Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın Azərbaycanda hərbi mövcudluğu bitəcəkmi?


Qəbələ RLS-i
Qəbələ RLS-i
-

Təxminən iki həftədən sonra Qəbələ RLS-nin icarə müddəti bitir. Hələ ki, danışıqlar bir nəticə verməyib. Amma bu xüsusda iki maraqlı məlumat var. Biri budur ki, əgər danışıqlar bir nəticə verməzsə onların müddəti artırılacaq və ola bilsin ki, 2013-cü ilin yazına qədər davam edəcək. Digər məlumat isə budur ki, artıq icarə haqqı ilə bağlı razılığın konturları hiss olunur.

Xatırladaq ki, Rusiya bu vaxta qədər RLS-in icarəsi üçün ildə 7 milyon dollar ödəyirdi. İndi Azərbaycan bu haqqı 300 milyona çatdırmaq arzusundadır. Əvvəl belə təəssürat yaranmışdı ki, ölkə hakimiyyəti bu yolla Rusiyanın Azərbaycandakı hərbi iştirakına son vermək istəyir. Bununla bağlı başqa əlamətlər də vardı. Belə ki, Azərbaycan bu yaxınlarda Qəbələni MDB-nin «mədəniyyət paytaxt»lığına namizəd (Gümrü və Mogilyov ilə birlikdə) kimi təqdim etmək fikrində idi. Aydın məsələdir ki, «mədəniyyət paytaxtı» elan olunan bir şəhərdə güclü radiasiya mənbəyi olan hərbi obyekt fəaliyyət göstərə bilməz. Amma bu məsələnin inkişafı ilə bağlı bir nəticə hasil etmək olmadı, çünki prezident İ. Əliyev bir müddətdir ki, MDB-nin tədbirlərindən yayınır. O, hətta MDB-nin Aşqabad sammitində də iştirak etmədi. Bir çoxu bunu Azərbaycanın Rusiyaya təzyiqi kimi yozur. Hər halda, iki dövlət arasında münasibətlərin soyuq fazaya keçdiyini duymaq üçün elə də böyük siyasi fəhm tələb olunmur. İ. Əliyev öz partiyasının 20 illiyinə həsr olunmuş tədbirdə Rusiyanın ünvanına sərt fikirlər və ittihamlar səsləndirmişdi.

İlham Əliyev
İlham Əliyev
İ. Əliyevin Moskvadan bir qədər məsafə saxlamağa can atmasını Rusiyanın gömrük ittifaqı ilə bağlı səylərindən yayınmaq kimi də yozmaq olardı. Artıq bu xüsusda bir neçə beynəlxalq bəyanat da olub. Məsələn, ABŞ-ın dövlət katibi H. Clinton (H. Klinton) Rusiyanı yenidən SSRİ yaratmağa cəhddə ittiham edib. Hələlik vahid gömrük ittifaqına üç dövlət – Rusiya, Belarus və Qazaxıstan qoşulub. Amma burada başqa nüans da var. Ötən ay Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənov Moskvaya yollanarkən yazmışdıq ki, çox güman ki, o, Rusiyada diasporla bağlı danışıqlar aparmağa yollanıb. Ə. Həsənov qayıdandan sonra keçirdiyi mətbuat konfransında özünü elə apardı ki, sanki bu məsələ hökumət üçün ikinci və ya üçüncü dərəcəli məsələdir, hətta hakimiyyət bununla maraqlanmır. Amma bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin bəyanatından belə məlum oldu ki, Ə. Həsənov bununla bağlı doğru danışmırmış, hökumət nəinki bu məsələni diqqətdə saxlayır, hətta ona münasibətdə bitərəf deyil.

Amma düşünürük ki, bu məsələdə və eləcə də Gürcüstanda baş verən olaylarda hökumət Rusiyanın rolunu olduğundan daha çox dəyərləndirir. Budur, Gürcüstan hökumətinin başçısı B. Ivanishvili (B. İvanişvili) ilk səfərindən birini Azərbaycana etmək niyyətindədir. Amma hamı düşünürdü ki, o, birinci növbədə Rusiyaya səfər edəcək. Amma Gürcüstanın Baş naziri bir neçə dəfə bəyan etdi ki, Rusiya Abxaziya və Osetiya ilə bağlı qərarlarına yenidən baxmasa, onun Rusiyaya səfəri problemli olacaq. Bu sətirlərin müəllifi Gürcüstanda olmayıb. Amma ora tez-tez səfər edən insanlarla görüşüb, danışıb. Məsələ bundadır ki, Gürcüstan cəmiyyəti Rusiya ilə əlaqələrə daha çox iqtisadi aspektdən yanaşır. Belə hesab edilir ki, Rusiya ilə əlaqələr bərpa olunsa ölkənin iqtisadi resursları, xüsusən də ticarət imkanları artar. Amma orada heç kim keçmişə qayıtmaq haqqında düşünmür. Ona görə də böyük ehtimalla iddia etmək olar ki, Rusiya ilə Gürcüstan arasında bəzilərinin güman etdiyi kimi çox sıx əlaqələr qurulmayacaq, uzun müddət yalnız bəyanat və çıxışlara sərf olunacaq.

YENİ SSRİ HAQDA SÖHBƏTLƏR REALDIRMI?

Qəbələ RLS-in əhatə xəritəsi
Qəbələ RLS-in əhatə xəritəsi
Güman etmirik. Təəssüf ki, Rusiyada siyasət hələ də köhnə qvardiyanın, hələ də yaddaşında SSRİ ilə bağlı xatirələr yaşadan siyasətçilərin nəzarətindədir, yeni siyasi isteblişment hələ formalaşmayıb. Amma yenə də buna baxmayaraq, belə söhbətlərin ciddi əsasının olmadığını demək olar. Bir məşhur məsəl var ki, «Allah dəvəyə qanad versəydi, uçurtmadığı dam qalmazdı». Amma məsələ də elə bundadır ki, dəvənin qanadları olmur, oturub onların yaranmasını gözləmək də lüzumsuz məşğuliyyətdən başqa bir şey deyil. Təbii ki, Rusiyanın Azərbaycana potensial təzyiq imkanları qalır. Bu imkanlar həm Rusiyadakı əməkçi miqrantlarla bağlıdır, həm Qarabağ problemilə əlaqəlidir, həm də digər etnik separatçı tendensiyaların qızışdırılmasından asılıdır. Amma böyük ehtimalla demək olar ki, Rusiyanın yeni planı - Avrasiya İttifaqı da onun digər psevdo – inteqrativ planları kimi reallaşmayacaq, çünki o, ölü doğulmuş uşağa daha çox bənzəyir, nəinki real geosiyasi layihəyə.

HİND OKEANINDAN AZƏRBAYCANA TƏHLÜKƏ VARMI?

Məsəl var, deyirlər ki, tarixdən sitatlar olduğu kimi gətirilmir. İndi Rusiya bütün vasitələrlə Azərbaycanda hərbi mövcudluğunu saxlamaq istəyir və bəlkə də illik icarə haqqı 7 milyon dollar olan H. Əliyev dövrü üçün bir nostalji də keçirir. Olsun. Adamı ən çox dilxor edən bilirsiniz nədir? Tez-tez deyirlər ki, RLS Hind okeanının bir hissəsini belə nəzarətdə saxlayır. Amma vur-tut bir neçə yüz kilometrdə öz ərazisini nəzarətdə saxlaya bilməyən Azərbaycana Hind okeanı lazımdırmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG