Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Avropa Birliyinin nümayəndəsi tərəf tutur?


Roland Kobia
Roland Kobia
-
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia-nın mediaya bir açıqlaması siyasi dairələrdə mübahisə doğurub. Cənab Kobia jurnalistlərə deyib ki, 2013-cü ildə keçiriləcək prezident seçkisində qalib gəlmək üçün İlham Əliyevin yaxşı şansları var.

Nümayəndəliyin sözçüsü Gülnarə Bayramova AzadlıqRadiosuna Kobia-nın belə bir fikir söylədiyini təsdiqləyib.

«AVROPA BİRLİYİ İLƏ XALQIN RƏYİ ÜST-ÜSTƏ DÜŞÜR»

Azərbaycanda avropalı diplomatın bu cür açıqlama verməsini sıradan bir olay sayanlar da var, Roland Kobia-nın ciddi səhvə yol verdiyini düşünənlər də.

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyir ki, Avropa Birliyi təmsilçisindən belə bir açıqlamanın verilməsi gözləniləndir. Deputatın fikrincə, İlham Əliyev, doğrudan da, iddiaçılar arasında ən şanslı, cəmiyyətin inandığı və rəğbət bəslədiyi siyasi xadimdir:
Fəzail Ağamalı
Fəzail Ağamalı

«Bu faktı beynəlxalq səviyyədə tanınmış insanlar etiraf edirsə, deməli, onların fikri ilə Azərbaycanın sosial sifarişi və Azərbaycan xalqının rəyi üst-üstə düşür. Kobia-nın bu açıqlaması obyektiv dəyərləndirmədir. Mən düşünürəm ki, bu, İlham Əliyevin bir dövlət xadimi kimi beynəlxalq aləmdə qazandığı nüfuzun məntiqindən də doğan yanaşmadır».

Bununla belə, F.Ağamalı düşünür ki, Roland Kobia-nın fikrini Avropa Birliyinin rəyi kimi yozmaq düz deyil:

«Kim deyir-desin -- hansısa diplomat və ya dövlət başçısı -- Azərbaycanda seçkilərin taleyini xalq həll edir».

«DEMƏK İSTƏYİR Kİ, SEÇKİLƏRDƏN QORXMA»

Müsavat başqanı İsa Qəmbər bu günlərdə Avropaya səfərdən qayıtdığını bildirərək, getməzdən öncə Avropa Birliyi və digər beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdüyünə diqqət çəkdi. Onun fikrincə, Avropa Birliyi də, başqa beynəlxalq təşkilatlar da Azərbaycanda ayrıca kiminsə namizədliyini dəstəkləmirlər və Azərbaycandan umduqları -- demokratikləşmə yönündə ciddi addımların atılmasıdır:
İsa Qəmbər
İsa Qəmbər

«Avropa Birliyinin namizədlərdən kiməsə dəstək verməsi müzakirə mövzusu ola bilməz. Ola bilər, səfir Roland Kobia İlham Əliyevə demək istəyir ki, «seçkilərdən qorxma, sənin də şansın var». Görünür, rejim seçkidən qorxaraq, uduzacağını düşündüyündən, cənab səfir bunları azad və ədalətli seçkilərə bir az ürəkləndirmək istəyir. Amma istənilən halda bir diplomatın ölkə daxili siyasi qüvvələr nisbəti haqqında fikir səsləndirməsi, məncə, düzgün deyil».

İ.Qəmbər deyir ki, bu cür açıqlamalar Müsavat, eləcə də İctimai Palata kimi real qüvvələri seçkilərə hazırlaşmaq və qalib gəlmək üçün daha əzmlə çalışmağa sövq edə bilər.

«AVROPA TƏMSİLÇİSİ ÖZ FİKRİNİ SÖYLƏYİB»

Məsələyə kənar münasibətin maraqlı olacağını nəzərə alıb seçki ənənələri oturuşmuş qonşu ölkələrdən birinə müraciət edirik. Türkiyəli politoloq, Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan bildirir ki, avropalı diplomatın dediklərində qeyri-adi bir şey yoxdur. Onun fikrincə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsini tövsiyə edən bir qurumun səfirinin belə bir fikir səsləndirməsinin seçki prosesinə heç bir təsiri ola bilməz.
Sinan Oğan
Sinan Oğan
Çünki məsələni xalq həll edir:

«Avropa təmsilçisi öz fikrini söyləyib. O, hansısa partiyaya və ya liderə səs verməyə çağırsaydı, o zaman ölkənin daxili işlərinə açıq şəkildə qarışmış olurdu. Amma hər hansı ölkənin və ya Avropa Birliyinin, Avropa Şurasının nümayəndəsi bu barədə fikrini söyləyə bilər. Mən bunu seçki ilində Azərbaycanın seçki prosesinə müdaxilə kimi qəbul etmirəm».

«SƏFİR GERİ ÇAĞIRILMALIDIR»

Hüquqşünas Erkin Qədirli isə S.Oğan-ın fikirləri ilə razılaşmır. O hesab edir ki, Avropa Birliyinin Azərbaycandakı səfiri bu hərəkəti ilə ciddi səhvə yol verib:

«Avropa Birliyi düzəldici bəyanat verməklə və Roland Kobia-nı səfir vəzifəsindən geri çağırmaqla bu yanlışlığı düzəltməlidir. Çünki bu həddindən artıq kobud səhvdir. Belə səhvlər olmamalıdır. Avropa Birliyi doğrudan da öz nüfuzunun qayğısındadırsa, bunu etməlidir. Çünki bu qurumun nüfuzu Azərbaycanda çox aşağıdır».

Erkin Qədirli
Erkin Qədirli
E.Qədirliyə görə, Avropa Birliyi bu addımları atmasa, Azərbaycan xalqının iradəsinə və ölkədəki demokratik mübarizəyə hörmətsizlik etmiş olacaq. Onun fikrincə, öz diplomatını Azərbaycana göndərən ölkə və beynəlxalq təşkilat seçkilərdə qalib gələn istənilən siyasi qüvvə ilə işləməlidir. Onların kimisə dəstəkləməsi, yaxud şansları dəyərləndirərək ayrı-seçkilik salması qətiyyən düzgün deyil. Həm diplomatik fəaliyyətin məntiqi, həm də siyasi mədəniyyət bunu tələb edir.
XS
SM
MD
LG