Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Postsovet Qırğızıstanı Azərbaycana oxşamır?


Arif Əliyev
Arif Əliyev
-
Gülər Mehdizadə

«Azərbaycan jurnalistini özünə gətirmək lazımdır», bunu «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir. O, Qırğızıstanda konfliktdən yazan jurnalistlərin reabilitasiyası ilə bağlı tədbirdən qayıdıb və təəssüratlarını AzadlıqRadiosuna söyləyib: «Qırğızıstan düşünür ki, jurnalistlərin reabilitasiyaya ehtiyacı var. Elə iştirak etdiyimiz tədbir də bununla bağlı idi».

BELƏ TƏDBİRLƏRİN CƏMİYYƏTƏ HANSI FAYDASI VAR?

A. Əliyev konflikt zamanı münasibətlərin normallaşması, əlaqələrin bərpası sahəsində medianın üzərinə ayrıca öhdəlik düşdüyünü, jurnalistlərin aşırı yükləndiyini deyərək, sözlərinə bunu əlavə edir: «Konfliktdən yazan jurnalistlərin bərpaya ehtiyacı var. Bu qədər ağır işdən sonra jurnalistlərin növbəti tapşırığa göndərilməsi doğru davranış deyil, çünki yazıların səviyyəsi azalır. Bu səbəbdən Qırğızıstan media vasitəsilə cəmiyyəti reabilitasiya etmək və barış mühiti yaratmaq üçün əvvəlcə jurnalistin özünü bu prosedurdan keçirir».

Bəs Azərbaycan jurnalisti?

A. Əliyevə görə, «Biz postkonflikt dövründə olmasaq da münaqişənin içindəyik. Bərpa proqramı Azərbaycan jurnalistinə də lazımdır».

Sovet dövründən bu yana Qırğızıstanda nə dəyişib?

O, Qırğızıstanda hələ də Lenin və Marx heykəllərinin qaldığını deyir: «Onlarla uzun illərdən sonra şəkil də çəkdirdik. Şəhər özü də sovet simasını saxlayıb. Amma insanlar, sözsüz, çox dəyişiblər və bizə nisbətən daha açıqdırlar».

Qırğızıstanda Azərbaycanı xatırladan nə var?

«Eyni kökə sahib millətik» deyir, A. Əliyev: «Bizə oxşarlıq ən çox adlarda özünü göstərir. Yavaş danışanda dillərini də anlamaq olur. Ancaq qırğız gəncləri, bizdən fərqli olaraq, daha ümidli, daha coşquludurlar. Qırğızıstandakı son hadisələr insanların siyasətə təsir etmək imkanlarını üzə çıxardı. Bu, özəlliklə gəncləri canlandırıb».

Qırğızıstan və Azərbaycan mediası - nələr oxşardır?

A. Əliyev Qırğızıstan və Azərbaycan mediasını bir-birinə oxşadır: «Bizdəki kimi sarı mətbuatın bazarı böyükdür. Azadlıq və demokratiyaya gəlincə, qırğız mediası Azərbaycan mediasına baxanda nisbətən azaddır. Təəssüf ki, bu hakimiyyətin böyük demokratiya istəyindən irəli gəlmir. Sadəcə, Qırğızıstan hakimiyyəti Azərbaycandan zəifdir və nəzarət gücü azdır. Müqayisədə onu da deyə bilərəm ki, Qırğızıstanın region kanalları bizimkinə nisbətən daha fəaldır».

Orda da jurnalistlər döyülür, həbs olunur?

«Yeni Nəsil» rəhbərinin fikrincə, «Orada fiziki təsir bizimkindən qat-qat azdır». O, Qırğızıstanda mediaya daha dözümlü yanaşıldığını düşünür: «Bunu Qırğızıstanda dövlət mediasının çoxluğu ilə də izah etmək olar. Çünki bizdə də dövlətə məxsus medianın nümayəndələri döyülmür. Jurnalistlərin maddi vəziyyətinə gəlincə, jurnalistika kasıb, jurnalistin maaşı aşağı, inkişaf perspektivi azdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG