Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28

Onlar Qurana inanmırdılar! (Ramiz Mehdiyevə cavab)


Güntay Gəncalp
Güntay Gəncalp
-

Güntay Gəncalpın Ramiz Mehdiyevin məqaləsinə cavabı

"Səfəvilər soylarını ərəb-fars irqinə bağlamışlar. Çünkü onlar özlərini şiənin 7-ci imamı Musa Kazım soyundan sayırdılar".

"Şah İsmayıl “Sizə müdrik əcdadlarımızdan qalan üç şeyi vəsiyyət edirəm: ana dilimizi, vicdanımızı, Vətənimizi” deyibmi?"


Güntay Gəncalp


SƏFƏVİLİYİN TƏNQİDİNDƏ MÜASİRLƏŞMƏ MƏSƏLƏSİ


Ölkəmizin dəyərli dövlət adamı hörmətli Ramiz Mehdiyevin kitabımı oxuyub münasibət bildirməsinə çox sevindim.

Bu yolla da ona dərin ehtiramlarımı və təşəkkürümü bildirirəm.

Hörmətli Ramiz Mehdiyev bir neçə qaynağın adını çəkir.

Yazılarının içində ifadə etdikləri kimi mən də kitabımı yazarkən o qaynaqlardan istifadə etmişəm.

Ancaq məni təəccübləndirən o oldu ki, Oqtay Əfəndiyev kimi hörmətli tarixçilərimiz nədən bəzi doğrulardan vaz keçərək Səfəvilər üzərinə araşdırma aparmışlar?

Bir ölçüdə Səfəvilər üzərinə bu kitabı yazmağıma səbəb olan amillərdən biri də bu oldu. Millət inşa etmənin tarixi yönünün olduğuna mən də inanıram.

Ancaq tarix bilgiləri doğru olmadığı müddətcə sıxıntı yaranacaqdır. Yanlış bilgilər sıxıntı yaradar.

Yalnız doğrular üzərində millət inşa etmək mümkündür.

Səfəvilər kitabımda mən tarix fəlsəfəsi metodundan yararlanaraq daha çox bəlli bir ideyanın gerçəkləşmə prosesini araşdırmışam.

Səfəvilər timsalında qanlı bir şəkildə həyata keçən və 900 il təcrübəsi olan bir ideyanı araşdırmışam.

İdeyanın doğuşu, parçalanması, müxtəlif tarixi mərhələlərdə inkişaf və ya geri çəkilmə proseslərini anlatmağa çalışmışam.

Bu metodu Səfəvilər üzərinə araşdırma aparanlar ya qullanmamış, ya da çox az qullanmışlar.

Nümunə üçün deyim ki, Azərbaycanda Şahin Fazilin ana dilimizə tərcümə etdiyi “Dünyanı bəzəyən Abbasi tarixi” adlı kitab nəşr edilmişdir.

Bu kitabdakı bilgilərdən də nədənsə yararlanılmamışdır.

Eyni kitabın 87-ci səhifəsində Şah İsmayılın əmri üzərinə adam əti yeyən dəstələrin olduğunu Səfəvi tarixçilər özləri yazmışlar.

Məğlub edilən düşmənlərin ətinin Şah İsmayılın əmri üzərinə necə yeyildiyi ayrıntıları ilə yazılmışdır.

Digər Səfəvi qaynaqlarında da buna açıqca rast gəlməkdəyik.

Hörmətli Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinin tarixi aqibəti baxımından məsələyə yanaşmışdır.

Mən bunu tam olaraq anlayıram.

Ancaq mənə görə bunu Səfəvilərlə bağlamaq doğru deyildir.

Azərbaycan türkləri üçün milli-mənəvi əhəmiyyət daşıyacaq olan ən önəmli iki dövlət var.

Biri Eldəgizlər dövlətidir, digəri də Bayındırlılar (Ağqoyunlular) dövləti.

Hər iki dövlət də dilimizə və kimliyimizə sahib çıxmış və milli dilimizdə böyük ədəbi əsərlərin meydana çıxmasına imkan yaratmışlar.

Həm Eldəgizlər dönəmində yazılan, həm də Bayandırlı dönəmində yazılan türkcə kitabların hamısı Şah İsmayılın əmri üzərinə Təbrizdə yandırıldı.

Quran ilk dəfə olaraq ana dilimizə Bayındırlı dövləti zamanında tərcümə edildi. Quranın tərcüməsi, Eldəgizlərdən qalan “Mərzbannamə”, “Kitabi-Dədə Qorqud”un bir neçə nüsxəsi Şah İsmayılın Təbrizdə sünni ədəbiyyatı yandırtdığı zaman yox edilmişdir. Çünkü Şah İsmayıl bəlli tarixi bir cərəyanın davamçısı idi.

Onlar Qurana da inanmırdılar. Onların inandığı cəfr kitabı olmuşdur. İsmaili, hürufi, Səfəvi inancına görə Hz. Məhəmməd inək dərisi üzərinə Allahın gizlin kəlamını yazıb Hz.Əliyə vermiş. Hz. Əli də övladlarına ötürmüş. Sonunda qeybə çəkilən Mehdi bu inək dərisindəki sirli yazını da görütüb getmiş. Ancaq bəzən seçilmiş Əli soyundan olan adamların yuxusuna girərək cəfr elmindən onları feyzyab edir və onların şüuruna bəlli
Ramiz Mehdiyev
Ramiz Mehdiyev
missiya yükləyir. Cəfr də inək dərisi deməkdir. Səfəvilərin inancı bu şəkildə idi.

Türk-İslam tarixinə baxdığımızda, İslamdan sonra qurulan bütün dövlətlər bir türk boyuna dayanmışdır. İstisnasız olaraq bu, belə olmuşdur. Səlcuqlar qınıq boyuna, Qaraqoyunlular baharlı boyuna, Ağqoyunlular bayındırlı boyuna, Osmanlılar qayı boyuna.

Ortada yalnız Səfəvilər bir istisna təşkil etmişlər. Səfəvilər soylarını ərəb-fars irqinə bağlamışlar. Çünkü onlar özlərini şiənin 7-ci imamı Musa Kazım soyundan sayırdılar.

Musa Kazımın da imam Hüseynə bağlanan soyunda atası ərəb, anası fars olur. Nəzərə alsaq ki, İslam irqçi bir din deyil və İslamda soy yoxdur, o zaman bu inancın nə qədər batil olduğunu da görəcəyik.

Çünkü İslam dinində bütün insanların soyu birdir və Hz. Adəmə dayanmaqdadır. Peyğəmbərin soyu deyə İslamda bir söylənti yoxdur. Elə olsaydı Hz. Məhəmməd peyğəmbər deyil, şah olardı.

Çünkü şahlıq irsi məsələdir. Peyğəmbərlik Allah tərəfindən bəlli edilir. Peyğəmbərə soy nəzərdə tutmağı Sasani-Səfəvi anlayışı İslam kültürünə gətirmiş.

Müsəlmanlar üçün Tanrı Quranı göndərmişdir, peyğəmbərin soyunu deyil. Çünkü Allah Hz. Məhəmmədi peyğəmbər etməsə idi də, onun soyu olacaqdı.

Bəşər üçün lazım olansa, Onun soyu deyil, söylədiyi vəhy qaynaqlı bilgilərdir.

Səfəvilərin peyğəmbərə soy inancını aşılaması sırf fars milliyətçiliyi məsələsidir.

Çünkü fars-Sasani inancında şahı Allah təyin edir və onun içində “fərri-izəd”i, yəni Tanrı işığı yerləşdirir.

Kültürümüzə Səfəvilər tərəfindən gətirilmiş olan “seyid” (Hz. Hüseyn soyundan olma) və “şərif “ (Hz. Həsən soyundan olma) kimi anlayışlar şirkdir və İslamla əlaqəsi yoxdur.

Bunu böyük mütəfəkkir Mövlana Cəlaləddin rumi öz “Məsnəvi” adlı əsərində bu şəkildə açıqlar:

“Biz ki, həm adəm soyundan gəlmişik,
İlk əzəldən varlığa sərpilmişik.”


Bütün bəşərin soyu birdir və İslam da irqçi bir din deyildir. Hz. Peyğəmbərin səhabiləri də bu gerçəyi o zaman dərk etmişdilər.

Ancaq Səfəvilərdən sonra ölkəmiz imamzada məzarları ilə dolub-daşdı. Hz. Məhəmməd öz qəbrinin belə “ibadət” adı ilə ziyarət edilməsini şirk sayarkən hər imamzadaya ziyarətlər düzənləndi.

Məşhəd, Kərbəla ziyarətləri Səfəvilərdən sonra millətimizin inanc düzəninə yerləşdirildi. Allah Quranda “sizə şah damarınızdan da yaxınıq” söylərkən içimizdəki Allah sevgisini buraxıb məzar daşlarından imdad dilər olduq. Bunların heç birinin nə İslamla, nə də milli kimliklə əlaqəsi vardır. Yardım yalnız və yalnız Allahdan istənir və kimsədən istənməz.

Hörmətli Ramiz Mehdiyev cənabları sanıram kitabımda bu mövzunu da oxumuş ki, İslamda dini sinif deyə bir qurum yoxdur. İslamda, Qurani-Kərimdə və hədislərdə “ruhani”, “molla” deyə bir sinif yoxdur.

Bunların hamısı Sasani din anlayışıdır. Dini sinif Sasanilərdə var idi və İslam bunu rədd etmişdi.

Şah İsmayıl
Şah İsmayıl
Bunları da bizim dinimizə şirk kimi gətirən Səfəvilər olmuşdur. Livanın mollalarını ömrünün sonlarına doğru Şah İsmayıl Təbrizə gətirtdi. Onlardan biri Məclisi ailəsidir. Məclisinin də babası Livandan gətirildi. M. F. Axundovun Məclisinin xurafələri üzərinə yazıları vardır.

19-cu əsrin axırlarına doğru başlayıb və 1918-ci ildə milli dövlətin qurulması ilə nəticələnən Quzey Azərbaycandakı milli aydınlanma da antisəfəvilik üzərində qurulmuşdur.

Bunun əsasını qoyan “Əkinçi” qəzetinin təsisçisi Həsənbəy Zərdabi olmuşdur. Həsənbəy Zərdabini səfəvizədələr “sünni” deyə məsxərə edərdilər.

Ən önəmlisi isə Seyid Əzim Şirvani olmuşdur.

İslamiyyəti nifrət və kinlə, lənətlə dolduran və camilərdə “Ömərə lənət!” deyə bağıran mollalara Seyyid Əzim Şirvani belə yazırdı:

“Əli vəsfin qılırsan çəkmədən həcvi-Ömərdən əl,
İlahi xəsmin (düşmənin) olsun ruzi-məhşərdə Ömər vaiz.”


N. Nərimanov isə Azərbaycanın istiqbalını səfəvilikdən qopmaqda görməkdədir. Sırf bu ideyasını da “Nadir şah” adlı əsərində qələmə almışdır.

Nadir şah Səfəvi dünyagörüşünü ortadan qaldırdığı üçün Nərimanov onu təqdir etmişdi.

Milli dövlətçiliyimizin qurucusu olan rəhbərimiz M. Ə. Rəsulzadə isə, 1911-ci ildə “Türk Yurdu” dərgisində dərc etdirdiyi məqaləsində Səfəvi inancının türk və İslam dünyasını parçaladığını savunar.

“Mollanəsrəddin”çilər isə başdan sona qədər Səfəviliyi tənqid edirdilər. Bir nümunəsini xatırlatmaq istərdim. Dərgidə iki rəsm verilmişdir. Bir tərəfdə əllərində müxtəlif musiqi alətləri olan bir dəstədir ki, dirijorun əmrinə müntəzirdilər. Bir tərəfdə də səfəvizədə başyaranlardır ki, hər birinin əlində bir qılınc və başlarını yarmaq üçün mollanın əmrini gözləməkdədirlər.

M. Ə. Sabir isə Səfəviliyi ortadan qaldırmaq istəyən Nadir şahı xəstəliyə doğru diaqnoz qoyan həkim kimi görər və deyər:

“Nadir bu iki xəstəliyi tutdu nəzərdə”

Böyük Azərbaycan yazarı Zeynalabdin Marağayi “Səyahətnameyi- İbrahim bəy” adlı əsərində geri qalmağımızın tək səbəbi kimi səfəviliyi səbəb göstərər ki, bütün dünya modernləşməkdə ikən səfəvizədələr Təbrizdə baş yarıb, zəncir vuraraq Mehdinin gəlməsi üçün yalvarır və seyyidlərə nəzr verirlər.

Bunların heç birisi isə İslam deyildir. Mən İslamşünaslıq və türkiyyat elmindən yola çıxaraq bu kitabı yazdım. Tarixi qaynaqlardan yararlanmanın yanı sıra bir də kültür antropologiyası fəlsəfəsindən yola çıxaraq araşdırmalarıma davam etdim.

Avropa ölkələrində başlayan aydınlanma hər şeydən öncə tarixə işıq tutmaqla ortaya çıxmışdı.

Bizdə də bayrağımızda böyük Rəsulzadə tərəfindən anladıldığı kimi milli kimliyimiz mehvərli modernləşmə və dini anlama prosesi olmalıdır.

Bu gün də həm İran gerçəkliyində bizi yox edən Səfəviliyin gətirdiyi anti-türk, anti-islam dəyərlərdir, ki, bu, Sasanilikdən başqa bir şey deyildir, həm də Azərbaycan dövlətçiliyi üçün gerçək təhdid olan Səfəvilərin gətirdiyi irançılıqdır.

Mən bunları nəzərə alaraq xalqımızın həm Güney, həm də Quzey Azərbaycanda düşünməsini istədim. Düşünmənin zərəri yoxdur. Dartışma üçün bir meydan açdım. Bu dartışmaya dəyərli Ramiz Mehdiyevin də qatıldığı üçün şəxslərinə təşəkkür edirəm.

Əminəm ki, bu dartışmalar bizim tarixi və milli düşüncəmizin dərinləşməsinə, aydınlanmasına yardımçı olacaqdır.

Son olaraq hörmətli Ramiz Mehdiyevin Şah ismayıl adından verdiyi bir məlumata aydınlıq gətirmək istərdim. Şah İsmayıl demiş ki,“Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:
* ana dilimizi
* vicdanımızı
* Vətənimizi.”


Bu məlumata mən heç bir qaynaqda rast gəlmədim. Bunu haradan çıxardıqlarını keşkə söyləsəydilər.


(Bu mövzuda fərqli mövqeləri əks etdirən yazılara da "Oxu zalı"nda yer verməyə hazırıq).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG