Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:16

Xalq şairi Qabilin tanınmış adamlar haqda istiotlu xatirələri...


Qabil
Qabil
-

Mahir Qabiloğlu


Atam - xalq şairi Qabil haqda xatirələr


Qabildir - öz “yeraz”ımızdır!


1995-ci ilin deputat seçkiləriydi. Atam da namizədliyini Nəsimi rayonundan irəli sürmüşdü. Namizədliyinin qeydə alınması üçünsə o ərazidə mənzil qeydiyyatında olan 2000 nəfərin imzası bir də 140 min manat rüsum, o vaxtın diliylə desək 14 şirvan tələb olunurdu.

Əlbəttə ki, bu işdə əsas yük mənim üzərimə düşmüşdü. Qapı-qapı düşüb imza toplayırdım. Kimisi gülərüzlə qarşılayırdı, kimisi qapıdan qovurdu, eləsi də olurdu ki, heç qapını açmırdı. Hamıya da özümü namizədin vəkili kimi təqdim edirdim. 6 günə artıq 1500 imza toplamışdım.

Növbəti günlərdən birində daha bir mənzilin qapısını döydüm. Bir kişi açdı. Onları narahat elədiyim üçün üzr istədim, bir az da utandım, qızardım. Əlbəttə ki, işimin xatirinə. Dedi ki, kiminçün imza toplayırsan? Dedim ki, Qabilçün. Bu dəfə şair sözünü əlavə etmək yadımdan çıxdı. Soruşdu ki, nəyisən? Çaşdım düzünü dedim: Oğlu. Bah, burada kişinin üzü güldü. Məni içəri dəvət etdi. Arvada çay gətizdirdi. Ailədə 6 nəfər idi. Hamısı da pasportlu vətəndaş, yəni ki, seçici. Altı dənə pasportu mənə verdi ki, bəs qardaş yaz. Qabil bizim canımız-ciyərimiz. Arvadı bir az da irəli getdi: “Qabilə imzamızı, səsimizi verməyəcəyiksə onda bizə haram olar. Mən gedim qonşulara hay vurum, onları da bu işə cəlb edim”. Beləcə çay içə-içə qonşular da öz ayaqları ilə gəlib pasportlarını verdilər, mən də yazdım.

Necə deyərlər bir güllə ilə 30 imza vurdum. Razılığımı bildirdim. Ayağa durdum. Sağollaşdım. Evin xanımı sağollaşanda dedi ki, salam de Qabil müəllimə, eloğlumuzdur. Qabildir e - öz “yeraz”ımızdır. Çaşıb qaldım. Dedim ki, axı atam bakılıdır, indi ki, Siz də onu özünüzkü sayırsınız mənimçün çox xoş oldu. Arvadın rəngi dəyişdi: “Ə, necə yəni bakılıdır, Qabil Hüseynli Ermənistanlıdır, öz yerlimızdır”.

Onda başa düşdüm ki, qadın səhərdən bu canfəşanlığı həmkəndliləri, o vaxt prezident Heydər Əliyevin müşaviri işləyən Qabil Hüseynlinin xatirinə edirmiş. Heç nə demədim. Tezcə oradan uzaqlaşdım.


Qabil heç vaxt rüşvət almayıb

1969-cu il Azərbaycan Kommunist Partiyasının məşhur plenumunda respublikada rüşvətxorluğa qarşı mübarizə başlayır. Əmək kollektivlərində də bu qərar müzakirəyə çıxarılır. Növbə Azərbaycan Yazıçılar İttifaqından da yan keçmir. Yazıçılar da bu qərarı dəstəklədiklərini bəyan edirlər. Qabil də bu əsnada söz alır. Öz kommunist mövqeyini nümayiş etdirir. Azərbaycanda təmiz adamların da çox olduğunu bildirir. Çıxışını belə başa vurur: “Elə biri mən. 43 yaşına çatmışam, ömrümdə bir qəpik də rüşvət almamışam”. Bu sözü eşitcək xalq yazıçısı Əli Vəliyev yerindən səslənir: “Qabil, verməyiblər almamısan, versəydilər alardın!”


Bunu yazım?

Ölümünə 2 ay qalmışdı. Ayağı burxulmuşdu. Ayaq barmağında qaralma başlamışdı. Qanqrenadan şübhələnirdik. Əsayla gəzirdi. Evə kimsə zəng elədi ki, bəs Qabil müəllim, Nəsir İmanquliyev haqqında xatirə kitabı buraxırıq, Siz də onun müasiri kimi yadınızda qalanları yazın.

