Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:50

Müxalifətin seçki planları... [Video]


Ümid Partiyasının sədri İqbal Ağazadə və REAL Hərəkatının Məclisinin sədri Erkin Qədirli AXCP sədri Əli Kərimlinin praymeriz təklifinə, İctimai Palatada müzakirə olunan «seçki islahatları memorandumu»na münasibət bildirirlər


-
Erkin Qədirli:

«Proporsional seçki sisteminin bərpası prezident respublikası üçün tamamilə anlamsız bir şeydir. Biz parlament respublikasının təsis olunacağını öncədən demiriksə, proporsional seçki sisteminin bərpasını prezident sistemi üçün tamamilə yararsız hesab edirəm. Bu fikirləri söyləməklə niyyəti dəstəkləyirəm. O ki, qaldı bu sənədin hansısa təşkilata daşınmasına, strateji məsələlər öncədən razılaşmalıdır».

İqbal Ağazadə:

«Konstitusiya islahatları ilə seçki islahatlarının qarışdırılması doğru deyil. Əslində memorandumda təklif olunanların bir qismi konstitusiya islahatlarına, bir qismi seçki islahatına aiddir. Konstitusiya islahatlarını demokratik hakimiyyətlər reallaşdıra bilərlər. Seçki islahatları isə cari bir məsələdir. Bu, cəmiyyətin bir çox təbəqələrini narahat edir. Bu məsələdə demokratik seçki mühiti və demokratik seçki uğrunda mübarizənin konturları bəlli olmalıdır».

Anar Məmmədli (SMDT sədri, seçki ekspert):

«Əslində biz konstitusiyaya təklif olunan dəyişiklikləri siyasi partiyaların marağı kontekstində əlavə etdik. İldən-ilə siyasi partiyalar üçün çevrə məhdudlaşmaqdadır. Faktiki olaraq Azərbaycanda elə bir siyasi sistem yaradılıb ki, burada siyasi partiyalara yer yoxdur. Azərbaycanda təkpartiyalı bir sistem formalaşmaqdadır. Buna görə bir niyyət kimi konstitusiya islahatlarını bu sənədə əlavə etdik».

Erkin Qədirli:

«Heç bir uğur qazanmış böyük partiya birdən-birə göbələk kimi yerdən çıxıb hakimiyyətə gəlməyib. Sınanırsan, hakimiyyətini dəyərləndirirsən, çevrənə baxırsan. Hər seçki sənin təbliğat imkanlarını artırır. Daha çox tanınırsan. 2013-cü il prezident seçkilərinə gedirsən, 2015 seçkilərini hədəfləyirsən. Xırda addımlarla sən böyük hədəflərə gedirsən. 2013-cü ili özümüz üçün vacib siyasi il hesab edirik. Öz namizədimizlə seçkilərə getməyə hazırlaşırıq. Bununla belə, başqa bir vahid namizədi dəstəkləmək imkanını da özümüz üçün nəzərdən keçirik. Ancaq vahid namizədlə bağlı düşündüyümüz şərtlə alınmasa, onda biz öz namizədimizlə gedəcəyik».

İqbal Ağazadə:

«Biz uzunmüddətli seçkiyə hazırlaşırıq. Tək olsa da, blok şəklində olsa da, vahid namizədi dəstəkləmək şəklində olsa da, mütləq seçkidə iştirak edəcəyik. Avtoritar, qeyri-demokratik ölkələrdə «mən hakimiyyətə gələcəyəm» iddiası yaxşı səslənmir».

Erkin Qədirli:

«Beynəlxalq təşkilatların seçki keçirmək potensialına ümidsiz baxsam da, bu, ideal olardı. Azərbaycanda gerçəklik odur ki, heç kim heç kimə etibar etmir. Bu, sistem böhranıdır. Sıfırdan başlamaq üçün birinci seçkini beynəlxalq təşkilatların hər hansı biri keçirsə, ideal variant olar».

İqbal Ağazadə:

«Bu, Azərbaycanın seçki dairələrində seçicinin də arzu edəcəyi bir şeydir. Amma bu gün beynəlxalq təşkilatların burdan istədikləri tamam başqa şeydir. Onlar hələlik seçkiyə əl uzatmağı və seçkinin nəticələrini müəyyənləşdirməkdən daha çox, maraqları və geriyə dönüşün olmamasını şərtləndirən bir siyasətin gerçəkləşməsini istəyirlər».

Erkin Qədirli:

«Praymerizin bu formada keçiriləcəyinə mən inanmıram. Praymeriz bir partiya tərkibində keçirilir. Bu formada hər bir partiya öz içərisində keçirə bilər».

İqbal Ağazadə:

«Praymeriz ən çətin prosedurdur. Ən çətin prosedurdan başlayırıq. Biz bəyəm hamımız vahid namizədin tərəfdarı olmağımızla bağlı niyyətimizi ifadə etmişikmi? Vahid namizəd tərəfdarı olmaq üçün əvvəlcə prinsipi qəbul etmək lazımdır. Prinsipi qəbul etmədən «hansı yolla seçək» məsələsini qəbul etməyin özü doğru deyil. Sadə yol var. 5-6 nəfər oturub konsensusa gələ bilər».
XS
SM
MD
LG