Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:11

FEYZİYYƏ. Gedirəm - pişiyə dönməyə...


-


FEYZİYYƏ


YENİ ŞEİRLƏR


***

Seyfəddin Hüseynliyə

Mən
pişiklərin azdırılmalı yaşında doğuldum
və bir gün Tanrı olacam...

nə yaxşı bağışlanmadım,
onsuz da...
amma mən ovcumdakıları bilərəkdən salıb itirmədim ki-
neynim, həmişə barmaqlarımın ucu bumbuz,
həmişə əllərimin içi tər-su,
həmişə yaşım on üçdü.

Əfsanələrə inanmasaydım:
o vaxtlar,
on üç yaşlı pişikləri azdırırmış adamlar
çox bilirmişlər-
yasaq şeylər görürmüşlər-
hərdən gecələr adamlar bir-birinə bənzərmiş,
hərdən gecələr
küçələrdə bir-birinə bənzər adamlar qaçışarmış səssizcə-
hər yerə baxıb, bir-birinə baxıb.
Çox bilirmişlər-
artıq səslər eşidirmişlər-
kimsə bağırarmış:
bağışladım, eşidirsənmi, baa-ğııış-laa-dıııım...

Pişiklər azmaz,
gedərlər dönməməyə,
qayıtmamağa,
küsməyə,
azdıqlarına inandırmağa,
məyus etməməyə-
tanrılar bilir...

yol uzun...
bir az üşüyəcəm-
birini soyuq tutacaqmış.
islanacam- kimisə yağış döyəcəkmiş.
yol kənarlarında
maşın vurmuş pişiklər görəcəklər-
bu qış bəlkə sərt keçdi bir az,
bacısı olanları şaxta vurmaz, soyuq tutmaz, yağış döyməz.
daha heç kimin on üç yaşında bacısı doğulmayacaq,
o gün mən tanrı olacam.
o gün hər yerə qaçıb nəsə axtaracaqlar,
nəsə bağıracaqlar,
yorulacaqlar, təngnəfəs olacaqlar-
mənimsə əlim qardaş kürəyinin ən ağrıyan yerindədir...

Bu da son!
balam yoxdu,
evimdən getmişəm
özüm də on üç yaşında -
daha nə qaldı ki?
gedirəm,
bütün azdırılmış,
balasını parçalamış pişiklərin,
tərk edilmiş evlərin eyvanlarından boylanan
tənhaların xətrinə,
küçə itləri kimi qorxub zingildəyən,
ulayıb qorxuzan sahibsiz sevgilərin,
bağışlamayan qardaşların uğruna-
gedirəm-
pişiyə dönməyə
azmağa
tanrı olmağa...


***


DEYİN
ona deyin bu köynəyin qolları...
arzuların arxasınca su atırdım,
onda islandı...
deyin onu yol gözləyir, ləngiməsin,
deyin onu evi gözləyir -
qapısı, pəncərəsi,
bacası olanlara güvənməsin...

QALXIN
ona evinin yolunu göstərin,
deyin ona yolların zolaqları soluxmuşu,
yol işarələri paslanmışı, oğurlanmışı ilə getsin.
deyin ona yolların haçasında dayansın bir az,
yollarrr...
haçasızz..
ollmazzz...
deyin ona yolların biri ilə getsin, arxa-arxaya,
o biri gözündən itənə qədər.
deyin ona bu dəfə yalan danışdım,
bu yol haça deyil ki,
üstünə eləcə qayçı şəkli çəkdim əhənglə,
istəsə silə bilər, amma əlinin arxasıyla,
yavaşca, ehmalca-
amma əgər qarşısına çıxan qadının gözünü siləcək olsa,
amma əgər qayıdanda yol yerində olsa...
Soruşun, “Yolu bəyəndinmi?”
Sonra şəhadət barmağınızı dodaqlarınıza yaxınlaşdırıb pıçıldayın:
“Sss... Yol azaddır, amma, azadlıq deyil”...


itələyin onu
yaşıllığını unutmuş meşənin
səsini, nəfəsini içinə çəkmiş yerinə
bunu özü istədi ki...
deyin ağlamasın,
bu günəşsizlikdə, bu baharsızlıqda,
bu yaşılsızlıqda,
bu insansızlıqda
agacların dibində üzü üstə yıxılmış yuvaları görəndə.
o qədər istədim ki,
küçələrdə dilənən pinti qadınların qucağındakı
üzü-gözü kirdən xumarlanan körpələri
köynəyimin altında,
sinəmin üstündə isitməyi...

