Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:44

Elnur Seyidov bu dəfə də azadlığa buraxılmadı


«Texnikabank»ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidov azadlığa buraxılmayıb. Bu barədə «Media forum» saytına onun vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkilin sözlərinə görə, dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində Elnur Seyidovun həbs müddətinin daha 3 ay uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
«Şikayətdə Səbail Rayon Məhkəməsinin Elnur Seyidovun həbs müddətinin 3 ay uzadılması haqda qərarının ləğv olunması və onun dərhal azadlığa buraxılması tələbini qoymuşduq. «Texnikabank»ın bu işlə bağlı həbs olunan bütün rəhbər şəxsləri azadlığa buraxılıb. Ona görə güman edirdik ki, o, azadlığa buraxılacaq. Elnur Seyidov ağır xəstədir. Onun xəstəxanaya köçürülməsi haqda bir neçə dəfə vəsatət vermişik. Amma onları da rədd ediblər».

İstintaqı aparan Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri deyiblər ki, «Texnikabank» işi ilə bağlı ekspertiza nəticələri məlum olanadək Elnur Seyidov azadlığa buraxıla bilməz.
Elnur Seyidov martın 27-dən həbsdədir. Dələduzluqda ittiham olunan sabiq bank əməkdaşı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır. Həbs müddətinin uzadılması haqda son qərarı dekabrın 4-də Səbail Rayon Məhkəməsi çıxarıb.

İttiham təsdiqlənərsə o, əmlakı müsadirə olunmaq və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG