Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:15

Güntay Gəncalp saxtakarlıq edibsə, onu dərhal ifşa etmək lazımdır


Gülnar Məsimova
Gülnar Məsimova
-

"Gəncalpın yazdığı bu kitab şübhə toxumlarını bir çox ürəyə səpə bildi. Şübhə isə hər zaman həqiqətə aparan tək yol sayıla bilər. Bu şübhənin daha dərinə işləməsinə yol verməməksə mütəxəssislərin üzərinə düşür".


Gülnar Məsimli
“Discovery Azerbaijan” dərgisinin redaktoru



GÜNTAY GƏNCALPIN "SƏFƏVİLƏR" KİTABI HAQQINDA MÜLAHİZƏLƏR


Uzun zaman bizə öyrədilən bir gerçəkliyin tam ziddinə yazılan bir kitabdır “Səfəvilər”. ("Qanun" nəşr.)

Hər bir oxucu bu kitabı oxuduqdan sonra yəqin ki, çox təəccüblənir, şoka düşür.

Ancaq məncə bu kitabın müəllifi olan Güntay Gəncalpı tənqid etmək yerinə onun istifadə etdiyi mənbələri sual altına almaq lazımdır.

Həqiqətən də kitabın yazarı Səfəvilər haqqında saxtakarlığa yol vermişsə, bunu zaman itirmədən ifşa etmək gərəkdiyini düşünürəm.

Çünki kitabda yazıçının öz açıqlamalarını istisna etsək, demək olar ki, Səfəvilərlə bağlı bütün tarıxi faktlar və digər məlumatlarla bağlı istinad mənbələri göstərmişdir.

Bizim tarixçilərimiz bu qaynaqların doğru olmadığını isbat etməyə çalışmalıdırlar, yoxsa G. Gəncalpı söyməklə bu iş düzəlməz.

Son günlərin əsas müzakirə mövzularından biri olan bu kitab geniş əks-səda yaradıb.

Kitabı oxuyan hər kəs ya əsəbiləşir, ya da ağzına gələni Gəncalpa deyib ürəyini boşaldır.

Ancaq bu kitabda verilən mənbələr doğrudursa, o zaman Gəncalp da olmasaydı, bir başqası gec-tez bu mənbələrə dayanaraq bu və ya buna bənzər kitab yazacaqdı.

Ona görə də kitabın xalqımızın tarix bilgisi üzərində buraxdığı şok təsiri ortadan qaldırmaq üçün bizim tarixçilərin üzərinə böyük məsuliyyət düşür.

Çünki kitabda adamın türklərini ürpəşdirən məlumatlar həddən ziyadə çoxdur.

Gəncalp Bitlisinin “Şərəfnamə” adlı əsərinə və Azərbaycan dilinə tərcümə edilmiş İsgəndər bəy Türkmənin “Dünyanı bəzəyən Abbası tarixi” adlı kitabını qaynaq göstərək Şah İsmayılın adam əti yeyən dəstələrinin olduğunu bu şəkildə yazır:

“Osta qalası düşdükdən sonra burada Bayındırlı soyundan olan Murad bəy Cahanşahlu adında bir kişi var idi. Bayındırlıların iqtidar savaşı olduğunda qaçıb Çəlaviyə sığınmışdı və İsmayılla da heç bir düşmənliyi yox idi. Sadəcə sünni və bayındırlı soyundan olduğu üçün Şah İsmayıl əmr verdi ki, onu kabab etsinlər. Sonra qızılbaşlar onun ətini yedilər.”

Eyni adam əti yemə olayını Gəncalp bir də “Dünyanı bəzəyən Abbasi tarixi”ni qaynaq göstərək yazır:

“Murad bəy Cahanşahlu qəzəb odunda yandırıldı, intiqam alan döyüşçülər onun ətini yedilər.”

Daha sonra da Dehxuda adında bir kitabı mənbə göstərərək davam edir: “Şah İsmayılın əmri üzərinə “çegin” adında adamyeyən dəstələr təşkil edilmişdi. Bu dəstələr 12 imam adına 12 nəfərdən ibarət idilər. Çeginlər sünnilərin öncə qulaqlarını, sonra burunlarını, daha sonra bədənlərinin başqa yerlərini yeyirdilər. Çegin sözü “çiy yeyən”nin asan tələffüz şəklidir. Məhkumların ətlərini bişirmədən çiy yeyirmişlər.”

Əgər bütün bu sadalananlar Gəncalp tərəfindən uydurularaq yazılmışsa, Səfəvilərlə bağlı araşdırama aparan mütəxəssislər və bizim tarixçilərimiz bu yalanı faktlarla ifşa etməlidirlər. Və Gəncalpın göstərdiyi mənbələrin də yalan olduğunu açıqlamadırlar.

Kitab İslam tarixinə girişlə başlayıb məzhəblərin, təriqiətlərin incələnməsi ilə Səfəvilər dövrünə daxil olur.

Səfəvilikdən öncəki durumu Azərbaycan və Anadoluda açıqlayır. Şah İsmayıl bölümünə
girişdə Şah ismayılın tarixdə olub-olmamasına da şübhə ilə yanaşılır. Daha sonra Şah İsmayılın Təbrizdə törətdiyi Gəncalpın ifadəsi ilə söyləsək “soyqırım” izah edilir. Gəncalp
Güntay Gəncalp. Səfəvilər
Güntay Gəncalp. Səfəvilər
Şah İsmayılın təbrizlilərlə rəftarını bu şəkildə təsvir edir:

“Qızılbaşların Təbrizi işğal etdiyi günün ertəsi cümə günü idi. Cümə günü Şah İsmayıl “Cami” məscidinə gəldi. Camidə bulunan hər iki sünni arasında bir əli qılıclı qızılbaşın hazır durmasını istədi. Şah İsmayıl sünni məzhəbinin mənsux (batil) olduğunu duyurdu. Camidəki qalabalığın şaşqınlıqdan nəfəsləri tutulmuşdu. Sonra Əbubəkirə, Ömərə, Osmana və Ayişəyə lənət söyləməyib səssiz qalanların başlarının həmən vurulmasına əmr verdi. Minbərə çıxıb orada bulunan qalabalığa dedi: “Sünnilərdən təbərra edin (uzaqlaşın)”, “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” Orada əllərində qılıc duran qızılbaşlar “Çox lənət, daha çox lənət!” deyə bağırdılar. Xalq etiraz etdi və çaxnaşma qopdu. Şah yenidən yüksək səslə “Kim bu sözləri söyləməsə öldürüləcəkdir” dedi. Təbriz əhalisi şaşqın qalmışdı. Bir müsəlman necə ola bilər peyqəmbərin ən yaxın əshabələrinə, peyqəmbərin ən çox sevdiyi eşinə lənət söylər olsun, deyə qara-qara düşünürdülər. İsmayıl isə, nə səhabilərin kimliyini, nə də İslam tarixini bilirdi, nə də peyqəmbəri doğru-dürüst tanıyırdı. Onların inancına görə imamlıq görəvi peyqəmbərlik məqamından üstün idi. Sadəcə 12-ci imam kimi davranmaq ona öyrədilmişdi. Əbubəkirin, Ömərin, Osmanın və Ayişənin müsəlman olmadıqları, Əli düşmənləri olduqları çocuğun ruhuna və şüuruna doldurulmuşdu. Peyqəmbər düşməni olan onlar Əlinin iqtidar haqqını yemiş və özləri iqtidara gələrək Əbusüfyan dini olan sünniliyi yaymışlar... İndi Əli və Fatimənin, və Kərbəlada şəhid olanların intiqamını Azərbaycan türklərindən almanın zamanı gəlmişdi və Təbriz əhalisi qətl edilməli idi. Təbriz əhalisi etdikləri “suçlardan” dolayı ya tövbə etməli, ya da qətl edilməli idi... Camidəki əhali türkçəni Gilək ləhcəsi ilə danışan və əlində qılıc tutan İsmayıl adında bu yabancı çocuğun “Əbubəkirə, Ömərə və Osmana lənət söyləyin!” bağırtısını yenidən duydular. Xalq iki qorxu arasında sıxışıb qalmışdı. Bir tərəfdən İslam böyüklərinə lənət söyləsələr Allahdan qorxurdular, digər tərəfdən də əllərində qılıc dayanmış öldürməyə hazır olan qızılbaşlardan. Çoxları bu sözləri duymamaq üçün barmaqları ilə qulaqlarını tıxadılar. Şəhərin İslam alimlərindən bir neçəsi camidən çıxmaq istədilər. Ancaq minbərdə əlində qılıc oturmuş Şah bu dəfə daha yüksək səslə “Təbərra edin!” dedi. Kimsə təbərra etmədiyi üçün Şah camidə olanların hamısının başlarının kəsilməsinə əmr verdi. Təbriz camisi böyük bir qətlgaha dönüşdü. Kimsə qızılbaşların əlindən sağ qurtulmadı. Bunun üzərinə qızılbaşlar təbrizlilərin mallarına və namuslarına təcavüz etmək üçün sərbəst buraxıldılar.”

