəl mətbuata açıqlamalarında demişdi ki, icra başçısı onun iki oğlunu işə düzəldib və ailəsinə də yardım edib.

Onun dediyinə görə, iş tapa bilməyən ali təhsilli ərinin nə vaxtsa icra başçısı haqqında dediyi «nalayiq fikirlər» Lütfəli Babayevə çatdırılıb. Bundan sonra o, ailə ilə ədavətə başlayıb. Şəfəq Səfərəliyeva bütün bunlardan sonra başçının qisas məqsədilə ona yaxınlıq təklif etdiyini düşünür.

Onun oğlu Aydın Aydınlı deyir ki, anası baş verənlərdən sonra intihara cəhd edib. Oğul başçının onu çağırtdırıb söhbət etdiyini də bildirib:

«Mənə deyir ki, sənin anan mənə sevgi SMS-ləri göndərib. Telefonunda belə SMS varsa, ortaya qoysunlar. Amma gizlətdilər. Anam 8 martda intihar etmək istəmişdi. Gəlib gördüm ki, dərman içib, yıxılıb. Bizdən, qonşulardan izahat alındı. Bu haqda tibbi arayış da var. Düzdür, sonradan dərmanları qaytardı. Yəqin, bizi düşündüyündən elə davranıb. Məhkəmə deyir ki, başqa səbəbə görə özünü zəhərləyib. Bu hadisədən az əvvəl o başına gələnləri bizə danışmışdı. Bizim də, istər-istəməz, ona münasibətimiz dəyişmişdi».

VƏKİL: «QADIN İCRA BAŞÇISINDAN 5 MİN MANAT İSTƏYİB»

Aydın Aydınlının iddiasına görə, məhkəmə sifarişli olub, anası da başqalarının güdazına gedib.

Başqaları kimdir? Lütfəli Babayevin vəkili İlhamə Həsənova da AzadlıqRadiosuna deyib ki, həmin qadını kimlərsə öyrədib, sonra da arxasında durmayıb:

«Qadının məqsədi olub, icra başçısından 5 min manat istəyib. Oğlunu müalicə üçün İrana apardığını deyib. Pul verilməyəndə, bu cür çıxışlara başlayıb. Ancaq doğrudan da, əvvəllər aztəminatlı ailə kimi ona kömək edilib».

İlhamə Həsənova deyir ki, Lütfəli Babayevin Şəfəq Səfərəliyevanı zorlamağa cəhd etməsi və ya pensiya almaq üçün sənəd düzəltməsi haqda dedikləri böhtandır. Bu məhkəmədə sübut Lütfəli Babayev

Lütfəli Babayev

olunmadı:

«Şəfəq Səfərəliyeva deyir ki, ona saxta pensiya düzəltmək üçün sənədləri Lütfəli Babayev verib. Lütfəli Babayev Zərdaba 2007-ci ilin dekabrında icra başçısı təyin olunub. Amma qadın pensiya sənədlərini 2007-ci ilin aprelində təqdim edib. Lütfəli Babayev bu sənədləri apreldə necə təqdim edə bilərdi? Eyni zamanda deyir ki, guya, icra başçısı onun ailəsinin dağılmasına səbəb olub. Amma sənədlərə görə, o, yoldaşından 1998-ci ildə ayrılıb. Zorlama faktına gəlincə, məhkəmədə bunu sübut edə bilmədi. Axıra qədər izah edə bilmədi ki, Babayev onu xoşu gəldiyi üçün zorlamaq istəyib, yoxsa qisas almaq üçün?...».

«İLHAM ƏLİYEVDƏN TƏLƏB EDİRƏM»

İlhamə Həsənova məhkəmə hökmünü ədalətli saysa da, Şəfəq Səfərəliyevanın yaxınları məhkəmənin qərarından narazıdırlar. Onların fikrincə, cinayətin kökü qalıb, budağını silkələyiblər. Aydın Aydınlı deyir ki, anasının həbsini icra başçısı sifariş edib:

«İlham Əliyevdən tələb edirəm ki, anamın hüquqlarını qorusun. Onu azadlığa buraxsın. Anama pensiya düzəldənlər yox, anam həbsxanaya getdi. Bu adamlar dövlətin möhürünə, dövlətin özünə xəyanət ediblərsə, prezidentə də xəyanət edə bilərlər».

Zümrüd Məmmədova isə deyir ki, heç bir qadın özünün və ailəsinin ad-sanını tapdayıb, özünə böhtan ata bilməz:

«Bu qadın üsyan etdi və onu susdurdular».

Şərhləri göstər

XS
SM
MD
LG