Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:45

Müxalifətdə yaranan fikir ayrılığı [Video]


KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn və Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı son vaxtlar müxalifət düşərgəsində baş verən hadisələr haqda danışırlar


-
Sərdar Cəlaloğlu:

«İsa Qəmbər ümumiyyətlə bu görüşdən birdəfəlik imtina etdi. Vahid namizəd mövzusunun müzakirə olunmasını vaxtından qabaq, yersiz, dağıdıcı bir ideya kimi dəyərləndirdi. Biz özümüz bu məsələni hərtərəfli şəkildə müzakirə etdik və bu qərara gəldik ki, Azərbaycanda ümumiyyətlə söhbət seçkilərdən getmir. Müxalifətin bu şəkildə dağınıq olması heç bir məntiqə sığmır. Plüralizm özü müəyyən dərəcəyə qədər genişlənməlidir. Amma bizim ayrı-ayrı partiyalarda olmağımız hər məsələdə bir araya gəlməməyimizə gətirib çıxarırsa, bu o deməkdir ki, Azərbaycanda siyasi partiyalaşmada çox ciddi bir qüsur var. Azərbaycan müxalifəti bu günə qədər ciddi, səmimi olaraq heç bir məsələdə ortaq nöqtəyə gəlməyib».

Mirmahmud Mirəlioğlu:

«Azərbaycan müxalifətinin ən ağır cəhəti etiraf məsələsidir. Bizdə Azərbaycan müxalifətində çatışmayan cəhətlərdən birisi budur. Etirafı az qala bəziləri intiharla bərabər tuturlar. Etirafı məğlubiyyət hesab edirlər».

«Məncə Müsavat Partiyasının görüşə gəlməməsi məsələsini şişirtməyə ehtiyac yoxdur. Dəvət olunub. Bütün dəvətlilər bütün yerlərə getmirlər ki? Deməli, gəlməyənlər üçün gündəlikdə duran məsələ o qədər diqqət cəlb edən məsələ deyil».

Gülağa Aslanlı:

«Azərbaycanda seçkidə iştirak etmək istəyən qüvvələrin özlərinin namizədlər irəli sürməsi və yaxud kimisə dəstəkləyəcəyi barədə fikirlər olsa da, yalnız İsa Qəmbər seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib. Vahid namizəd məsələsi və yaxud müxalifətin əsas namizədi məsələsi onda müzakirə oluna bilər ki, bir neçə şəxs, siyasi partiya lideri öz namizədliyini irəli sürməyə hazır olduğunu bildirsin. Belə olarsa, onda belə adamlar toplaşaraq əsas namizəd məsələsini müzakirə edə bilərlər. Madam ki, ancaq belə şəxs ancaq İsa Qəmbərdir və digərləri yoxdur, təbii ki, onda vahid namizədin və əsas namizədin müzakirəsi hələ tezdir. Tələsməyə ehtiyac yoxdur».

Pənah Hüseyn:

«Birlik, demokratik düşərgənin bir araya gəlməsi gözəl ideyalardır. Amma birlikdən danışıb əslində bundan istifadə edərək bu birliyin alınmaması hərəkətləri də göz qabağındadır. Elə tədbir də nə ilə nəticələndi? Heç bir real nəticə olmamış, İsa Qəmbərin, Müsavatın, İctimai Palatanın digər partiyaların arasında nifaq kimi ictimaiyyətə təqdim olundu. Əvvəla seçkidə kim iştirak etmək istəyir o müəyyənləşməlidir. Çünki o görüşdə iştirak edənlərin bəziləri bəyanat veriblər ki, islahatlar olmasa, seçkidə iştirak etmək xəyanətdir. Yəni, bu adamlar bir araya gəlib səmimi söhbət edə bilməz axı. Xüsusilə vahid namizəd və ya əsas namizəd barədə. Seçkidə kim iştirak etmək istəyirsə, o adamlar bir araya gəlməlidir. Bu adamlar bu məsələləri müzakirə etməlidir».
XS
SM
MD
LG