Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:30

Cinayətdən 1 il 11 ay ötsə də...


-

İmişlidən «Qaynar xətt»ə şikayət məktubu ünvanlanıb. Şikayət rayon polisindəndir. Xəzər küçəsinin sakini Fatma Əliyeva yazır ki, 1 il 11 ay əvvəl yaşadığı mənzildə baş vermiş oğurluq cinayətinin üstü açılmır.

«1 yanvar 2011-ci il tarixində mənzilimiz qarət edilib. Hadisə nəticəsində evimizdən dəyəri 8 min manatdan çox olan qızıl-zinət əşyası oğurlanıb. Hadisədən dərhal sonra baş verən cinayət hadisəsi ilə bağlı İmişli Rayon Polis Şöbəsini məlumatlandırmışıq. Cinayətin açılması üçün gərəkli hesab etdiyimiz bütün informasiyaları hüquq-mühafizə orqanının əməkdaşlarına vermişik. Ancaq təəssüflər olsun ki, hadisənin üstündən bir il on bir ay keçməsinə baxmayaraq, oğrular hələ də tapılmayıb. Bu fakt, həm də başqa evlərin qarət edilməsi və bütün bu cinayətlərin üstünün açılmaması bizdə belə bir təəssürat yaradır ki, rayonun hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasında maraqlı deyil».

Arxiv foto
Arxiv foto
Fatma Əliyeva yazır ki, polis istintaq hərəkətlərinin aparılması üçün rüşvət istəyir:

«Evə baxış keçirməyə gələn İmişli Rayon Polis Şöbəsinin rəis müavini, hazırda Kürdəmir Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində çalışan Aqil Tağıyev evdən barmaq izi götürmək üçün bizdən iki min manat pul istədi. Dedi ki, əgər barmaq izlərinin götürülməsini istəyirsinizsə, bunun üçün Bakıdan ekspertiza çağırılmalıdır. Biz rəis müavininin tələbini rədd etdik, ona görə də evdən barmaq izi götürülmədi, sadəcə şəkil çəkildi. Üzərindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq mənzilimizin qarət edilməsi ilə bağlı cinayət işinin açılmaması bizdə belə bir təəssürat yaradır ki, həm Aqil Tağıyev, həm rayon polis şöbəsinin rəis müavini Sahib Səmədov, həm də polis əməkdaşı İlqar Süleymanov cinayətin üstünün açılmasında maraqlı deyillər».

POLİSDƏN YUXARI İNSANSİYALARA ŞİKAYƏT

Şikayətçi daha sonra yazır ki, cinayət işinin rayonun hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılacağına inamı qalmayıb. Buna görə də istintaq işinin daha yuxarı instansiyalar tərəfindən aparılmasını istəyir.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Fatma Əliyevanın yaşadığı mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri keçirilib. Zərərçəkənin mənzilindən 8 min manat dəyərində yox, 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

QƏRƏZ VƏ BÖHTAN...

Orxan Mansurzadə: «Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi qaldırılıb. Şikayətçinin İmişli RPŞ-nin keçmiş rəis müavini, hazırda Kürdəmir RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışan Aqil Tağıyev, İmişli RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Sahib Səmədov və CAB-ın rəisi İlqar Süleymanov barəsindəki söylədikləri qərəzli və böhtan xarakterlidir. Adları çəkilən əməkdaşların da daxil olduğu istintaq-əməliyyat qrupu həmin cinayətin açılması üçün bir sıra tədbirlər həyata keçirsə də cinayətin üstünü açmaq hələ ki, mümkün olmayıb. İndi oğurluq açılmırsa, bu o demək deyil ki, burda hansısa polis əməkdaşının marağı var? Polisin birbaşa marağındadır ki, bütün cinayətlər, o cümlədən, bağlı qalmış faktlar açılsın».

Orxan Mansurzadə bildirib ki, əməliyyat-axtarış qanunvericiliyə uyğun aparılır:

«Baş Prokurorluq və rayon prokurorluğu tərəfindən həmin cinayət işi nəzarət qaydasında bir neçə dəfə öyrənilib. Müəyyən edilib ki, cinayət işi üzrə həyata keçirilmiş istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirlərinin mövcud qanunvericiliyə uyğun həyata keçirilir».
XS
SM
MD
LG