Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Avropa Birliyinin nümayəndəsi seçkiyə qarışır? [Video]


Politoloqlar Ərəstun Oruclu, Rəşad Şirin, seçki ekspert, hüquqşünas Anar Məmmədli və bloqqer Emin Milli Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın 2013-cü il seçkisində İlham Əliyevi ən şanslı namizəd adlandırmasına münasibət bildirirlər.


-
Rəşad Şirin:

«Səfirin dediklərini kobud bir səhv kimi qiymətləndirirəm. Əslində Avropa Birliyi bir dövlət olmadığı üçün, beynəlxalq təşkilat olduğu üçün səfir də özünü o qədər məsuliyyətli hesab etmir. Yəni ən avtoritar ölkələrdə belə heç vaxt belə bir bəyanat verilməyib. Burda bir politoloqdan, professordan söhbət getmir. Avropa Birliyinin Azərbaycandakı səfirindən söhbət gedir. Dövlət olmadığı üçün dolayısı ilə yəqin ki, məsuliyyəti də azdır. Ola bilsin ki, səfir bu fikri söyləyərkən səfir olduğunu unudub. Ya da bu, düşünülmüş bir siyasətdir».

Emin Milli:

«Bu, nəinki kobud, hətta bağışlanılmaz bir səhvdir. Azərbaycan cəmiyyəti, xüsusilə 2013-cü ildə namizəd olmağa iddialı şəxslər Avropa Birliyindən tələb etməlidirlər ki, bu səfir Azərbaycandan geri çağırılsın. Bu məsələdə mənim diqqətimi çəkən müxalifətin və əsas müxalifət partiyalarının passivliyidir. Əslində, mən hesab edirəm ki, Roland Kobia Azərbaycan müxalifətinə çox böyük hədiyyə edib. Bəs Azərbaycan müxalifəti bundan istifadə edə biləcəkmi? Hələ ki, bu, görünmür. Hesab edirəm ki, bütün 2013-cü ildə prezident seçkilərində namizədliyə iddialı olan şəxslər fikirlərində ciddidirlərsə, onlar yığışıb məktubla Avropa Birliyinə müraciət etməlidirlər və bu məktub Avropa mətbuatında çap olunmalıdır. Əsas tələb səfirin geri çağırılması olmalıdır və səfirin səhvi səbəb kimi göstərilməlidir».

Anar Məmmədli:

«Nəzərə alsaq ki, Azərbaycanda hələ seçkilər başlamayıb, belə düşünə bilərik ki, bu, seçkiyə müdaxilə deyil. Ancaq hər halda seçkilərə bir il qalmış baş verə biləcək hər hansı bir hadisə bu və ya digər formada seçkilərə müdaxilədir. Cənab səfirin tərəfindən işlədilən ifadə yetərincə xoşagəlməz hadisədir və mənfi presedentlərə səbəb ola bilər. Bu, Avropa Birliyinin Azərbaycanda tərəfsizliyini zərbə altına qoya bilər. Avropa Birliyi ilk növbədə bu məsələdən narahat olmalıdır. Biz özümüz də narahat olmalıyıq ki, gələcəkdə bu kimi hallar digər səfirlər, beynəlxalq təşkilatların nümayəndələri tərəfindən təkrarlanmasın».

Ərəstun Oruclu:

«Səfirin bəyanatından, onun açıqlamasından bizə bir impuls da gəlməli idi. Gəldi də. Kimlərə gəlmədi, kimlərə çatmadı? Kimlər düşünür ki, Qərbə yarınmaqla uğur əldə etmək olar. Səfir bununla demək istədi ki, nə qədər ki, siz xalq olaraq öz müqəddəratınızı həll etmək istəmirsiniz, sizin taleyinizi bizim kimi adamlar həll edəcək. Biz nəhayət başa düşməliyik ki, Azərbaycan siyasəti üzünü Avropadan, Amerikadan çevirməlidir. Onlara arxa çevirib, üzünü xalqa tərəf tutmalıdır. Azərbaycan iqtidarı da xalqdan üz döndərib, Azərbaycan müxalifəti də üzünü döndərib Qərbə baxır. Bəziləri Rusiyaya, Türkiyəyə. Səfir bizə demək istəyir ki, siz busunuz da. Nə qədər ki, siz busunuz, sizin taleyinizi belə və bu cür kadrla həll edəcəyik».

Şərhləri göstər

XS
SM
MD
LG