Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

"Biri məni şantaj edir, o biri romanımı bütləşdirir. Heç birinə ehtiyacım yoxdur"


Sayman Aruz

Sayman Aruz

-

"Biri İradə Musayeva kimi oxucu fikri səviyyəsində yazı qoyur ortalığa, biri Seyfəddin Hüseynli kimi şantaj yazır, o biri Elnarə Akimova sayaq əsəri bütləşdirir və s. Bunlar tənqid deyil və mənim nə tərifə, nə də təhqirə ehtiyacım yoxdur".


Yazıçı Sayman Aruz "100 il inqilab" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda keçirilmiş müzakirəsində səslənmiş tənqidlərə münasibətini bildirir.


- Şair və yazıçı kimi mənim üçün oxucu fikri tənqidçi rəyindən daha əhəmiyyətlidir. Oxucu hansı qiyməti verirsə, bu daha önəmli, daha vacibdir. Mənim romanıma oxucu yaxşı qiymət verdi, roman onun razılığını qazandı. “Qanun” nəşriyyatının dediyinə görə, kitab ən çox satılan kitabların siyahısında olub. Bu onu göstərdi ki, romanın süjeti, dili, sonluğu oxucunun gözlədiyi, arzuladığı idi.

- Deyəsən, tənqidi yazılardan narazı qalmısan...

- Azərbaycanda tənqid deyilən şey hələ yaxşı formalaşmayıb. Biri İradə Musayeva kimi oxucu fikri səviyyəsində yazı qoyur ortalığa, biri Seyfəddin Hüseynli kimi şantaj yazır, o biri Elnarə Akimova sayaq əsəri bütləşdirir və s. Bunlar tənqid deyil və mənim nə tərifə, nə də təhqirə ehtiyacım yoxdur. İradə Musayeva kitabı bəyənməmişdi, hətta onun roman olduğuna belə şübhə etmişdi. Xanım Akimova roman haqqında xoş sözlər yazmışdı, hətta “Dumanlı Təbriz” kimi əsərdən yüksək dəyərləndirmişdi. Cavanşir Yusiflinin yazısını orta yazı kimi qiymətləndirirəm: nə o tərəflikdir, nə bu tərəflik. Bu sözləri Elnarə Tofiqqızının da yazısına, yanaşmasına aid edirəm. Seyfəddin Hüseynlinin yazısına tənqid demək olmaz, o yazı təhqir və şantaj idi.

Dəyərli alim Tehran Əlişanoğlunun yazısını yüksək qiymətləndirirəm. Sizə maraqlı bir fakt deyim: Tehran müəllimin yazısı dərc olunandan bir-iki saat əvvəl öz-özümə düşünürdüm ki, kaş “Yüz il inqilab”ı Tehran müəllimə də verərdilər, o da münasibət bildirəydi. (gülür) And olsun balamın canına! Mən həyatım boyu Tehran müəllimlə bir dəfə də olsun oturub çay içməmişəm. Mən bu yazını oxuyanda ona görə sevinmədim ki yaxşı qiymətləndirib, ona görə şad oldum ki, əsaslı və elmi tənqid etmişdi. Seyfəddinin yazısından fərqli olaraq, bu yazıdakı cümlələrin hamısının əsası var idi.

- Gəl, konkret sitatlarla danışaq. İradə Musayeva yazır: Nəzərdə tutulan ideyalar bədii mətn mənzərələri fonunda havadan asılı qalır, mətnin canından, qanından cücərmir, doğmur, elə hey kənardan gətirilir”...

- Əslində, İradə xanımın öz yazısı havadan asılı qalıb. Çünki bu adam konkret tənqid yox, öz emosiyalarını ortaya qoyub. Eşitdiyimə görə, İradə xanım ziyalı, savadlı bir xanımdır, amma yazdıqları sıravi oxucu fikrindən o yana getmir. Sevinərdim ki, konkret misallar, nümunələr göstərsin, mən də bilmədiyimi öyrənim. Burda nə var ki?

- “Bizim yazarlar qəhrəmanlarını bir an da olsun tək qoymur, özü danışdırır, özü işlədir, hamının əvəzinə özü sevir, özü gülür, özü ağlayır...” İradə xanımın bu iradı ilə necə, razısanmı?

- Bu, İradə xanımın roman barəsindəki səhv qənaətlərini və bilgisizliyini üzə çıxarır. Xanım hələ bilmir ki, monoloq, yəni rəvayəti romanlar var ki, bir nəfər danışır. Məsələn, Viktor Hüqonun “Məhkumun son günləri” romanı. Bir nəfər hər şeyi özü danışır. Mənim romanım birinci şəxsin dilindən yazılıb və təhkiyə üsulu kimi bu yolu seçmişəm. Amma bu o demək deyil ki, hamının əvəzinə özüm sevir, özüm ağlayıram. Təəssüf edirəm ki, İradə xanım romanla hekayənin, hekayə ilə pyesin, essenin fərqini də bilmir, amma adına tənqidçi deyir. Bu qədər olmaz də... Dünya ədəbiyyatında kifayət qədər uğur qazanan qısa romanlar var. Necə ki müasir oxucu haykuya tərəf çəkilir, bir cümlədə bir kitablıq məna axtarır. Artıq Dostoyevskini heç kim oxumur, buna oxucunun vaxtı, halı yoxdur, onun zamanı keçib. Onlar getdi kitabxanalara. Artıq Tolstoyun, Dostoyevskinin, Puşkinin vaxtı keçib. Mustafa Məstur Yaponiyada, Kanadada mükafatlar alıb, onun heç bir romanı 110 səhifədən artıq deyil. Yaponiyada ədəbi mükafat qazanmış əsəri 105 səhifədir. Bu o deməkdir ki, Mustafa Məstur roman yaza bilmir? İradə xanım roman janrı barəsindəki bilgisizliyini ortaya qoydu.
Cavid Zeynallı və Sayman Aruz

Cavid Zeynallı və Sayman Aruz

- Elnarə Tofiqqızı yazır ki, “təhkiyəçinin ədəbi dili qorumasını müsbət hal kimi qiymətləndiririk, amma obrazların danışığında Cənub ləhcəsinin geniş imkanlarından istifadə şansının qaçırıldığını güman edirik...”

- Elnarə xanımla tam razıyam və maraqlı məsələyə toxunub. Əslində, mən romanın birinci variantında Sulduz ləhcəsini tam qorumuşdum. Təəssüf ki, Şahbaz Xuduoğlu bunu redaktora verəndə, redaktor həmin sözləri səhv kimi qəbul edib, düzəltmişdi. Yəni redaktor başa düşməmişdi. Mən bu məsələdən son anda xəbər tutdum, bəzi yerlərini düzəltdim, amma kitab çapa getdiyi üçün mətnə tam baxmağa imkan olmadı. Pərviz Cəbrayıl roman haqqında mənə xoş sözlər demişdi, elə bilmişdim redaktoru da o olacaq, ona görə arxayın oldum. Amma sonradan kitabda M.Məmmədov imzasını gördüm. Elnarə xanıma söz verirəm ki, əvvəlki variantı bərpa edib kitabı yenidən çap etdirəcəm.

- Elnarə xanım «Yüz il inqilab»da kompozisiya zəifliyi, alt rabitə və şəbəkələşən süjet natamamlığının olduğunu da tənqid edir...

- Ümumiyyətlə, tənqid deyilən bir şey yoxdur. Ərəb dilində “Nəqd” sözü var və toyuğun dəni daşdan seçməsinə deyilir. Yəni yaxşını pisdən ayırmaq. Tənqid sözündə bir hücumçuluq var. Gəlin, tənqid kəlməsini “nəqd” sözü ilə əvəz edək, yəni araşdırma. Kompozisiya zəifliyi deyirsə, Elnarə xanım konkret misallar çəkərdi. Mən professional yazıçı deyiləm... Dostoyevski deyiləm ki (gülür). Hər halda, çalışmışam ki, ortalığa yaxşı bir əsər qoyum. Təbii ki, zəif cəhətləri ola bilər.

- Tənqidçilərin iradları, fikirləri ilə razılaşmırsansa, onda bir yolumuz qalır: özünütənqid. Buyur...

- Mən tələsmişəm. Məsələn, roman 270 səhifəlik idi. Mustafa Məsturun və rəhmətlik Rafiq Tağının məsləhəti ilə romanı ixtisar etdim. İxtisar zamanı xeyli yerlər itdi. Tehran müəllim bu yerləri çox gözəl duyub və qeydlərini də yazıb. Məsələn, Sulduz şəhərini tam təsvir etmişdim, Sulduz psixologiyasını yazmışdım. Seyidin ailəsi haqqında geniş yazmışdım, vaxtilə fahişə olan yoldaşı ilə münasibətlərinə toxunmuşdum. Mustafa Məstur da, Rafiq Tağı da mənə dedi ki, bu, oxucunu yorar. Çünki belə mövzu ilə ilk dəfədir oxucu qarşılaşır.

- Elnarə Akimovanın yazısındadır: “Qəhrəmanın milli idealla, azadlıq eşqi ilə bağlı düşüncələri, təsvirləri bəsit, demək olar ki, illüstrasiya səciyyəsi daşıyır. Yəni, yalnız onunla məhdudlaşır ki, qəhrəman bütün əsər boyu nəql etdiyi fəci talelər sırasında fürsət düşən kimi həm də inqilabın fəlsəfəsini sərgiləyir...”

- Əslində, daxili inqilabın fəlsəfəsini sərgiləyir. Fikir verin, mən romanı bir psixoloq kimi qurmağa çalışmışam. Qəhrəmanı uşaqlıqdan başlayaraq təsvir etmişəm ki, onda bir oyanış getsin. Hər bir xatirə insanın dəyişməyinə bir əsas, səbəb kimidir. Mən o fikrin tərəfdarıyam ki, ədəbiyyatda söz birbaşa yox, ikibaşlı, ikimənalı deyilsin. Birbaşa demək ədəbiyyatın yox, siyasi tribunalın işidir. Romanda mən yox, qəhrəmanlarım danışır. Hətta mən Seyidin, Raziyənin, Hacının bir çox fikirləri ilə razı deyiləm. Məsələn, mən Seyidin yerinə olsaydım, Raziyənin dırnağını çəkməzdim. Gərək Raziyə ölərdi ki, o adam olardı? Onsuz da Raziyə öləcəkdi. Onsuz da İran zindanlarında qızların bakirəliyini 5000 tümənə müstəntiqlərə satırlar. Mən qəhrəmanlarım vasitəsilə alçaqlığı göstərdim ki, vətəndaş vətəndaşın başına hansı oyunları açır. Mən gördüklərimin hamısını yazsaydım, bəlkə oxuculardan kimsə gedib intihar edərdi. Biz gözümüzlə nələr görmüşük, hansı dəhşətlərlə üz-üzə qalmışıq. İkinci romanımda bu haqda daha geniş danışacam.

- Dedin ki, Cavanşir Yusiflinin yazısını orta yazı kimi qiymətləndirirəm: nə o tərəflikdir, nə bu tərəflik...

- Cavanşir müəllim də romanın ixtisar olunduğunu duya bilib. Məsələn yazır ki, müəllifin mətni qurmaq baxımından mövqeyi bizim ümumi nəsr təcrübəsində çox az işlənən bir üsulun əyaniləşməsinə hesablanıb və belə olduğu üçün roman mətninin maksimum dərəcədə sıxlaşıb ixtisar edilməsinə gətirib çıxarıb. Bəli, roman ixtisar olunanda boşluqlar yaranır və mən o boşluqları ustalıqla doldurmağa çalışmışam. Mənə elə gəlir ki, alınıb. Məncə, adi oxucu bunu hiss edə bilməzdi, amma Cavanşir müəllim bunu ustalıqla hiss edib.

- Seyfəddin Hüseynlinin yazısında səni qane etməyən nə oldu?

- Mən düşünürəm ki, Seyfəddin Hüseynli Cənubi Azərbaycanı, məni və kitabımı şantaj etdiyinə görə bu yazını aparıb bəzi yerlərə təqdim edə, onlarda qonorar ala bilər. O adam ümumiyyətlə, əsəri başa düşməyib. Sayman Aruz demək istəyib ki, inqilablar şəxsiyyətlərin öz içindən başlamalıdır, fərdi inqilablar olmasa kütləvi inqilablar həmişə uduzur. Bu adam bunu başa düşməyib. Mən kor-koranə inqilablara qarşıyam. Düzdür, yazıb ki, Sayman Aruzu düşmən kimi görməsinlər, amma bir çox adamlar Seyfəddinin özünün Cənubi Azərbaycana düşmən olduğunu gördülər.

- “Roman sadə sintaksislə, Güney danışıq dili və Quzey ədəbi dilimizin qarışığında yazılmışdır; ümumən uğurludur. Amma təzə yanaşma olduğundan xeyli redaktələrə ehtiyacı var”. Bu, Tehran Əlişanoğlunun yazısındandır...

- Razıyam, Tehran müəllim haqlıdır. Açığı, mən özüm də düşünürəm ki, romanın yenidən redaktəyə ehtiyacı var. Romanda ixtisar olunan bəzi yerlərin yenidən işlənməsinə, redaktəsinə ehtiyac var.

- Bəzi oxucular nəyə görə düşünür ki, romanın qəhrəmçanı - xəyanətkar, satqın Seyid sən özünsən?

- Mən Yazıçılar Birliyində Cənub şöbəsinin müdiriyəm. Bizi istəməyən adamlar var, o şöbənin bağlanmasını istəməyən insanlar var. Onlar çalışırlar ki, ictimaiyyətin mənfi rəyini mənə yönəltsinlər, şöbəni ləkələsinlər. Bu, təbiidir. Yayda da deyirdilər ki, İranda həbs olunan şairləri Sayman Aruz tutdurub. Onlar gəldilər, həqiqət üzə çıxdı. Sayman dörd ildir burdadır, bir nəfər deyə bilməz ki, mənim əyri hərəkətimi görüb. Bu adamlar mənə şər atırlar, ləkələməyə çalışırlar. Mənə görə İranda valideynlərimə təzyiqlər olur, onlar üç ildir mənimlə görüşə bilmirlər. Biz malımızı, gözümüzü ovcumuzun içinə almış insanlarıq. Bizim qədrimizi sonra biləcəklər. Şəklimizi vuracaqlar AYB-yə, deyəcəklər ki, bir zamanlar belə bir bədbəxt yazıçı vardı, xalqına görə çox çalışdı, xalq onu başa düşmədi. İki ildir AYB-də şöbə müdiriyəm, heç kim gəlib salam verməyib ki, necəsən? Burda Cənubi Azərbaycan uğrunda guya vuruşan adamlar var. DAK- ından, “VAK”ından”, “PAK”-ından tutmuş, sinəsini cıran vətənpərvərlərə qədər...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG