Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:45

“Bir yazıçı saxta qız profilləri yaradıb bizə böhtan atdı”


Nigar Köçərli

Nigar Köçərli

-
Cavid Zeynallı

“Artıq ekspertlərlə ilk görüşümüz keçirilib, əsərlər onlara təhvil verilib. İlkin qiymətləndirilmə keçirilir. Bununla bağlı yaxın günlərdə informasiya yaymaq fikrindəyik”.

Bu sözləri Oxuzali.az –a açıqlamasında Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib. Onun sözlərinə görə, ekspertlərin içində ötən il mükafatın qalibi olmuş Pərviz Cəbrayılın birincilik qazanmasına narazılıq edənlər də olub.


“Bu il MKM-ə daxil olan əsərlərin təxminən 80-85 faizi elektron formada daxil olub. Ekspertlər artıq əsərləri oxumağa başlayıblar, ilkin qiymətləndirmə gedir. Yanvarın əvvəlində bizim ikinci görüşümüz olacaq. Uzun siyahı açıqlanan müddətə qədər onların bir neçə dəfə görüşü keçiriləcək. Rus dilli ekspertlərlə hələ ki, görüşə bilməmişik. Ona görə də rus dilində yazan müəlliflərin əsərləri hələlik onlara təhvil verilməyib. Növbəti müzakirələrə onlar da mütləq qatılacaqlar.

Birinci görüşümüzdə Pərvizin qələbəsini müzakirə etdik. Ekspertlərdən bəziləri narazılıqlarını bildirdilər. Əlbəttə, bu normal haldır, onların şəxsi fikrinə hörmətlə yanaşıram. Bu il əsər təqdim edən yazıçıların içində elə imzalar var ki, ekspertləri təəccübləndirdilər. Onlar gözləmirdilər ki, bu imzalar mükafata əsər təqdim edərlər. Çünki ötən il Milli Kitab Mükafatını dönə-dönə tənqid edən yazar bu il özü əsər təqdim edib”.

Nigar Köçərli ötən dəfəki mükafatda 10-luq siyahıya düşmədiyinə görə böhtana məruz qaldıqlarını bildirib:

“Bu il rəqabət hədsiz güclü olacaq, kifayət qədər tanınmış, çox yaxşı yazıçılar əsər təqdim ediblər. Ona görə də ekspertlərin işi yaxşı olmayacaq. Hələlik onları narahat edən, özünü tapşırtdıran yoxdur, amma yaxın vaxtlarda yəqin ki bunun şahidi olacağıq. Ötən il onluq siyahıya düşmədiyinə görə bir yazıçı saxta qız profilləri yaradıb, bizə böhtan atırdı. İndi həmin adamın yaxını mükafata əsər təqdim edib”.

Mahir Qarayev

Mahir Qarayev

Milli Kitab Mükafatının eksperti Mahir Qarayevin sözlərinə görə bu il qaydalara cavab verməyən əsərlər də göndərilib.

“Biz bu əsərləri dərhal kənarlaşdırdıq. Çünki MKM-in prinsiplərinə cavab verməyən əsərlərin üstünə “Milli Kitab Mükafatına” yazıb təqdim ediblər. Əlbəttə, müəlliflər müsabiqəyə inanıb, bizə etimad göstərib əsər göndəriblər, amma diqqətli olmaq lazımdır. Ötən il ümumiyyətlə cümlə qurmağı bacarmayan, orfoqrafiya qaydalarının, nöqtə vergülün nə olduğunu bilməyən bir nəfər roman göndərmişdi. Bu, bizə qarşı hörmətsizlikdir.

Yanvar ayının onunda təxminən ilkin əllilik müəyyən olunacaq, biz həmin əsərlərin içindən 20-liyi seçəcəyik. İmzası oxuculara yaxşı tanış olan yazıçılar bu il də əsər təqdim ediblər. Məsələn, Aslan Quliyevin, Əlabbasın adını çəkə bilərəm. Səhv etmirəmsə, Nəriman Əbdürrəhmanlı da bu ilki müsabiqəyə qatılıb”.

Mahir Qarayev Nigar Köçərlidən fərqli olaraq bildirib ki, imzası kifayət qədər tanınan müəlliflərin əsərlərinə rast gəlməyib:

“Məsələn, Əkrəm Əylisli, Anar, Mövlud Süleymanlı, Seyran Səxavət, Aqil Abbas əsər göndərsəydi hə, kifayət qədər tanınmış imzadan söhbət gedə bilərdi. Mən bilmirəm Nigar xanım kifayət qədər tanınmış yazıçı deyəndə kimləri nəzərdə tutur, amma şəxsən mən belə bir imzaya rast gəlməmişəm”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG