Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54
QİYAMƏTDƏN NƏ XƏBƏR?

21 dekabr – bütün dünyanı narahatlığına səbəb olan gün. Doğrudanmı, dünyanın sonu gəlib çatıb? Axı hər bir dində qiyamət gününün əlamətləri göstərilib. İslama görə, Qiyamətin yaxınlaşdığını demək olarmı? Ümumiyyətlə, “dünyanın sonu” ilə bağlı qorxu yaratmaq kimə və nəyə görə lazımdır? Bu suallara “İslam və demokratiya” verilişində cavab axtarmışıq.

Astroloq Firudin Qurbansoy dünyanın sonu haqqında xəbərlərin qaynaqlandığı Maya təqvimini “bisavad, primitiv dünya görüşü” adlandırır:

“Maya təqviminə görə bir il 400 gündən ibarətdir. Ümumiyyətlə, onlarda təqvim dairəvidir ,başlanğıcı sonu yoxdur, fikus yarpağına çəkilmiş 6 səhifəlik bir şeydir. Bu, tam mənası ilə savadsız dünya görüşüdür”.

"PANİKA SALIB İNSANLARI İDARƏ ETMƏK İSTƏYİRLƏR"

F.Qurbansoy dünyanın sonu ilə bağlı iddiaların kökünü iqtisadi məsələ sayır. Onun fikrincə, bu əsasən Qərb ölkələri tərəfindən uydurulan, bütün dünyada dolların satışını yüksəltmək üçün qurulan bir əməldir.

“İkincisi, bu yolla - insanlar arasında xof, kütləvi ümidsizlik yaratmaq və bununla da insanları idarə etmək mümkündür. Əqidəsiz insanları idarə etmək çox asandır. Bunu İslama zərbə kimi də qiymətləndirmək olar. Çünki dünyanın sonu haqda fikirləri xüsusilə ərəb ölkələrində, İslam aləmində yayırlar. Onların emissarları da Azərbaycanda öz işlərindədir, mətbuatda çevir tatı-vur tatı danışırlar. Unudulmalı bir şeyi yenidən yada salırlar”.

"QİYAMƏT SON DEYİL, BAŞLANĞICDIR"

Ümid qəsəbəsi dini icmasının sədri Ramin Həsənzadə deyir ki, əslində Qiyamət günündən qorxmaq lazım deyil:

“Allah dağıdıcı bir şey etməz. Allah-təala bir şeyi yox edirsə, onun daha kamilini yaradır. Qiyamət - yeni bir dünyanın, əbədi axirət dünyasının başlanğıcı deməkdir. Ölüm elə bir həqiqətdir ki, hər bir insan onu dadacaq”.

"QİYAMƏTİN VAXTINI HEÇ KİM BİLMİR"

Axund deyir ki, indiyə kimi yalnız iki məsələ - Qiyamət günü və Allahın zatı barəsində heç kəsə məlumat verilməyib.

“Bunu heç peyğəmbərlər də bilmir. Allahın zatını insan dərk edə bilməz. Biz ancaq Allahı sifətləri ilə tanıya bilərik. Bir də qiyamətin olacağı vaxtı bilmirik”.

"İNDİ QİYAMƏTİN ƏLAMƏTLƏRİ GÖRÜNMÜR"

Qiyamət gününün əlamətlərinə gəlincə, İslama görə axirət dünyasından öncə dünyaya xilaskar – Mehdi gəlməlidir. Onda bəşəriyyət özünün kamal dövrünə gəlib çıxacaq:

“İnsan ağlı yüksək səviyyəyə qədər yetişəcək. Hədislərdə bildirilir ki, elm 27 şöbədən ibarətdir. Mehdi gələnə qədər bunların ikisi açılacaq. Mehdi gələndən sonra 25 şöbəsi açılacaq. Ən bəsit evdar qadın alim səviyyəsində olacaq, insanlar “nurdan olan miniklərlə kahkahanlara gedib çıxacaq”. Yəni, böyük sürətlər əldə olunacaq. Amma o dövrə hələ çox qalıb, Mehdinin zühurundan sonra yüz illər keçəcək”.

R.Həsənzadə hesab edir ki, planetin indiki halında dünyanın dağılması məntiqsizlik, Allahın işinə nöqsan ola bilərdi. Çünki Allah bir şeyi yaradanda, onu müəyyən məqsəd və hədəfinə çatdırır.

"AXİRƏT OLMASA, SAVAB İŞ GÖRÜLMƏZ"

Axundun sözlərinə görə, axirət dünyası olmasa insanlar savab iş görməz. Allah isə bu dünyada zərrə qədər yaxşılıq edənin də, pislik edənin də qarşılığını verəcək:

“Qiyamət bir tərəfdən ilahi ədalətin zahiridir, digər tərəfdən də ilahi yaradıcı qüdrətin kamala yerləşməsidir. Ən qatı cinayətkarlar, özünə qəsd edənlər axirətə inanmayanlar insanlardır. Allahın heç vaxt yalan söz deməz, Allahın insanı aldatmasına ehtiyacı yoxdur. Ümumiyyətlə, məgər Allahın insanın ibadətinə ehtiyacı var? Biz Allaha möhtacıq”.

"PLANETLƏR PARADI OLMAYACAQ"

Dünyanın sonu barədə astoroloji iddialara gəlincə, Firudin Qurbansoy dekabrın 21-də planetlərin paradı olmayacağını deyir.

“Sadəcə Merkuri, Venera və Yer kürəsi bir xətt üzrə düzüləcək. Qalan planetlərin hər biri öz bürcündə yerləşəcək. Buna da planetlərin paradı demək olmaz”.

Azərbaycanlıların qiyamətə şam, makaron və konservlərlə hazırlaşmasına gəlincə, astroloq bunu insanların övladlarına olan məhəbbəti ilə əlaqələndirir:

“Nəsə toplamaqla xilas olmaq boş bir xülyadır. İnsanları ancaq əməlləri xilas edəcək. Ancaq pulu olub ağlı olmayanlar anlamır ki, yer kürəsi öz məcrasından çıxsa, yer üzündə bir qum dənəsi də salamat qalmayacaq”.

"QİYAMƏTƏ KONSERVLƏ YOX, TÖVBƏYLƏ GEDİN"

Ramin Həsənzadə isə müsəlmanlara Mehdinin zühurunu gözləməyi, panikaya uymamağı məsləhət görür:

“Qiyamətə şamla, konservlə yox, tövbə ilə gedin. İnsan hər günün son günü kimi yaşamalıdır, yaxşı əməllərlə son gününə hazırlaşmalıdır”.

Şərhləri göstər

XS
SM
MD
LG