ÜŞÜYÜRƏM...
deyin qoyub getsin,
üzüquylu düşən qaranquş balalarını zarıya-zarıya,
ürpənməsin
çəkmələrinin altında qalan körpə göyərçinlərin çığırtılarına,
ürpənməsin susmalarına- yollar belə gedilir...
deyin ona, yorulsa, söykənməsin ağaclara,
üşüdər, budaqlarındakı
arzularının arxasınca su atmışların,
evinin yolunu itirmişlərin yaş köyəkləri- aslıb qurumağa,
yarpaq olmağa...

BU DƏQİQƏ
çıxartsın çəkmələrini,
bağlı yolların kilidini yalın ayaqlar açar,
yolu yalınayaqlılar qayıdar,
ayaqyalınlar azad olar...
deyin, yanından
qırmızı-qara velosiped təkərlərini dığırlayıb qaçan adamlar görsə,
bilsin, evinə ondan qabaq çatanlar var,
bir az da ləngisə...

BİR DƏ
deyin ona, getsin,
dayanmasın,
qulağına qəfil arxandan, sağdan, soldan,
bir də budaqlarından nəm köynəklər asılmış ağaclardan
körpə gülüşləri gəlsə də...
körpələr eləcə gülsə, gülsə, gülsə də...


***


Səni görüm ölkə-ölkə,
səni görüm şəhər-şəhər,
səni görüm küçə-küçə olasan,
eşidəndə: “o qız ümid-ümid öldü,
o qız arzu-arzu getdi,
tikəsi gəlmədi ələ-dəfn etməyə”.

Səni görüm sevinəsən-
pəncərələrin altından çörək qırığı tapanda,
Qaçıb Kafkanın qəbrinin sağında yer qazanda,
basdıranda,
üstünə:
“Dombagözlüm, siçanım, qurbağam burda yatır”- yazanda.

Səni görüm ömrü boyu yerimi hamıdan gizlədəsən,
hər səhər qəbrimi quşlar tapa-aça, sən örtəsən.
hirslənəsən,
üzünü göylərə tutub:
“quşlarına yiyə dur”-deyəsən.

səni görüm evlənəsən,
toy günündə iki subayın qəbrinə bir xonça tutub gələsən.
xonçanı Kafkaya verərsən:
“Səni and verirəm Milenanın əllərinə,
gözlərinə, ona de yuxuma gəlsin, sözüm var,
bircə dənə…
bircə dəfə…”.
Səni görüm xoşbəxtliyinə gedəsən,
səni görüm heç vaxt məni yuxunda görməyəsən.

Səni görüm ata olasan!
Evinə siçanlar girsin- birini öldürməyə,
qovmağa əlin gəlməsin.
bir sabah oğlun zəhərləyib qırsın siçanları.
Səni görüm baba olasan!
Nəvən gölməçədə daşlayıb vursun qurbağaları.
“Səni görüm…
Səni görüm...”- deyə-deyə qalasan,
Səni görüm ömrü boyu siçan ölüsü görəsən,
Ölü qurbağa tapasan…

Səni görüm ömrün boyu xəstələnməyəsən,
ölməyəsən.
Səni görüm ölkə-ölkə yaşayasan,
şəhər-şəhər qalasan,
səni görüm küçə-küçə olasan.
Səni görüm çörək-çörək axtarasan,
qırıq-qırıq tapasan.
Səni görüm ömrün boyu ovcunu bərk-bərk sıxıb
Kafkanın qəbrigilə qaçasan.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG