Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:26

Xaçmaz rayonunun Çiləgir kəndində qışı niyə sevmirlər?


Çiləgir kəndi
Çiləgir kəndi
-

Azərbaycanın şimal bölgəsində, daha dəqiqi Xaçmaz rayonunun Çiləgir kəndində sakinlər deyirlər ki, imkanları olsa, qışı fəsillər siyahısından silərlər. Çünki bu mövsümdə onlar yaşadıqları mənzilləri isitmək üçün özlərinin deməsinə görə, min bir əzab çəkirlər. 500-ə yaxın ailənin yaşadığı kənddə qaz sistemi hələ də quraşdırılmayıb. Əhali gözləyir ki, qonşu kəndlərdəki qazlaşdırma işləri nə vaxt Çiləgirə də gəlib çatacaq...

«MEŞƏLƏRİMİZDƏ ÇAQQAL DA AĞAC TAPMIR GİZLƏNMƏYƏ»

Sakinlərdən Bədəl Hüseynov deyir ki, qaz olmadığından kənd əhalisi meşələrə üz tutmaq məcburiyyətində qalır. Buna görə də meşələrdə seyrəlmə gedir. Hətta nadir ağaclar da kəsilir:

«Hər tərəfə qaz çəkiblər, bu kəndə yox. Bunu çəkən adam görəsən nə düşünür? Necə olur ki, ətraf kəndlərə qaz çəkirlər, bura yox? Bu meşəliyi görürsünüz? Çox gözəl meşəlikdir. Orda gözəl istirahət mərkəzləri etmək olardı. Ancaq baxın, nə günə qalıb? Bundan əvvəl meşəyə girəndə çaqqal-canavar görməzdin, indi az qala təpiklə vurursan, qaç, mən gəlirəm. Meşədə meşəlik qalmayıb ki, canavar-çaqqal ağac tapıb gizlənsin».

«BİR KƏNDLİ QIŞI YOLA VERMƏK ÜÇÜN ƏN AZI 2-3 MAŞIN ALMALIDIR»

Çiləgir kəndi
Çiləgir kəndi
Kənd sakini odun almaq üçün min əziyyətə qatlaşmaqlarından danışır:

«Kənddə fındıq istehsalı ilə məşğul olan sexlər də var. Orda «QAZ-53»lə satılan odunun bir maşını 100 manata başa gəlir. Bunun üçünsə adımızı siyahıya yazdırmalıyıq, növbəyə dayanmalıyıq. O odunu zülmlə alırıq. Bir kəndli qışı yola vermək üçün azı 2-3 maşın almalıdır».

Kəndin başqa sakini Həbib Məmmədov isə deyir ki, büdcələri heç odun alıb ocaq qalamağa da imkan vermir. Aldıqları odunu isə qətrə-qətrə işlədirlər ki, tükənməsin:

«Əhali öz cibindən pul verib alır, evləri qızdırmaq üçün. O da baha olduğu üçün işlətmir. Biz də insanıq axı, istəyirik isti evdə yaşayaq».

RƏİS: «ÇİNAR-TALA, SONRA ÇİLƏGİR»

Xaçmaz rayon Qaz İdarəsinin rəisi Pərviz Fətiyev isə çiləgirlilərə bir qədər də dözməyi tövsiyə edir:

Arxiv foto
Arxiv foto
- «Orda 7 kənd birdir, 3 kənd də bir, hamısında qazlaşma işləri başlayıb. Layihədə Çiləgir kəndinin də adı var. O kəndin adı 2013-cü ilin proqramında var.

- Elə, çiləgirlilər də deyirlər ki, 2013-cü ilə bir ay qalıb, ancaq hələ də heç bir iş görülməyib. Buna görə də çox ümidsizdirlər.

- Qaz məsələsi elə bir məsələdir ki, qaz xətləri dəqiqliklə çəkilməlidir ki, gələcəkdə təhlükəsi olmasın. Əhali deyir gətir, borudur, çək getsin. Ancaq elə deyil. Bu işi başdansovdu görmək olmaz. Bizdə podratçı təşkilatlar işləyir, Allahın köməkliyi ilə orda da işlərə başlanacaq. İndi həmin kəndin qonşuluğundakı Çinar-talada işlər başlayıb. Bu işlər mərhələ-mərhələ davam edir».

Çiləgirin qazlaşdırılması məsələsi «Regionların sosial-iqtisadi inkişafına dair» 2009-2013-cü il Dövlət Proqramına salınıb. Bu Proqramda regiondakı kəndlərin elektrik enerjisi, qaz, su, kanalizasiya vəziyyətinin yaxşılaşdırılmasından bəhs edilir. Bundan başqa proqramda yolların və digər infrastruktur obyektlərinin inşası, sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması vəd edilir.
XS
SM
MD
LG