- Mənim Nəsir müəllim haqqında xatirəm-filan yoxdur. Sağ ol!

Dəstəyi yerə qoydu. Mən elə bildim ki, canı ağrıdığına görə belə deyir. Dedim ki, yaza bilmirsən, diktə elə mən kağıza köçürüm. Dedi ki, yox. Siyasi düşüncələrim baxımından əl çəkmədim. Bildim ki, başqa cürə başa düşə bilərlər. Axı telefonda görmürlər ki, xəstədir. Gördü ki, çox narahatam. Başladı məni başa salmağa ki, nəyə görə yazmır.

- Mahir 10-da oxuyurdun. Pirşağı sahillərində çimirdik, yadındadır?

- Hə!

- Bir mavi QAZ-24 dayandı yanımızda, “Pravitelstvennı” nömrəylə. Yadındadı?

- Hə!

- İçindən bir yaşlı? Ağayana kişi düşdü. Əlində də 2 butulka arağ. Qucaqlaşdı, öpüşdü mənimlə. Biz də dayınla bir butulkanı boşaltmışdıq. Onunla da iki arağın axırına çıxdıq. Şəhərəcən də rulu sən tutmusan, maşını da allah sürüb. Yadındadır?

- Hə!

- Bəs o kişi Nəsir İmanquliyev idi də. Yeganə xatirəm də budur. İndi mən bunu yazım?


“Anamın cığırı”

“Ədəbiyyat və incəsənət” qəzetində işləyəndə həftədə bir dəfə növbətçi qalırmış. Ta qəzet çapa hazır olmayanadək mətbəədən tərpənmirmiş. Çünki texniki işçilər ruslar idi və iş vaxtı əsasən dəm olduqları üçün onlara xüsusi diqqət yetirmək lazım imiş.

Təsadüfən qəzetin növbəti nömrəsində çap olunacaq bir şeir atamın diqqətini çəkir. Tez həmin şeirin müəllifinə - M. Ə.-yə zəng edir:

- Sən sabah mənə qonaqlıq verməlisən!

- Xeyir ola?

- Çünki mən indi mətbəədə “dejurnuyam”. Sənin də şeirin çapa gedir.

- Ay Qabil, qəzetdə yüz dənə yazı gedir. Mənimki də onlardan biri. Axı niyə qonaqlığı məhz mən verməliyəm?

- Çünki sənin şeirinin adı çox xatalıdır: “Anamın cığırı”

- Burda xatalı nə var ki? “Anamın cığırı” – normal addır da?

- Necə yəni? Sən bax qəzetdə işləmisən də? Bilirsən də burada şriftləri yığan ruslardır. İndi Kolya da dəmdir, Tolya da. İndi də işə başlayacaqlar. Allah eləməsin sənin “Anamın cığırı” şerində “cığır” sözündəki “ğ” və “r” hərflərini səhv salsınlar. Mən düzdü töhmət alacağam, amma sən aləmdə biabır olacaqsan.


… həm də seyiddir!

Qabil ictimai həyatı yaxından izləyirdi. O cümlədən Milli Məclisdə gedən hadisələri. Xüsusilə də ANS-in efirindən. Orada cərəyan edən hadisələri çılpaqlığı ilə verirdilər. Daha doğrusu söyüşmələri, əlbəyaxaları və sairə. Günlərin bir günü də 2-3 nəfər deputat başqa bir deputatın, daha dəqiq desək müxalifətçi millət vəkilinin üstünə düşürlər. Biri ona meymun deyir, o birisi keçi, bu birisi keçisaqqal. Atam tənqidin tərəfdarıydı. Amma bu cür təhqirlərdən hiddətlənmişdi. Tədbirlərin birində Milli Məclisdə təmsil olunan şair, yazıçı, ziyalı millət vəkillərindən bəzilərini bir yerdə “yaxalayır”:

- Sizdən heç gözləməzdim. Taqsırı var, nəyi var, müxalifətçidir, kimdir – bu öz yerində. Qoy tənqid eləsinlər. Bunlar o boyda Milli Məclisdə onu təhqir etmirlər e, söyürlər. Siz də xalqımın ziyalı övladları ağzınıza su alıb müşahidə edirsiniz. Bir araya girin, dillənin. Belə olmaz axı. O da deputatdır. Bir elin ağsaqqalıdır. Ailəsi var. Özü də ki bu köppəyoğlu həm də seyiddir!
XS
SM
MD
LG