Güntay Gəncalp
Güntay Gəncalp
Bizim tarixçilər niyə görə bu bilgilərin qaynaqlarının yanlış olduğunu sənədlərlə ifşa etmirlər? Gəncalpın bu kitabı yazmaqda məqsədinin nə olduğundan asılı olmayaraq o, Səfəvilərin öz mənbələrindən daha çox istifadə edib. Bu qaynaqların çoxu Səfəvilər öz zamanında yazılıb. “Səfəvilər” kitabının yazarının verdiyi məlumata görə bu qaynaqlardan ən önəmlilərindən biri də Azərbaycan dilinə tərcümə edilib. Əgər Gəncalp verdiyi məlumatlarda mənbə olaraq göstərdiyi kitablar doğrudursa, o kitablarda bu məlumatlar yazılmışsa, o zaman Gəncalpın tənqid etməyin nə mənası var?

Kitabda iddia edilir, daha öncə Azərbaycan mədəniyyətini quran və yaşadan Bayındırlı dövləti var imiş və Şah İsmayıl bu dövləti tarixdən sildikdən sonra İran dövlətini qurur və başına şahlıq tacı qoyduğunda da 12 imam adına 12 cümlədən ibarət olan fars milliyətçiliyinin tarixi manifestini oxuyur. Yazar bəlli qaynaqlar göstərərək iddia edir ki, Şah İsmayıl iqtidara gələr-gəlməz dövləti farslaşdırmağa başlayır və qızılbaşlar buna etiraz olaraq Şah ismayılın təyin etdiyi 5 valini öldürürlər və Şah İsmayıl da qızılbaşları bu əməllərinə görə qətl edir. Demək olar ki, kitab Şah İsmayılın elə bil qətlnamə kitabıdır. Həm də Şah İsmayılın qətl etdiyi bütün insanlar Azərbaycan türküdür.

Kitabda ən dəhşətli hadisə Şah İsmayılın Şeybək Xanı məğlub etdikdən sonra onun ətinin yeyilməsi üçün əmr verməsidir. Həqiqətən də bunları Gəncalp özündənmi uydurmuş, yoxsa tarixi reallıqlardır? Bunlar reallıqdırsa, nədən belə bir insanı biz qəhrəman kimi qəbul etməliyik? Gəncalpın yazdığı “Səfəvilər” kitabına görə, hətta Şah İsmayıl şair də olmayıb. Onun adından bizə çatan şeirlərin çoxu Anadolu xətailərinə aid imiş. Yəni Azərbaycan mənəviyyatı və tarixi üçün zərərdən başqa bir xeyri dəyməyən Şah İsmayılı nədən biz milli qəhrəman kimi qəbul etməliyik? Çox istərdim ki, tarixçilərimiz bu sullara cavab versinlər. Düşünürəm ki, burada Güntay Gəncalp problemi deyil, məhz onun göstərdiyi mənbələr araşdırılarsa həqiqətə bəlkə bir addım tez çata bilərik. Çünki tarixin bir çox əsrlərdə saxtalaşdırıldığı faktı bizlərə məlumdur.

Bu kitabın nə dərəcədə doğru və yalan yazıldığı sağlam şəkildə araşdırılmalı və doğruların hakim olduğu bir tarix yazılmalıdır. Çünkü atalar demişkən “Yalan ayaq tutar, ancaq yeriməz.” Yalan bilgilər üzərinə gerçək tarix yazıla bilməz.. Gəncalpın yazdığı bu kitab şübhə toxumlarını bir çox ürəyə səpə bildi. Şübhə isə hər zaman həqiqətə aparan tək yol sayıla bilər. Bu şübhənin daha dərinə işləməsinə yol verməməksə mütəxəssislərin üzərinə düşür. Məhz mütəxəssislər kitabınmi, yoxsa bizə təlqin olunana tarixinmi yalan və ya doğruluğunu çatdıra bilərlər.

Bu kitab bir çox oxucu kimi mənim də tarixi faklarla bağlı şübhələnməyimə zəmin yaratdı. Bu səbəbdən də bir vətəndaş olaraq tarixçiləri araşdırma aparmağa dəvət edirəm. Həqiqət hər zaman gözəl olmasa belə yenə da şirin yalandan yaxşıdır. Təhqirlərlə bir sona çatmağın axmaqlıq olduğunu dərk etsək əgər mütləq həqiqətə çata biləcəyimizə inanıram. Və hər kəsi yalnız kitabı oxuduqdan sonra sağlam tənqidə dəvət edirəm. Və yalnız şəxsi mülahizələr deyil, faktlar bizi doğrulara çatdırsın istəyirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG