Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Elmar Məmmədyarov Yerevanı Dublin görüşündən sülh üçün istifadə etməyə çağırır


Arxiv foto: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (sağda) Lissabonda NATO-nun sammitində ermənistanlı həmkarı Edward Nalbandianla görüşür. 20 noayrb 2010

Arxiv foto: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (sağda) Lissabonda NATO-nun sammitində ermənistanlı həmkarı Edward Nalbandianla görüşür. 20 noayrb 2010

.
Azərbaycan Ermənistanı ATƏT ölkələri xarici işlər nazirlərinin qarşıdakı Dublin görüşündən Qarabağ münaqişəsinin həllində fürsət kimi istifadə etməyə çağırır. Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 5-də “The Wall Street Journal”da çap olunan məqaləsində yazır.

Nazir qeyd edir ki, bu həftənin sonunda nazirlərin Dublin görüşündə Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində real irəliləyişlər əldə oluna biləcəyinə ümidlidir:

“Yalnız bütün tərəflərdə siyasi istək olarsa, Dağlıq Qarabağ problemi həll oluna bilər. Bizim tərəfdən belə istək var. Bu münaqişənin dərhal aradan qaldırılmasının ən böyük tərəfdarı Azərbaycandır və biz regionumuzda sabit iqtisadiyyat, təhlükəsiz mühit yaradılması sahəsində öhdəliklərimizə sadiqik.

Mən Dublində ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri ilə birlikdə indiyə qədər razılaşdırılmış məqamlardan daha da irəli gedərək ciddi nəticələr əldə etməyi təklif edirəm.

Konkret qoyulmuş vaxt ərzində detallı sülh razılaşmasının layihəsi yazılandan sonra ATƏT bütün tərəflərin iştirakı ilə Minsk Qrupunun yeni görüşünü təşkil etməlidir.”

Elmar Məmmədyarov hesab edir ki, Dublin görüşü sülh üçün yaxşı imkanlardan biridir. O, Ermənistanı da Azərbaycanla birlikdə bu imkanı dəyərləndirməyə çağırır.

Nazir məqaləsində xüsusi vurğulayır ki, Azərbaycanla Ermənistan arasında hazırda mövcud olan qarşıdurma siyasi platformadan açıq toqquşmaya keçə bilər: “Qafqazda sabitlik indi Avropanın daxili təhlükəsizliyi məsələsidir. Bu daha Avropa Birliyinin periferiyalarına aid olan məsələ olmaqdan çıxıb. 1990-cı illərdə Yuqoslaviyada olduğu kimi indi də Qafqaz Avropa Birliyinin daxili təhlükəsizlik məsələsinin tərkib hissəsidir.”

1990-cı illərin əvvəlində erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu işğal edib. Tərəflər arasında 1994-cü ildə atəşkəs razılaşması imzalansa da hələlik Ermənistanla Azərbaycan arasında yekun sülh razılaşması imzalamaq mümkün olmayıb. Tərəflər arasında sülh danışıqlarına ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri vasitəçilik edirlər. Onlar bir neçə dəfə sülh variantları təklif etsələr də indiyə qədər bütün tərəfləri buna razılaşdırmaq mümkün olmur.

Azərbaycan israrla özünün ərazi bütövlüyünü heç bir halda güzəştə getməyəcəyini bildirir. Ermənistan isə Qarabağdakı ermənilərin özlərini müstəqil dövlət elan etdiklərini, onların da müstəqillikdən imtina etməyəcəklərini deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG