Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:10

400 manatı ödəməyən yalnız 5 ildən sonra Azərbaycana qayıda bilər


Gürcüstan-Azərbaycan sərhədi
Gürcüstan-Azərbaycan sərhədi
-
«Beş-altı gün əvvəl gəlinimlə getdik sərhədə ki, Gürcüstana keçək. Bizə dedilər ki, Azərbaycanda qalmaq üçün üçaylıq müddətiniz bitdiyindən Miqrasiya İdarəsinə adambaşına 400 manat cərimə ödəməlisiniz. Yalnız bundan sonra bizi Gürcüstana buraxa biləcəklərini dedilər. 800 manatdan çox pul edir. Qoca adamam, mən bilmirəm nə edim, hara gedim, haradan tapıb bu pulu? Qalmışam belə».

84 yaşlı İsgəndər Cəfərovun ailəsi Azərbaycanda çoxdan yaşasa da, bənzər problemlə ilk dəfə üzləşir.

Cəfərovlar ailəsi cəriməni ödəməsə, ölkədən çıxarılacaq və demək, Azərbaycana gəlmək üçün düz 5 il gözləməli olacaqlar. İsgəndər Cəfərov bunu istəmir və çıxış yolunu qaydaların yumşaldılmasında görür.

Bir aya yaxındır ki, Gürcüstanda yaşayan azərbaycanlılar yaranmış vəziyyətə etiraz etməkdədirlər.

QANUNUN TƏLƏSİK TƏTBİQİ NƏDƏN QAYNAQLANIR?

«Borçalı» Cəmiyyətinin sədri Zəlimxan Məmmədli həmin qanunun birdən-birə tətbiqini yanlış addım sayır. Deyir 1996-cı ildən qüvvədə olan miqrasiya qanunvericiliyinin Gürcüstandan olan azərbaycanlılara qarşı bu cür tətbiqi anlaşılan deyil:

«İndiyədək insanlarda bir arxayınçılıq olub. Qanunun tətbiqinə qəfil başlayıblar. Azərbaycanda bu problemlə üzləşən 70 minədək Gürcüstan vətəndaşı var. Onların da çoxu xırda alış-verişlə və ya tikinti işlərində çalışmaqla gündəlik çörəkpulu qazanır. İndi bu insanların qəfil «qəfəsə» salınması yolverilməzdir. İnsanların günahı nədir ki,
Zəlimxan Məmmədli
Zəlimxan Məmmədli
qanun, qaydalar izah edilmədən cərimə olunurlar?».

Zəlimxan Məmmədlinin fikrincə, cərimələrə başlamazdan öncə hökumət televiziya və mətbuatda maarifləndirmə işi aparmalı, bu məsələlərə aylarca zaman ayırmalı idi:

«Yalnız bundan sonra inzibati cəzalara keçmək olardı. Amma elələri var ki, onlar 6 ay və ya 1 il əvvəl Azərbaycana gəliblər, indi onlara deyirlər ki, sizin də adınız siyahıda var, siz də cərimə ödəməlisiniz. Bu, yolverilməzdir».

Cəmiyyət sədri yaranmış narazılıqları aradan qaldırmaq üçün miqrasiya qanunvericiliyində dəyişikliyi vacib sayır. Deyir ki, bu yaxınlarda Nazirlər Kabinetinə göndərdikləri müraciətdə də azərbaycanlılarla bağlı yumşaldıcı qaydaların hazırlanmasını istəyiblər.

MİQRASİYA XİDMƏTİ CƏRİMƏNİ PROBLEM SAYMIR?

Dövlət Miqrasiya Xidməti hər hansı problemin olmadığını deyir. Xidmətin adının çəkilməsini istəməyən məlumatlı əməkdaşı hesab edir ki,
Əlövsət Əliyev
Əlövsət Əliyev
3 ay müddətində Azərbaycanda qalmaq istəyən Gürcüstan vətəndaşı buna görə 3 gün ərzində yaşadığı yerin pasport masasına üz tutaraq məsələni çözə bilər. Bir aylıq müddətə gəlincə, qanunvericilikdə bunun üçün qeydiyyat nəzərdə tutulmur.

«Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev xəbərdarlıq edilmədən və maarifləndirmə işi aparılmadan qanunun tətbiqini insan hüquqlarına sayğısızlıq sayır və icranın müvəqqəti dayandırılmasını təklif edir:

«Bu, indiyədək Azərbaycana gələn Gürcüstan vətəndaşlarına şamil edilməməlidir. Daha sonra gələnlərə də məsələ açıqlanmalıdır. Dövlət bir yandan məsələni insanlara izah etmir, o biri yandan da sanki kommersiya xidməti göstərərək, insanlardan külli miqdarda pul alır. Heç həmin pulların hara getdiyi də məlum deyil. Miqrasiya xidməti öz işini cərimələr üzərində deyil, maarifləndirmə üzərində qurmalıdır».

QANUN NƏ DEYİR?

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanunun 12-ci maddəsinə görə, viza tələb olunmazsa, Azərbaycana gələn əcnəbinin ölkədə müvəqqəti qalma müddəti 90 günü keçə bilməz. Bu müddət bitəndən sonra uzadılmalıdır. Müddət yenidən uzadılmazsa, əcnəbi vətəndaş ölkə ərazisini tərk etməlidir.
XS
SM
MD
LG